Azər Paşa Zəfər oğlu Nemətov

post-img

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir. 

Azər Paşa Nemətov 1947-ci il avqus­tun 13-də Bakı şəhərində anadan olmuş­dur. Bülbül adına orta ixtisas musiqi mək­təbini bitirdikdən sonra o, 1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır. 

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər So­veti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assis­tenti kimi başlayan Azər Paşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quru­luşçu rejissor işləmişdir. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyəti­ni yenidən Azərbaycan Dövlət Gənc Ta­maşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbay­can Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir. 

Azərbaycan teatr sənətinin inkişafın­da Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji ir­sinin dəyərli nümunələrinə quruluş verdi­yi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiyməti­ni almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nü­mayiş etdirilmişdir. 

Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni­versitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejis­sorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai hə­yatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür. 

Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətlən­dirilmişdir. O, 1987-ci ildə “Əməkdar in­cəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatların­dan olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərə­cəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir. 

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azər Paşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəl­bində həmişə yaşayacaqdır. 

Allah rəhmət eləsin! 

 

İlham ƏLİYEV, Mehriban ƏLİYEVA,
Əli ƏSƏDOV, Sahibə QAFAROVA,
Samir NURİYEV, Eldar ƏZİZOV,
Fərəh ƏLİYEVA, Adil KƏRİMLİ,
Anar RZAYEV, Firəngiz ƏLİZADƏ,
Fərhad XƏLİLOV, Şəfiqə MƏMMƏDOVA,
Rasim BALAYEV, Hacı İSMAYILOV

Son xəbərlər