Tələbə kulinarların ölkə yarışması

post-img

Dünyanın ən qədim mətbəxlərindən birinin vətəni olan Azərbaycan mədəniyyətini qoruyur və zənginləşdirir. Növbənöv, ləzzətli yeməkləri ilə tanınan mətbəximizin şöhrəti getdikcə dünyaya daha da geniş yayılır. 

Aprelin 8-də Bakı Gənclər Mərkəzində təhsil alan gənc kulinarların “Novruz süfrəsi” mövzusunda keçirilən beşinci respublika çempionatında nümayiş etdirilən mətbəximizin dadlı xörəkləri, çeşidli salatları, löyün-löyün şirniyyatları, eləcə də ətirli içkiləri iştirakçılarında böyük maraq oyatdı. Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən çempionatda paytaxtın və bölgələrin universitet və peşə məktəblərindən 11 komanda iştirak edirdi. Əvvəlcə gənc kulinarların hazırladıqları yeməklər, şirniyyatlar münsiflərə və qonaqlara təqdim edildi.  
Yarışmanın rəsmi hissəsindən sonra fərqlənən komandalara diplomlar və medallar verildi. 

Tahir Əmiraslanov “Xalq qəzeti”nə  müsahibəsində çempionatın keçirilməsində əsas məqsədin milli mətbəximizin tanıdılması ilə yanaşı, gənclərimizdə bu sahəyə maraq oyatmaqdan ibarət olduğunu bildirdi: “Budəfəki çempionat Novruz süfrəsi ilə bağlıdır. Yarışda Naxçıvan, Gəncə, Sumqayıt və Bakıdan təhsil müəssisələrinin nümayəndələri mübarizə aparırlar. Gənc kulinarlarımız dəfələrlə xaricdə ölkəmizi uğurla təmsil ediblər. Belə yarışmalar Azərbaycan kulinariyasının inkişafına xidmət edir”. 

Çempionatda ən yaxşı Novruz süfrəsinə görə birinci yeri tutan Bakı Turizm Peşə Məktəbinin nümayəndəsi Gülnar Mürvətova komandasında istedadlı kulinarların təmsil olunduğunu bildirdi: “Gənclər bu sahəyə böyük həvəs göstərirlər. Çox bacarıqlı ustalarımız yetişir. Onlar bu maraqlı peşənin sirlərinə yiyələnmək üçün çox çalışırlar”. 

Qarabağ mətbəxinin nümayişinə görə qızıl medal qazanan 15 nömrəli Bakı Peşə liseyinin nümayəndəsi Şərqiyyə Eyvazova isə dedi: “Aşpazlıq və qənnadçı-şirniyyatçı qrupları üzrə təhsil alan şagirdlər gələcəkdə bu peşələr üzrə ixtisaslaşmağa səy göstərirlər. Müəyyən təşkilat və şirkətlərlə müqavilələrimiz var. Şagirdlərimizin işlə təmin olunmasına da kömək edirik”.   

Leyla Qurbanova,
“Xalq qəzeti”























Mədəniyyət