"Güney Azərbaycanın Türk dünyasında yeri: Paniranizm ideologiyasının real təhlükəsi" adlı konfrans

post-img

Türk Ağsaqqalları Birliyi-TAİB-in mərkəzi ofisində "Güney Azərbaycanın Türk dünyasında yeri: Paniranizm ideologiyasının real təhlükəsi" adlı konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatı Razi Nurullayev, Türk dünyasının tanınmış yazarı, "Kərkük" Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi, təşkilatın İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan TAİB-in Qadınlar Şurasının sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Güney Azərbaycanın türk dünyasındakı yerindən danışıb. Güneydəki türklərin problemlərindən söz açan natiq bildirib ki, Şimali Azərbaycan istər dil, istərsə də ərazi baxımından türk dünyasını birləşdirən bir körpüdür. İllər keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti artır.  
Millət vəkili Razi Nurullayev çıxışında bildirib ki, İran Azərbaycanın ikinci müstəqillik illərindən bu tərəfə, daim düşmənçilik mövqeyində olub. 

"İranla bagli biz otuz ilə yaxındır ki, danışırıq, lakin bu illər ərzində heç nə dəyişməyib. Əslində biz otuz il Qarabag məsələsinə görə  susduq, onların qərəzli, kinli mövqeyinə heç bir reaksiya vermədik. Hətta Güney Azərbaycandan bizə gələn soydaşlarımıza belə qucaq aça bilmirdik, onların təşkilatlanmasına biz yaşıl işıq yandıra bilmədik, onlar da nəticədə öz doğma yurdlarından didərgin düşüb başqa ölkələrə üz tutdular.

Deputat qeyd edib ki, İran bu gün daha çox Azərbaycanın İsraillə olan münasibətlərinə qarşı çıxır. Azərbaycanın Qərblə, Amerika ilə neft müqavilələri bağlamasına, əməkdaşlıq etməsinə qıcıqlanır. Biz dəfələrlə şahid olduq ki, İran bu son illərdə hava xəttimizə müdaxilə etdi, bəzən Xəzər dənizi yoluyla sərhədimizi pozmağa çalışdı.

Sonra söz alan TAİB-in İdarə Heyətinin üzvü, "Kərkükün susmayan səsi" adlandırılan türkmən ictimai xadimi Şəmsəddin Kuzəçi türk dünyasının qlobal problemlərindən söz açıb. İraqda baş verən hadisələri şərh edən yazar İranda yaşayan türklərin də problemlərinə toxunub. Ən çox mədəni əlaqələrin inkişafından və keçdiyi böyük mübarizlik yolundan danışan Kuzəçi Azərbaycanın qüdrətli ölkə olaraq Güneydəki soydaşlara, orda yaşayan türk xalqlarına da sahib çıxmasını təqdir edib. 

Digər çıxışçılar da Güney Azərbaycanın bu günkü durumundan, problemlərindən söz açıblar. 
Natiqlər bildiriblər ki, İranın arxivlərdə tozlanmış paniranizm ideologiyasının real təhlükəsi davam etməkdədir. Terrorçuluq əməllərini məişət zəmininə çevirən, səfirlik binasına hücum təşkil edən, millət vəkilinə sui-qəsd təşkil edən İran unudur ki, terror  - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və terror aktı törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.
Sonra  Şəmsəddin Kuzəçi Türk dünyasındakı xidmətlərinə görə təşkilatın fəxri diplomu ilə təltif edilib. O da eyni zamanda TAİB-in İdarə Heyətinin üzvləri Güllü Yoloğlu, Elnur Eltürk və Şərafət Şəfaya Kərkük Mədəniyyət Dərnəyinin fəxri diplomlarını təqdim edib. 

Anar Əli,
“Xalq qəzeti”





Son xəbərlər