Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə aprelin 11–12-də Özbəkistanda Şuşa Günləri silsilə tədbirlər düzənlənəcək.
Tədbirin keçirilməsində məqsəd TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.
Daşkənd şəhərində Heydər Əliyev adına AMM-də baş tutacaq Şuşa Günləri tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin nümayişi, poeziya kompozisiyaları və konsertlərin keçirilməsi nəzərdə tutulub. “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək və beynəlxalq konfrans işə başlayacaq.
Konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, digər diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqlar iştirak edəcəklər. Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.
Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam üçlüyü Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları təqdim edəcək. Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edəcək. Özbəkistanın Xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və “Özbəgim yoshlari” musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.
Şuşa Günlərinin ikinci günündə isə Daşkənddəki “Turan” kitabxanasında baş tutacaq tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan parlamentləri deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub. Kitabxanada, həmçinin AMM-nin layihəsi ilə özbək dilində ilk dəfə çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediləcək.
Silsilə tədbirlər çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Çoxsaylı qonaqların qatılacağı tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulub.
Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndələrindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, xüsusən də XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olan qadın libaslarının sərgisi keçiriləcək.
Qeyd edək ki, Şuşa Günləri tədbirlərinin davamı olaraq Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və bu ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədi ilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.
Qulu KƏNGƏRLİ,
Daşkənd

