Şahmat Tacı uğrunda turnirin ilk görüşündə sülh

post-img

Həftəsonu Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda turnirə start verilib. Maqnus Karlsenin titulundan imtina etməsindən sonra həlledici yarışda rusiyalı şahmatçı Yan Nepomnyaşi ilə çinli Dinq Liren üz-üzə gəlib.

İlk partiyada rusiyalı şahmatçı ağ fiqurlarla mübarizə aparıb. Artıq debütdə təşəbbüsü ələ alan Nepomnyaşi çinli rəqibini müdafiəyə məcbur edib. Hətta mittşpildə rusiyalı qrossmeyster üstünlüyü bir qədədr də artırıb. Buna baxmayaraq, Dinq Liren uğurla müdafiə olunmağı bacarıb. Lakin 49-cu gedişdə tərəflər sülh bağlayıblar. 

Görüşdən sonra mətbuata açıqlama verən rusiyalı qrossmeyster bütün planlarını həyata keçirə bilmədiyini və ona görə də çıxışından tam razı qalmadığını etiraf edib. Çinli şahmatçı Liren isə oyuna yaxşı hazırlaşa bilmədiyini söyləyib. O, hazırda psixoloji problemlər yaşadığını etiraf edib. O, bu partiyanı istədiyi səviyyədə keçirmədiyini deyib. 

Qeyd edək ki, şahmatçılar 11, 14, 17, 19, 22, 25, 28 apreldə istirahət edəcəklər. 14 qarşılaşmadan sonra bərabərlik qeydə alınsa, aprelin 30-da tay-breyk oynanılacaq. 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman