“Heydər Əliyev İli” ilə əlaqədar Zaqatala rayonunda konfrans keçirilib. Əvvəlcə iştirakçılara ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.
Yubiley məclisini giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov ümummillil lider Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə misilsiz töhfələr verdiyini, Azərbaycanı daim zirvələrə yüksəldəcəyini qeyd edib. YAP İdarə Heyətinin üzvü Bayram Aslanov ümummilli llider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə uğurla gəldiyini vurğulayıb.
Milli Məclisin deputatı Kamilə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, partiya fəalı Tahir Məmmədov, jurnalist İlqar Musaoğlu, şəhid Zəfər Murtuzəliyevin bacısı Mehparə Mirzəyeva, Vətən müharibəsi qazisi Nurlan Mazanov Heydər Əliyevin müdrik dövlət xadimi kimi zəngin fəaliyyətinin ayrı-ayrı dövr və məqamlarından söz açıblar.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında yaxından iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri