Etiraz aksiyalarına tibb işçiləri və pensiyaçılar da qoşulublar

post-img

Iranda hakim rejim əleyhinə geniş xalq kütlələrinin etirazları davam edir. Son vaxtlar əhalini narazı salan əsasən əmək haqqı və pensiyaların verilməməsidir. Bununla bağlı aksiyalar artıq, demək olar ki, bütün ölkəni bürüməkdədir. Aprelin 9-da da bir neçə şəhərdə təqaüdçülər növbəti ertiraz aksiyası keçiriblər. Məlumatı GunazTV verib.

Narazı insanlar yeni büdcə ilində onla­ra ayrılan təqaüdün mövcud inflyasiyaya uyğun olmadığını və hüquqlarının dövlət tərəfindən qorunmadığını deyiblər. Müxtə­lif şüarlarla hökumətin təqaüdçülərə qarşı siyasətinə etiraz edən aksiyaçılar iflasa uğramaqda olan dövlətin vətəndaşlara düşmən münasibət bəslədiyini bildiriblər.

Aprelin 10-da Güney Azərbaycanın Qəzvin şəhərində tibb işçiləri etiraz aksi­yası keçiriblər. Əyalətin valilik binası qar­şısına toplaşan narazı tibb işçiləri əmək haqlarının az olmasına etiraz ediblər. Bundan başqa, onlar işlə bağlı təzminatla­rın olmadığını və qanunla nəzərdə tutulan bəzi ödənişlərin verilmədiyini də bildiriblər. Narazı işçilər pandemiya dövründə iş saa­tından artıq işlədiklərinə baxmayaraq, heç bir ödəniş almayıblar.

Qeyd edək ki, əmək haqqının azlığına və dövlət tərəfindən yetərli qayğı görmə­diklərinə görə son illər həkim, tibb işçisi və tibb bacılarının xaricə axını çoxalıb. 

Bir müddət əvvəl İran Tibb İşçiləri Təşkilatının sədr müavini Məhəmmədta­ğı Cahanpur da İran Səhiyyə Nazirliyinin idarəçilik sistemini tənqid edib və tibb ba­cılarının mühacirətinin artdığını bildirib. O, nazirliyin tibb bacılarına qarşı mövsümi işçi kimi davrandığını, onlara qarşı haqsız­lıq edildiyini və bu səbəbdən hər ay 100-150 tibb bacısınn ölkəni tərk etdiyini deyib. Onun sözlərinə görə, hazırda İranda 100 min tibb bacısı çatışmır. 

Bundan əvvəl İran parlamenti səhiyyə komissiyasının başçısı Hüseynəli Şəhri­yari də son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini söyləyib. “Ca­van” saytı isə həkimlərin əmək haqlarının azlığı səbəbindən Türkiyə və Omana mü­hacirət etdiklərini yazıb.

Ölkədə etiraz aksiyalarının iştirakçı­larına qarşı sərt cəza tətbiqi də davam edir. Hətta cəza bəzən o qədər ağır olur ki, bir çox məhkəmələrin qərarları sonra­dan yuxarı instansiyalarda dəyişdirilir. Son etiraz aksiyalarında həbs edilən azərbay­canlı gənc Səhənd Nurməhəmmədzadə də belə bir tale yaşayıb. Tehran İnqilab Məhkəməsi onu əvvəlcə edam cəzasına məhkum edib. Ancaq o, şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məh­rumetmə, 5 il sürgün və 74 şallaq cəzası­na dəyişdirilib.

Məcburi hicab qaydalarını pozanlara qarşı da mübarizə gücləndirilir. Hökumət və parlament məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlər hazırlayıb. Dünən İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei də bununla bağlı yeni göstərişlər verib. O, məhkəmə orqanlarına və məmurlara hicabsızlara qarşı mübarizədə polis və təhlükəsizlik əməkdaşları ilə birlikdə fəaliyyət göstər­məyi tapışırıb: “Sosial anomaliyalar halın­da xüsusi məqsədlər güdən xarici casus şəbəkələri ilə əlaqəli cərəyan və şəxslərin aşkarlanmasında təhlükəsizlik və polis qu­rumları ilə sıx əməkdaşlıq edilsin”.

Bir müddət əvvəl İranın dini rəhbəri Əli Xameneyi hicabsızları “düşmən dövlətlə­rin casusu” adlandırmışdı. 

Hicab qaydalarının pozulmasına görə bu günlərdə Çalus və İştəhard şəhərlə­rində 17 iş yerinin lisenziyası ləğv edilib. Həmin şəhərlərinin polis idarələrinin yay­dığı məlumatda bildirilib ki, iş yerlərinin bağlanmasına səbəb onların məcburi hi­cab qaydalarını pozan müştərilərə xidmət göstərmələri və “İslam şəriət qaydaları”na qarşı çıxmaları olub.

Qeyd edək ki, son bir neçə həftədə İranda məcburi hicab qaydalarına riayət etməməyə, Ramazan ayında müştərilərə xidmət göstərməyə, musiqi səsləndirməyə və digər səbəblərə görə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib.

İnsan haqları təşkilatlarının hesabat­larına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın İranın hökumət məmurları tərəfindən öl­dürülüb. Məcburi hicab qaydalarına etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün zorakılığa məruz qalıb.

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Son xəbərlər