…Aprelin 6-sı idi. Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşasının məşqi gedirdi. Elə bu zaman sənət məbədinin rəhbəri Azər Paşa müəllimin hər kəsi zala çağırdığı xəbər verildi. Aktyorlar ora yığışanda şən zarafatlar edən, deyib-gülən direktor, Xalq artisti Kazım Abdullayevin yubileyi olduğunu bildirdi və onu gül dəstəsi ilə səmimi təbrik etdi. Rəhbərin yaratdığı şən ovqatın sayəsində həmin gün hamının əhvalı daha da yaxşılaşdı. Tamaşanın məşqi isə daha da işgüzar şəraitdə keçdi və kimsə yorğunluq hiss etmədi.
Aprelin 10-da isə diqqətcil və qayğıkeş direktor qəfildən həyata əlvida dedi. Kimin ağlına gələrdi ki... Həmkarlarının bildirdiyinə görə, halı pisləşən zaman evdə tək olan Azər Paşa müəllim sürücüsünə zəng edərək vəziyyətinin yaxşı olmadığını deyib və qapını da açıq qoyub. Sürücü gəlib içəri girəndə görüb ki, böyük sənət fədaisi qonaq otağında yıxılıb...
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, dövlət və hökumət rəsmilərinin imzaladıqları nekroloqda qeyd olunur ki, Azərbaycan teatr sənətinin inkişafında Xalq artisti, 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri- baş rejissoru və direktoru Azər Paşa Nemətovun sənətkar kimi özünəməxsus xidmətləri vardır. “Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir”.
Bəli, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin “teatrın generalı” saydığı Azər Paşa Nemətov da beləcə fani dünyanı tərk etdi. Teatr sahəsində xidmətlərinə görə Əməkdar incəsənət xadimi, daha sonra Xalq artisti fəxri adlarına, “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordenlərinə layiq görülmüş dəyərli insan bundan sonra həzin xatirələrdə yaşayacaq.
O, milli teatrımızın tarixinə adını qızıl hərflərlə yazmış unudulmaz rejissor Zəfər Nemətovun yadigarı idi. Görkəmli rejissor, pedaqoq, ictimai xadim, Əməkdar incəsənət xadimi olmuş, yüzdən artıq tamaşaya quruluş vermiş və daim ehtiramla yad edilən ata Nemətovun yolunu oğul Nemətov layiqincə davam etdirib.
Mərhumla doğma teatrda keçirilən vida mərasimində çıxış edənlər vurğuladılar ki, Azər Paşa Nemətovun yoxluğu Azərbaycan mədəniyyətinə böyük itkidir. O, yaradıcılıq fəaliyyətinə 51 il əvvəl Gənc Tamaşaçılar Teatrında başlayıb, rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışaraq bu teatrın inkişafında mühüm xidmətlər göstərib. 1974–76-cı illərdə Leninrqradda (indiki Sankt–Peterburq) gənclər teatrında rejissor-stajor vəzifəsində çalışıb. Yaradıcı fəaliyyəti boyunca Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfrans və forumlarında iştirak edib.
İstər Azərbaycan teatrının, istərsə də Leninqrad, Arxangelsk, Tallin teatrlarının səhnələrində Azər Paşa müəllimin bir sıra parlaq səhnə əsərləri uğurla nümayiş etdirilib. Bu sıraya “Ah, Paris… Paris”, “Hamlet”, “On ikinci gecə”, “Boy çiçəyi”, “Xurşidbanu Natəvan”, “Ölülər”, “Almaz”, “Şah Qacar”, “Ah, bu uzun sevda yolu” və s. daxildir. Ötən il mayın 28-də premyerası olan son işi – “Zəfər yolu” Vətən müharibəsində Böyük Qələbəmizə həsr edilmişdi... Vaxtilə konservatoriyada dünya şöhrətli bəstəkar Qara Qarayevdən dərs aldığı üçün onun musiqi tərtibatları da tamaşalara xüsusi rəng qatıb.
Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində illər uzunu səmərəli pedaqoji fəaliyyət göstərib, ustalıqla tədris etdiyi rejissorluq sənətinin sirlərini tələbələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməyib. Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olub. Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə mədəniyyətin bu önəmli sahəsində bir sıra təqdirəlayiq addımlar atıb.
Onun estetik özəllikləri ilə seçilən tamaşaları vasitəsilə bir çox sənətkarlar özlərini tanıda bilib və seviliblər. Unudulmaz sənət adamı çox yüksək ictimai məsuliyyət hissinə malik idi və müasir teatr texnologiyalarını dərindən bilirdi. Teatr xadimləri arasında sənət yanğısı, nikbinliyi ilə böyük rəğbət qazanmışdı.
Rahat uyu, sənətkar…
Ə. NƏCƏFXANLI, “Xalq qəzeti”

