Bölgələrdə şahmat turnirləri

post-img

Gədəbəydə rayon icra hakimiyyətinin təşəbbüsü, Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir. 

Tədbirin açılışında iştirak edən rayon icra hakimiyyəti­nin başçısı Orxan Mürsəlov ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, idmanın inki­şafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən söz açmışdır. O demişdir ki, eyni zamanda cənab Prezident İlham Əliyevənənəni davam etdirir, bu sahənin inkişafına xüsusi önəm verir. Respublikamızın müxtəlif şəhər və rayonlarında tikilib istifadəyə verilmiş Olimpiya kompleksləri, digər idman qurğuları buna əyani sübutdur.

Rayon rəhbəri onu da vurğulamışdır ki, ölkəmizin son illərdə şahmat üzrə dünya və Avropa yarışlarında göstərdiyi nəticələr onu deməyə imkan verir ki, idmanın bu növünə maraq getdikcə artır. Ucqar dağ rayonu olan Gədəbəydə də şahmata mara­ğın çoxalması çox sevindiricidir və biz bu işi daha da inkişaf etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Turnirin qalibləri RİH başçısının fəxri fərmanlarıı ilə mükafatlandırılmış və onlara hədiyyələr təqdim edilmişdir.

***

Balakən rayonunda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş idarə və təşkilatlar arasında şahmat üzrə rayon turnirində 28 şahmatçı mübarizə aparıb. Yarış rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər evində təşkil olunub.

İdarədən bildirilib ki, zamanında ümum­milli lider Azərbaycanda şahmatın inkişafına böyük qayğı göstərib və onun təşəbbüsü ilə rayonlarda şahmat məktəbləri yaradılıb. Bu turnirin keçirilməsində məqsəd də ulu öndə­rin xatirəsini yad etmək, rayonda şahmatın kütləviliyinə nail olmaqdır. 

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, rayon Gənclər və İdman İdarəsinin təmsilçisi Səfər Gəncəyev turnirin qalibi adını qazanıb. Rayon Statistika İdarəsinin əməkdaşı Asif Osmanovla Gənclər evinin təmsilçisi Fuad Mikayılov mü­vafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Turnirin qalibləri diplomlarla mükafatlandırılıblar.

 

H.QASIMOV,
Ə.ƏLİYEV, “Xalq qəzeti”

bolge.jpg

Sosial həyat