“Yumşaq diplomatiya” yaxud “saman altından su yeritmək” siyasəti

post-img

Azərbaycana qarşı yerdə-göydə hər cür təxribatlara əl atan, daxildə minbir üsulla qarışıqlıq salmağa çalışan, Xəzərdə hərbi parad keçirən, amma bunların heç bir fayda verməyəcəyini görən Tehranın molla rejimi indi də Bakı ilə “mehriban qonşuluq” prinsiplərinə söykənən “yumşaq diplomatiya” ritorikası ilə danışmağa başlayıb. Amma onun yaxın keçmişdə də yararlandığı bu növ təşəbbüslərində nə qədər qeyri-səmimi, fürsətcil və riyakar olduğunu hətta siyasətdən uzaq sıravi azərbaycanlı da yaxşı bilir. 

Təhdiddən yumşalmaya aparan səbəblər

Aprelin 7-də və 8-də Azərbaycan və İran XİN başçıları Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında tele­fon danışığı olub. Bu diplomatik dialoq barədə hər iki ölkənin rəsmi açıqlama­sında siyasi ritorikanın yumşaqlığı möv­cud gərginliyin aradan qaldırılmasına hesablandığı aydın sezilir. Bunun səbə­bini uzaqda axtarmağa gərək yoxdur. İs­railin Qüdsdəki Əl-Əqsa məscidinə silahlı basqınından dərhal sonra Türkiyə və İran prezidentləri arasında baş tutan telefon danışı da aprelin 7-nə təsadüf edib. Çox güman ki, Rəisi ilə Ərdoğan arasındakı telefon danışığında Ankara Tehrana Bakı ilə münasibətlərində “qırmızı xətt”i keç­məməyin vacibliyini başa sala bilib.

Rəsmi məlumatlarda isə iki ölkə li­derinin telefon danışığının əsas mövzu­sunun İslam dünyasında həmrəyliyin vacibliyi olduğu bildirilib. Burada diqqət­çəkən önəmli məqam ondan ibarətdir ki, dövlət başçılarının telefon təmasının ardınca son günlər siyasi qarşıdurma sə­viyyəsinə çatdırılan Azərbaycan və İranın xarici işlər nazirləri arasında ard-arda iki gün telefonla danışıblar. 

Fəqət XİN rəhbərləri səviyyəsində danışıqların İran-Azərbaycan münasibət­lərində son vaxtlar körüklənən gərginliyi dərhal aradan qaldıracağı qənaətini və arxayınlığını yaratmamalıdır. Çünki həm İranın, həm də Azərbaycanın daxilin­də qarşılıqlı münasibətlərin məhz indiki məqamda siyasi qızmarında qalmasına çalışan qüvvələr, maraqlı tərəflər var. Bu qüvvələrin bundan sonra sakit duracaq­larını düşünmək sadəlövhlük olardı. Hü­seyn Əmir Abdullahian “düşmənlər İranla Azərbaycan arasındakı problem və gər­ginlikdən faydalanırlar” cümləsini də tə­sadüfən işlətməyib. İranın baş diploma­tının düşmənlər dedikdə kimləri nəzərdə tutduğu məlumdur. Bu yanaşma dəyiş­məyincə Tehrandakı teokratik rejimlə dil tapmaq çətin görünür. Bəli, ABŞ və İsrail sənin düşmənin ola bilər, amma Azər­baycanın hər iki dövlətlə qarşılıqlı ma­raqlara söykənən normal münasibətləri var. Və bu münasibətləri hansı müstəvi­də və hansı xarakterdə davam etdirmək üçün Bakı Tehrandan icazə almalı deyil. Özümüzü aldatmayaq. Nə qədər ki, İİR bu reallığı qəbul etməyib, münasibətlə­rin normallaşmasından danışmaq tezdir. Azərbaycan XİN-in başçısı C.Bayramov bunu telefon danışığında iranlı həmkarı­nın diqqətinə birmənalı şəkildə çatdırıb: “Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir”.

Siyasi avantüralara son? 

İndi İran Xarici işlər nazirinin dili ilə ərz edir ki, o, nəinki Bakıya təzyiq etmir, ək­sinə, daim qonşuluq prinsipinə sadiq olub, amma “Azərbaycan İrana qarşı cəbhə aç­dığını” nümayiş etdirir. Bəs, az əvvəl “si­onistlərlə əməkdaşlığın Azərbaycan üçün pis nəticələnəcəyini” ultimativ formada bə­yan edən, İsraildə səfirliyimiz açılan gün Bakıda millət vəkilimizə terror aktı düzən­ləməklə qonşusunu “cəzalandırmaqdan” belə çəkinməyən molla rejimi nədən dip­lomatik yumşalmaya qərar verdi? Bunu Tehranın Azərbaycanla hərbi-siyasi qar­şıdurmadan geri çəkilməsi, dövlətlərarası münasibətləri gərginləşdirməklə heç nəyə nail ola bilməyəcəyini anlaması kimi qə­bul etmək lazımdır. Cənubi Qafqazın lider ölkəsinə çevrilən, Avropanın enerji təh­lükəsizliyinin təminatçısı rolunu oynayan, beynəlxalq arenada qlobal təşəbbüslərlə çıxış edən Azərbaycanla təhdid və terror dilində danışmağın kimsəyə fayda gətir­məyəcəyini İrandan savayı region dövlət­lərinin hamısı qəbul edir. 

Azərbaycan bugünədək özünə qarşı törədilən bütün təxribatlara layiqli cavab verib, bundan sonra da belə olacaq. Nə­hayət, 30 il davam edən işğal dövründə soydaşlarımızın doğma torpaqlarından qovulmasına, məscidlərin haylar tərəfin­dən təhqir olunmasına göz yuman Tehra­nın dini rejiminin Qafanda, Ermənistanın isə Təbrizdə konsulluq açmasına şərait yaratmasını hansı qonşuluq və müsəlman birliyi prinsipləri ilə izah etmək mümkün­dür? Doğrudanmı İİR-in bundan sonra belə siyasi avantüralara son qoyacağına inanaq? Bəlkə də... Amma bir məsələ bizə dünən olduğu kimi bu gün də tam aydın­dır. Necə ki hayların şikəst düşüncəsinin təməlində türkçülüyə qarşı mübarizə da­yanır, eləcə də orta əsrlər zehniyyətinin daşıyıcısı olan fars-molla rejimi də türkün düşmənidir. Əslində, dini-anatomik cəhət­dən tam fərqli iki hakimiyyət modelini “qardaşlaşdıran” başlıca amil batillərində qarayaraya dönmüş mərəz - türklərə, türk­çülüyə bəslədikləri nifrətdir. 

İndi Tehranın “saman altından” yerit­diyi ikiüzlü və məkrli siyasətinin ardınca hansı taktiki gedişləri edəcəyini, sadəcə, güman etmək mümkündür. Gümanlar isə molla rejiminin regionda hər vəchlə öz ira­dəsini yeritməyə, xüsusilə də çoxçeşidli təhdidlərlə, guya, Bakını “ram etməyə”, öz günahı ucbatından itirdiyi nüfuzunu post­müharibə dövrünün yeni reallıqları çər­çivəsində bərpasına çalışdığını deməyə əsas verir. Bu zaman Tehran məqsədinə çatmaqdan ötrü Azərbaycana qarşı dip­lomatik təzyiq formaları ilə yanaşı, dini, hərbi-siyasi “təlim-yürüşləri”, hətta terror fəaliyyətini belə dövriyyəyə buraxmaq­dan çəkinmir. O, Ermənistanla sərhədini, Zəngəzur dəhlizini özü üçün “qırmızı xətt” elan etməklə, yəqin ki, qarşısında yalnız Azərbaycanı deyil, layihənin müəllifi sa­yılan böyük oyunçuları, o cümlədən Tür­kiyəni də görəcəyini göz altına almağa məcburdur. 

Problemləri yaradan Tehran özüdür 

Son otuz iki ildə, yəni müstəqillik döv­ründə Azərbaycan–İran münasibətləri hər müstəvidə qalxıb-enən dinamika ilə müşayiət olunub. Tehranın teokratik reji­mi nə Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin nəticəsini həzm və qəbul etməyi bacardı, nə də postmüha­ribə dövründə məğlub tərəflə münasibət­lərinə lazımi çəki-düzən vermək barədə düşündü. Tarixin səbəbləri görməyi ba­carmayanı nəticələrlə üz-üzə qalmağa məhkum etdiyini unutmağın fəsadları isə çox ağır olur. 44 ildir Tehranda bar­daş qurub əyləşmiş, İslamda məkruh sayılan təkəbbürü, az qala, “Mazandaran gölünə” sığmayan qeyri-islami rejimin bu gün həm yaxın qonşusu Azərbaycanla, həm uzaq xaricdəki opponentləri, həm də daxildə vətəndaşı ilə yaşadığı problemlə­rin kənkanı məhz özüdür. 

 

Fikrət SADIQOV,

politoloq

– İran düşünürdü ki, regionun ağası olacaq və Azərbaycana xarici siyasətində hansı addımları atmağın vacibliyini, kiminlə münasibətlər qur­mağın lazım olduğunu diqtə edəcək. Yəni, biz bütün bunları gedib onlar­dan soruşmalı idik. Xeyr, alınmadı. Biz addımlarımızı xarici siyasət pri­oritetlərimizə və milli maraqlarımıza uyğun atmışıq və atırıq. Bizim bu is­tiqamətdə atacağımız yeni addımlar da maraqlarımıza cavab verəcək. Təbii ki, bu zaman region dövlətləri­nin də marağı nəzərə alınacaq.

İslam dəyərlərindən danışan ölkə otuz illik işğal dövründə məscidlə­rimizdə donuz saxlayan Hayasta­na nəinki biganəlik nümayiş etdirir, onunla dostluq edir, hətta yardım göndərirdi. Bəli, Tehranın bu dav­ranışına yumşaq reaksiya verirdik, amma yeri gələndə sərt sözümüzü də deyirdik. Buna heç kəsin şübhəsi ola bilməz. 

İran Qafanda, İrəvan isə qədim Azərbaycan şəhəri Təbrizdə baş konsulluqlarını açırsa, buna necə reaksiya verməliyik? Biz də İsraildə səfirliyimizi təsis edəndə gedib kim­dənsə icazə almalıyıq? Əlbəttə, bü­tün bu məsələlər bizi narahat etməyə bilməz. Amma bu, heç də o demək deyil ki, Azərbaycan kiməsə zərbə endirmək fikrindədir. Sadəcə olaraq bizə maneçilik törətməsinlər və diqtə etməsinlər. 

Regionda sülh və sabitliyin tərəf­darı olan Azərbaycan rəsmi Tehranla danışıqlara da hazırdır. Elə iki ölkə­nin Xarici işlər nazirlərinin dialoqu bunun sübutudur.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət