Dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ərazilərimizin işğalı nəticəsində törətdiyi vandallıqlar, 2020-ci il müharibəsindən sonra Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işləri barədə italyan nazir müavinini məlumatlandırıb.
Nazir müavini Edmondo Çirielli Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, münaqişənin başa çatması ilə bütün bölgədə yeni dövrün başladığını və daha əlverişli imkanların yarandığını qeyd edib. O, həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar və əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

