Zəfər strategiyası

post-img

Mahiyyətindən asılı olmayaraq, hər bir tarixi hadisənin əsl dəyərini verməyə qadir olan ən ədalətli hakim zamandır. Bu baxımdan 2018-ci il 11 apreldə keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü hadisə kimi fövqəladə tarixi və siyasi əhəmiyyətə malikdir. Tarixi Zəfərin zəmini, ərazi bütövlüyümüzün təmin olunmasının yol xəritəsinin start nöqtəsi kimi qiymətləndirilən bu seçkilərin zəruriliyi bir sıra mühüm amillərlə bağlı olmuşdur. 

Əvvəlcə onu qeyd edək ki, hüquqi baxımdan 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum­da çox vacib bir məsələ həllini tapmışdı. Konstitusiyanın 101-ci maddəsinə dəyi­şiklik edilərək, dövlət başçısının səlahiy­yət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdi.

Növbədənkənar prezident seçkiləri­nin keçirilməsini zəruri edən əsas amil Azərbaycanın Ermənistan tərəfindən 25 ildən artıq bir müddətdə davam edən iş­ğalına tezliklə son qoymaq məqsədinə bağlı idi ki, bunun üçün də dövlətin re­surslarının səmərəli şəkildə təmərküzləş­məsinə ehtiyac duyulurdu. Ölkə daxilində həm konseptual, həm də struktur xa­rakterli islahatları sürətləndirərək, çevik idarəetmənin qurulması da məhz bu hə­dəflər sırasında idi. Eyni zamanda, lazımi nəticəyə nail olmaq üçün xalq–iqtidar bir­liyinin əhəmiyyətini heç bir halda nəzərə almamaq mümkün deyil. Bu baxımdan seçkiləri xalqın hakimiyyətə etimad sə­viyyəsinin ölçülməsi üçün bir sınaq kimi də dəyərləndirmək lazımdır. Digər tərəf­dən, müxtəlif dövlətlər arasında münasi­bətlərin gərginləşməsi və proqnozlaşdı­rılması çətin olan mürəkkəb beynəlxalq şərait dövlət idarəetməsində ləngimə­dən müvafiq addımların atılmasını tələb edirdi. Regional və qlobal miqyasda bir-birini əvəzləyən geosiyasi proseslər və tendensiyalar fonunda keçirilən de­mokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiril­məsi kimi vacib hədəfə yönəlmişdi. 

Xüsusilə, “Dağlıq Qarabağ” mü­naqişəsinin həll edilməsi ilə ərazi bü­tövlüyümüzün təmin olunması kimi ağır problem öz həllini gözləyirdi. Çünki 25 ildən artıq müddətdə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun tam fəaliyyətsizliyi və bu məsələdə bir sıra beynəlxalq təşkilatların Ermənista­nın xeyrinə ikili standartlar tətbiq etməsi işğal faktorunun aradan qaldırılmasının hərb variantını gündəmə gəlməsi üçün obyektiv əsaslar formalaşdırmışdı. Digər tərəfdən, əvvəlkı tarixi dövrlərdə olduğu kimi, guya, məsələnin həllinin mümkün­süzlüyü baxımından reallıqla barışaraq, Ermənistana güzəştə getmək, zaman faktoru üzərindən azərbaycanlıların ye­tişməkdə olan gənc nəslinə bu problemi unutdurmaq taktikasının qarşısı alınmalı idi. Bu tarixi vəzifəni yerinə yetirmək üçün isə ilk növbədə, dövlətin idarəetmə siste­minin daha çevik və mütəhərrik şəkildə, möhkəm dayaqlar üzərində qurulması vacib idi. 

2018-ci il növbədənkənar prezident seçkilərində YAP-ın namizədi, partiyanın sədri cənab İlham Əliyev 86 faizdən çox səslə yenidən növbəti 7 il üçün xalqın böyük etimadını qazandı. Qeyd edək ki, tam demokratik və şəffaf şəraitdə ke­çirilən seçkiləri 60-dan çox təşkilat, 60-a yaxın ölkədən 900-dək beynəlxalq mü­şahidəçi izləmişdir.Yerli müşahidəçilərin sayı isə 58 mindən çox idi. Təbiidir ki, qərəzli münasibətdən doğan bəzi mənfi rəylər, bütövlükdə, seçkinin obyektiv və ədalətli nəticələrinə təsir göstərə bilməz­di və bu baxımdan sonda hər kəsin bu reallığı qəbul etməsi məntiqli və qanu­nauyğundur. 

Burada xüsusi olaraq qeyd etmək istərdim ki, cənab İlham Əliyevin növbəti müddətə dövlət başçısı seçilməsində mühüm rol oynayan məqamlardan biri onun əvvəlki seçki kampaniyaları za­manı Azərbaycan xalqına verdiyi bütün vədlərin yerinə yetirməsi idi. “Nəyi nə za­man və necə etməyin” məsuliyyətini hər kəsdən yaxşı dərk edən, bunu öz əməli ilə sübut edən və nəticələr barədə xalq qarşısında hesabat verən dövlətimizin başçısı inauqurasiya mərasimindəki proqram xarakterli nitqində göstərdi ki, o, növbəti mərhələdə də yerinə yetiril­məli olan milli vəzifələr haqqında geniş təsəvvürə və aydın viziona malikdir: “…Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planla­rımız, proqramlarımız var… Güclü si­yasi iradə, böyük maliyyə resurslarımız var… Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nik­binliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azər­baycan vətəndaşları daha da yaxşı yaşa­sınlar…” 

Seçkilərdən dərhal sonra ölkədə is­lahatların keyfiyyətcə yeni mərhələsinə start verildi, yeni dövlət proqramları işlə­nib hazırlandı. Bugünədək davam edən islahatlar dövlət quruculuğundan tutmuş sosial-iqtisadi sahəyədək ölkə həyatının bütün spektrlərini və inkişaf istiqamətlə­rini əhatə edir, müasir və çevik idarəet­mə ilə bağlı qərarlar reallaşdırılır. Müs­bət dəyişikliklər, ilk növbədə, özünü yeni hökumətin formalaşdırılması, mütərəqqi və səmərəli iş üslubunun tətbiqi, idarə­çilik sahəsində təcrübəli şəxslərin və peşəkar insanların müxtəlif məsul siya­si vəzifələrə təyin olunması ilə davam etmişdir. Qanunçuluğun möhkəmləndi­rilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsini hədəfləyən 2019-cu il 3 aprel tarixli Prezident fərmanı, eyni za­manda, mahiyyətcə yeni şəraitdə, bütöv­lükdə, ölkə üzrə həyata keçirilən islahat­lar kursuna dəstək məqsədi daşıyır.

Bu islahatlar hakimiyyətin qanunve­ricilik qolundan da yan keçməyib. Yeni Azərbaycan Partiyasının təşəbbüsü əsa­sında 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri, bü­tövlükdə, ölkə üzrə həyata keçirilən isla­hatların məntiqi davamı və tərkib hissəsi kimi dəyərləndirilir. VI çağırış Milli Məc­lisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin nəticələrinə yüksək qiymət verməklə yanaşı, həm də yeni seçilmiş deputatlara öz tövsiyələrini çatdırmışdır: “Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi siste­min formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir...” Məhz bu seçkilərdən sonra ölkədə yeni siyasi konfiqurasiya təşəkkül tapmış və keyfiyyətcə yeni tər­kibdə formalaşmış Milli Məclis siyasi plü­ralizm prinsipləri gözlənilməklə milli ma­raqlar üzərindən siyasi həmrəylik və birlik platforması kimi daha səmərəli fəaliyyət göstərməkdədir. 

Milli qanunvericiliyimizin daha mükəm­məl əsaslar üzərində qurulması üçün bü­tün səylər səfərbər olunmuşdur. Qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil et­diyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunla­rın qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf və müxalifət nümayəndələri olan deputatlar da əsas etibarilə dövlət başçı­sının siyasətini dəstəkləmişlər.

Prezident İlham Əliyevin həyata ke­çirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayır. Faktiki olaraq qarşıya qoyu­lan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır. Bu müasirlik həm idarəetmədə, həm kor­rupsiyaya qarşı mübarizədə, həm vətən­daş-məmur münasibətində, həm iqtisa­diyyatın yeni müasir qaydalarla idarə olunmasında və həm də ölkənin sosial rifahında, əhaliyə göstərilən qayğıda özünü göstərir.

Nəticə etibarı ilə deyə bilərik ki, İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 5 il ərzində Azərbaycan öz tarxinin ən şanlı dövrünü yaşamışdır. Bu illər ərzində ölkəmiz sürətli inkişaf və intibah dövrünə qədəm qoymuşdur. 2015-ci ildən vüsət almış qlobal iqtisadi böhrandan minimum zərərlə çıxan, dünyada baş verən siyasi kataklizmlərin təsirini neytrallaşdırmağa və hətta, bu vəziyyətlərdən bəhrələn­məyə nail olan Azərbaycan növbəti mər­hələdə çevik siyasi və diplomatik gediş­lərlə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən nüfuzlu beynəlxalq aktora çevrilmişdir. İlham Əliyev bu illər ərzində yorulmadan çalışıb, bütün bey­nəlxalq tribunalardan milli maraqlarımızı müdafiə edib. Bizim səsimiz BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu bey­nəlxalq təşkilatların yüksək tribunaların­dan gəlir, qlobal güclər Azərbaycan lide­rinin mövqeyi ilə hesablaşırlar. Regionda İlham Əliyevin imzası olmadan heç bir layihə həyata keçirilə bilməz.

Ona görə də təsadüfi deyil ki, Prezi­dent İlham Əliyevin xarici siyasət strate­giyası dünya ictimaiyyəti tərəfindən təq­dir olunan nümunə kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviy­yədə qurduğu bütün əlaqələr bərabər­hüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Bu illər ərzində qardaş Türkiyə ilə qarşılıq­lı münasibətlərimiz pik nöqtəyə qalxdı, Türk Dövlətləri Təşkilatındakı səmərəli fəaliyyət bu çərçivədə ölkəmiz üçün yeni imkanlar yaratdı. BMT Təhlükəsizlik Şu­rasının 5 üzvündən biri olan nəhəng Ru­siya ilə müttəfiqlik məsələlərinə dair Bə­yanat Azərbaycanın Avrasiya məkanına daha geniş inteqrasiyası üçün üfüqlər açmaqla yanaşı, ölkəmizi mümkün təh­lükələrdən sığortalamış oldu. 

Təsadüfi deyil ki, bu gün Avropa İtti­faqı və ABŞ Azərbaycanı özlərinin strateji tərəfdaşı kimi qəbul edirlər. Azərbayca­nın dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliye­vin davamlı səyləri və təşəbbüskarlığı sayəsində ölkəmiz dünya çapında lider­lər sırasına çıxmış və inamla öz mövqe­yini daha da möhkəmləndirməkdə davam edir. Bu gün bir çox yüksək nüfuzlu bey­nəlxalq tədbirlərə evsahibliyi edən pay­taxt Bakı dünya ölkələrinin nəzərlərinin məhz Azərbaycanda fokuslandığı plat­formaya çevrilib.

Qürurvericidir ki, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan multikul­tural dəyərlər üzərindən Şərqlə Qərbin ən üstün keyfiyyətlərini özündə birləş­dirən yeni nəsil müstəqil dövlət modelinin daha mükəmməl əsaslarını formalaşdır­mışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyev ideologiyasının tərkib hissəsi olan azərbaycançılıq məfkurəsi yeni çağırışlar fonunda daha səmərəli şəkildə inkişaf etmiş, dövlət səviyyəsində Azərbaycan diasporunun bütün coğrafiyasını əhatə edən genişmiqyaslı fəaliyyət formalaş­mışdır. 

Mübaliğəsizdir ki, bu dövrün ən parlaq səhifəsi 44 günlük Vətən müharibəsin­də xalqın etimadına və ordunun gücünə arxalanan Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Qarabağı işğaldan azad etməsidir. Hər fürsətdə “Azərbay­can xalqı bu işğalla heç vaxt barışmaya­caq… biz öz torpaqlarımızı azad edəcə­yik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq…”, deyə dünyaya ismarıc verən dövlətimizin başçısı Vətən torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün siyasi, hərbi, diplomatik və ideoloji fəaliyyətin dəqiq konturlarını cızmağı bacardı və sonda ulu öndər Hey­dər Əliyevin ən böyük vəsiyyətinə əməl etdi. Beləliklə, 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Azərbaycan Prezi­denti cənab İlham Əliyevin dilindən böyük əminlik və qətiyyətlə səslənmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin tarixi və siyasi məzmunu “dəmir yumruğ”un əyilməz qüd­rəti sayəsində öz haqqına qovuşdu. 

Sonrakı mərhələdə əldə edilmiş hər­bi nailiyyətlərin siyasi-diplomatik uğu­ra çevirmək yönündə mühüm addımlar atılmışdır. Bu baxımdan “biz həmişə real nəticələri hədəf seçirik”– söyləyən cənab İlham Əliyevin Qarabağın azadlı­ğı uğrunda göstərdiyi qətiyyət xalqımızın qürur mənbəyinə çevrilib və bu, müasir təqvimə qızıl hərflərlə həkk olunub.

Bütövlükdə isə alınan nəticələr öz növbəsində ölkəmizin davamlı uğurlarını və artan beynəlxalq nüfuzunu həzm edə bilməyən bəzi xarici qüvvələrə və onların daxildəki havadarlarına – radikal müxa­lifətə tarixin tutarlı cavabıdır. 2021-ci il martın 5-də YAP-nın VII qurultayındakı nitqində ümummilli məsələlərdə heç bir fərqli fikrə yer olmadığını dilə gətirən cənab İlham Əliyev cəmiyyətin sarsıl­maz həmrəylik ideyası ətrafında birləş­məsini qarşıya qoyulan məsələlərin həlli üçün vacib şərt kimi dəyərləndirmişdir: “Ümumi məsələlər Qarabağ məsələsi­dir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu si­yasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələ­cək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var… bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasın­da otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər”.

Postmüharibə dövrü nəinki ölkə daxi­lində və Cənubi Qafqaz regionunda, hətta, bütövlükdə beynəlxalq miqyasda Qələbənin doğurduğu yeni reallıqlarla səciyyələnir. Qarabağ torpağının dirçəl­dilməsi istiqamətində nəhəng layihələr – beynəlxalq hava limanlarının tikilməsi, “ağıllı kənd”lərin salınması, müasir inf­rastrukturun formalaşması və s. həyata keçirilir. Artıq Ali Baş Komandanın rəh­bərliyi altında düşməndən təmizlənən ərazilərə, o cümlədən Şərqi Zəngəzura “Böyük qayıdış” başlayıb. Növbəti hədəf­lərimiz isə daha uzaqlara istiqamətlidir.

Azərbaycan bölgədə sülhün və sabit­liyin bərqərar olması üçün bütün müm­kün vasitələrdən istifadə edir. Son illər baş verən hadisələrin gedişindən belə qənaətə gəlmək olar ki, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri, Er­mənistanla münasibətlərin məhz Azər­baycan tərəfinin təqdim etdiyi təkliflər əsasında tənzimlənməsi istiqamətində diplomatik uğurlarımız və getdikcə daha da qüdrətlənən ordumuzun imkanları bu problemin tezliklə aradan qalxması üçün kifayət edəcək. 

Beləliklə, 2003-cü ildə ilk dəfə pre­zident seçildikdən sonra özünü xalqın birinci xidmətçisi elan edən, ötən 20 il ərzində sözlə əməlin vəhdət nümunəsi­ni yorulmaz fəaliyyəti ilə sübuta yetirən cənab İlham Əliyev Azərbaycan tarixinin son 200 illik kəsimində ən möhtəşəm na­iliyyətlərə imza atmış, ulu öndər Heydər Əliyevin yarımçıq qalmış ideyalarını uğurla başa çatdırmışdır. Bu gün bu pro­ses daha mükəmməl şəkildə, müasir ça­ğırışlar fonunda, yeni keyfiyyətdə davam etdirilməkdədir.

Tam məntiqlidir ki, Azərbaycanda mərhələli şəkildə həyata keçirilən bu si­yasi kursun uğuru böyük strategiyanın tərkib hissəsi olan ağıllı taktiki gedişlərlə şərtlənir. Bu baxımdan zamanla da təs­diq olundu ki, növbədənkənar prezident seçkiləri ilə Qarabağ Zəfəri arasında in­karedilməz üzvi bir bağlılıq mövcuddur. Bu seçkilərin keçirilməsi ilə bağlı qərarın və sonraki siyasi addımların özünü tam şəkildə doğrultmasından doğan əsas məntiq isə ondan ibarətdir ki, 2018-ci il aprelin 11-də cənab İlham Əliyevə səs verməklə xalq ulu öndər Heydər Əliyev ideologiyasına sadiq olduğunu bir daha nümayiş etdirmişdir.

 

Əli HÜSEYNLİ,
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Sosial həyat