Azərbaycan – İran: düşmən axtarmaq məntiqi, yoxsa səmimiyyət?

post-img

Məlum olduğu kimi, aprelin 7-də və 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Diqqətçəkən ilk məqam telefon danışığının dalbadal iki gün olmasıdır. Bu, münasibətlərdəki gərginlikdən xəbər verən, kifayət qədər ciddi göstərici sayıla bilər. Ancaq, heç şübhəsiz, iki gün davam edən təması, eyni zamanda, həmin gərginliyi aradan qaldırmağa yönəlmiş müsbət addım kimi də qiymətləndirmək mümkündür. Üstəlik, telefon danışığı zamanı bir çox məqamlara yetərincə açıq formada yanaşıldığını da nəzərdən qaçırmamalıyıq. Deməli, nazirlər “örtülü bazar – dostluğu pozar” deyimindən kənar dayanıblar. 

Başlayaq tərəflərin qarşılıqlı şəkil­də hər iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bildirmələrindən. Bu fikrin ifadəsi onu göstərir ki, münasibətlərdəki gərginlik fonunda ərazi bütövlüyünə və suve­renliyə hörmətsiz yanaşılma hallarının qeydə alındığı etiraf edilir. Hər halda, nazirlər bu məsələyə səbəbsiz toxun­mazlar. 

Reallığa gəlincə isə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İrandır. Bununla bağlı müxtəlif fikirləri bir kəna­ra qoyub, bu il martın əvvəlində İrana məxsus qırıcı təyyarənin Azərbaycan–İran sərhədi boyunca uçuşunu diqqətə çatdıraq. Nəzərə alsaq ki, belə hallar əvvəllər də yaşanıb. İranın XİN rəh­bərinin haqqında söhbət açdığı digər məsələlərdən də sezmək mümkündür ki, ərazi bütövlüyümüzə yanaşmada problemlər qalmaqdadır. Bu barədə söz açacağıq. 

Hələlik isə onu deyək ki, telefon danışığı zamanı iki ölkə arasında möv­cud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb, on­ların aradan qaldırılması üçün danı­şıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Əlbəttə, telefonla təmas iki gün davam edibsə, deməli, gərginliyi yaradan, eyni zamanda, anlaşılmazlıq­lardır. Müsbət hal odur ki, tərəflər du­rumun aradan qaldırılmasının vacibliyi üzərinə gəliblər və bu zaman Azərbay­canın XİN rəhbəri C.Bayramov ölkə­mizin milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlə­rinə hörmətlə yanaşılmasının vacibliyi­ni diqqətə çatdırıb. 

Son aylar baş verənlər onu göstə­rir ki, bu vacibiyyəti düzgün dəyərlən­dirməyən İrandır. Məsələn, Azərbay­can martın 28-də İsraildə səfirlik açıb, İran parlamenti isə Bakının öz işi olan məsələni müzakirəyə çıxararaq pis­ləyib. Normal məntiq bunu anlamaq­da çətinlik çəkir. C.Bayramov da cə­nab Abdullahianın diqqətinə məhz bu məqamı çatdırıb. 

***

Ümumən İran illərdir ölkəmizə mü­nasibətdə daxili işlərimizə hörmətlə yanaşmağı öyrənə bilməyib. Arazın bu tayındakı müstəqil Azərbaycan döv­lətinin varlığını həzm etməyib. Bakı bunun qarşılığında dözüm göstərib. Eyni zamanda, ümid edib ki, Tehran öz baxışlarında korrektələr aparacaq. Bakı, hətta, cənub qonşusuna ehtiram əlaməti olaraq, Azərbayacan dövlətinə və xalqına dost münasibətdə olan İsra­il Dövləti ilə münasibətlərini tamlaşdır­maqdan kənar dayanıb – uzun müddət Tel-Əvivdə ölkəmizin səfirliyi olmayıb.Yeri gəlmişkən, telefon danışığı za­manı İranın xarici işlər naziri azərbay­canlı həmkarına sionist rejimin (İsraili nəzərdə tutub – red.) region ölkələrinin birliyinə, təhlükəsizliyinə və tərəqqisinə qarşı sui-qəsdini vurğulayıb. Göründü­yü kimi, ölkəmizin İsraildə səfirlik aç­masından narahatlıq telefon danışığı­nın mövzusuna da təsir göstərib. 

Otuz ilə yaxın müddətdə Azərbay­canın torpaqları Ermənistanın işğalı altında qaldı. Söhbət regionun tərəqqi­sindən gedirsə, bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdla­rından didərgin düşməsi, kifayət qədər böyük ərazinin rəzil duruma salınması demək idi. Həmin ərazilərin insanının düşdüyü acınacaqlı vəziyyət də öz ye­rində. O zaman düşünək, İran indiyə­dək region ölkələrinin birliyinə, təhlükə­sizliyinə və tərəqqisinə xidmət edən addımlar atıbmı? Yəni, Tehran Cənu­bi Qafqaz adına hansısa mütərəqqi prosesin gerçəkləşməsinə çalışıbmı? Ədalətli mövqe tutubmu? Əlbəttə, yox! 

***

Bəli, illərlə Ermənistan özünün iş­ğalçı ampluası ilə regionun təhlükəsiz­liyinə ciddi təhdid yaratdı. O təhdidə son qoyulmasının təhlükəsizlik üçün vacib amil olduğu yetərincə dərk edi­lirdi. Amma Tehran işğalçı ilə işbirliyinə üstünlük verirdi. Bu gün də Ermənistan öz “mahiyyətindən” daşınmır. Ölkə re­gionun tərəqqisi baxımından mühüm layihə sayılan Zəngəzur dəhlizinin re­allaşmasına maneçilik törədir. İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçı­vanı birləşdirən quru və dəmir yolunun açılmasına maneçilik törədir. Ermənis­tanın siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla mövcud istiqamətdə üzərinə öhdəlik götürdüyü halda, bunun gerçəkləşməsinə qar­şı çıxır. Onun ən böyük dəstəkçisi isə İrandır. Tələm-tələsik şəkildə Qafanda konsulluq açaraq, erməni iqtidarının maraq və mənafeləri baxımından orta­ya prinsipial mövqe qoyan rəsmi Teh­randır. 

Hələ də İranın müxtəlif hakim da­irələrində və ona yaxınlığı ilə seçilən siyasi çevrələrdə Ermənistanın ərazi bütövlüyünün önəmi vurğulanmaqda­dır. Həmin çevrələr, eyni zamanda, Qarabağın Azərbaycanın nəzarə­tinə keçməsinin İranın milli maraqları baxımından yolverilməzliyini əsas­landırmaqdadırlar. Mövcud xüsusda bölgədəki separatçılığın dəstəklən­məsinə çağırışlar da ifadə olunmaq­dadır. Görəsən, cənab Hüseyn Əmir Abdullahian bunu regionun rifahına və tərəqqisinə zidd meyillər kimi nə üçün qiymətləndirmir? Elə bunun özü də Azərbaycanı saymamağın təzahürü­dür. 

***

İran anlamalıdır ki, otuz ilə yaxın davam etmiş işğal dövründə Azər­baycan dövləti və xalqı böyük məhru­miyyətlərlə üzləşdi. Ermənistan İranla birləşərək, taladığı torpaqlardan insan izini sildi. Ötən müddətdə qazanılmışlar erməni vandallarının qarət etdiyi qəbir­lərə gömüldü. İndi itirilmişlərin bərpası zamanıdır. Bunun üçün isə Azərbay­canın haqqı olan Zəngəzur dəhlizi re­allaşmalıdır. Məsələyə prinsipial baxış belədir və bu baxış Abdullahian, yaxud onun yerinə kim olursa-olsun, həmin şəxs tərəfindən dərk edilməlidir. Dərk edilməlidir ki, əsas olan məsələyə sə­mimi münasibətin göstərilməsi, qar­şılıqlı mənfəət və faydanın hesablan­masıdır, nəinki prosesə qarşı çıxıb kor inadın nümayiş etdirilməsi. Bir daha bildirək ki, burada böyük haqq var. Onu da nəzərə alaq ki, Azərbaycanın haqqı həm də ölkənin işğal nəticəsində itirdiklərinin təzminatıdır.

Ancaq o da görünür ki, İran dövləti o haqqı nəzərə almır və “sionist rejimi” tipli ifadələri ilə özünün ənənəvi baxış bucağından manipulyasiya yolu tutur. Bəli, İsrail Azərbaycanla dost ölkədir və bu dostluq kifayət qədər sınaqlardan çıxıb. Ancaq indiki halda İranın göstər­diyi müqavimət nəyədir? Əsas məsələ budur. İran Ermənistanı dəstəkləyir və mövcud xüsusda Azərbaycana qar­şı demarşlar səsləndirir. Fikrini belə əsaslandırır ki, guya, rəsmi Bakı sio­nist rejimi kimi qiymətləndirdiyi İsraillə işbirliyindədir. Axı, hər kimlə işbirliyi, bu öz yerində, ortada böyük həqiqət var. O həqiqəti danan, reallığa müqavimət göstərən Ermənistandır, ölkəni açıq şəkildə müdafiə edən isə İran. 

Tehran ermənipərəst mövqeyindən geri çəkilməli, obyektiv davranmalıdır. Bunu bacarmır və İsrail amilini gün­dəmə gətirir. Nəzərə almır ki, Bakının hansı dövlətlə münasibət saxlaması onun öz işidir. İranın XİN rəhbəri döv­lətimizin müstəqil siyasətinə hörmətlə yanaşıb, ümumiyyətlə, İsrail söhbəti­ni, sionist rejimi kimi ifadələri ortaya atmamalı idi. Ancaq, bu, baş verir və istər-istəməz, o nəticəyə gəlirik ki, İran dövləti yanaşmasında səmimi deyil. 

***

İkitərəfli münasibətlərdəki inkişafın, bəzi regional məsələlərin ətraflı mü­zakirəsinin aparıldığı telefon danışığı zamanı XİN rəhbəri Abdullahianın re­gion ölkələri arasında ixtilafların möv­cudluğunun yalnız düşmənlərin xey­rinə olduğunu vurğulaması da ayrıca məqamdır. Görəsən, İranın XİN rəh­bəri “düşmən” dedikdə hansı qüvvələ­ri nəzərdə tutur? Axı, regiondakı açıq düşmənçiliyin nədən qaynaqlandığı aşkardır – ixtilafın, təfriqənin mənbəyi Ermənistandır. 

Tehranın İrəvana dəstəyini vurğula­dıq. Hələ dəstəyin hərbi-texniki tərəfləri də var. Bu öz yerində. Amma hazırda Ermənistan özünün məkrli siyasətini davam etdirməkdə və regiona üçün­cü qüvvələri gətirmək istəyindədir. Bu baxımdan Fransanı vurğulamaq müm­kündür. İrəvan Parisin patronajlığı ilə Avropa İttifaqının, tərkibində silahlıların da yer aldıqları, mülki missiyasını Azər­baycanla sərhəddə yerləşdirməklə, re­gionda yeni reallıqlar formalaşdırmaq yolunda cəhdlər göstərir. Bu, həm də düşmənçiliyin davamı istiqamətindəki “təşəbbüsdür”. Belə olan halda İran, fəaliyyət dairəsinin bir ucu onun sər­hədini də əhatə edən, Aİ missiyasının mövcudluğunu özünə təhlükə kimi gör­mədiyini bildirirsə, deməli, Abdullahia­nın regional təəssübleşliklə bağlı fikir­ləri yalnız diplomatik manipulyasiyadır. 

***

Əlbəttə, Azərbaycanla İran ara­sında münasibətlərin sahmana salın­ması, narazılıqların aradan qalxması vacibdir. Ölkəmizə ortaq tarixi və mə­dəniyyəti bölüşdüyümüz İran dövləti ilə gərginlik lazım deyil. Əslində, gərginlik qarşı tərəfə də tam gərəksizdir. Nikbin­lik üçün hesab edək ki, XİN rəhbərləri arasında iki gün davam edən telefon danışığı bunun nəzərə alınması is­tiqamətində irəliyə doğru atılmış ad­dımdır. Ancaq bu addımın gələcəkdə səmərə verməsi üçün, ilk növbədə, Tehranın dürüst davranması, özünün ambisiyalarından əl çəkməsi, Azərbay­canın müstəqilliyini sözdə deyil, əməl­də nəzərə alması başlıca şərtdir. 

İran Zəngəzur dəhlizi ideyasının re­allaşmasına əngəl törətməməlidir. Hər halda, onun bu layihədən faydalanma­sı üçün kifayət qədər böyük imkanları var. İran üçün Ermənistanın ərazi bü­tövlüyü “qırmızı xətt” olmamalıdır. Həm də ona görə ki, onu pozmaq istəyən yoxdur. Azərbaycan, sadəcə, çalışır ki, İrəvan 44 günlük müharibədə məğlub tərəf kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Hazırda Azərbaycanın suveren ərazisi olan Qarabağda ermə­ni hərbi birləşmələri qalmaqdadırsa, ən azı buna görə öhdəlik yerinə yeti­rilmir və bu, İranın da maraqlı olduğu­nu bildirdiyi regional təhlükəsizliyə və sabitliyə zidd təmayüldür, nəinki Azər­baycan – İsrail əməkdaşlığının dərin­ləşməsi. 

Tehran onu da nəzərə almalıdır ki, ölkəmiz illərlə mehriban qonşuluq mü­nasibətlərinə sadiq qalıb. İrana qarşı ən sərt beynəlxalq sanksiyaların möv­cudluğu şəraitində ona baxışını də­yişməyib. İmkan verməyib ki, hansısa üçüncü qüvvə Azərbaycan ərazisini İrana qarşı plasdarm kimi istifadə et­sin. Əgər Tehran indi öz ambisiyalarını kənara qoyub, Bakı ilə səmimi müna­sibətlər saxlamağa qərar verəcəksə, əmin olmalıdır ki, Azərbaycan bu sə­mimiyyətə qarşılıq verəcək və əvvəlki kursunda qalacaqdır. İranın isə Azər­baycana münasibətdəki əvvəlki kur­sunu koordinal şəkildə dəyişməsi son dərəcə vacibdir. Bu, həm də regional tərəqqinin, inkişafın və təhlükəsizliyin mühüm şərtidir.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

 

Siyasət