Avropa Parlamentində nəzarət və saxtakarlıq qarşıdurması

post-img

Aİ-də səlahiyyətlər, toxunulmazlıq və nüfuz arasında tarazlıq axtarışı sınağı

Avropa İttifaqının təşkilati sistemində uzun illər mövcud olan problem son dövrlər daha çox nəzərə çarpmağa başlayıb. Söhbət nəzarət və toxunulmazlıq arasındakı incə balansdan gedir. Problemin kökündə Avropa Saxtakarlıqla Mübarizə Bürosu (OLAF) ilə Avropa Parlamenti arasında yaranmış gərginlik dayanır. OLAF-ın əsas vəzifəsi Avropa İttifaqının maliyyə maraqlarını qorumaq, fırıldaqçılıq və korrupsiya hallarını araşdırmaqdır. Lakin qurumun səlahiyyətləri inzibati araşdırmalarla məhdudlaşdırılır.

Məsələnin mahiyyəti sadə dillə belə izah oluna bilər ki, OLAF araşdırma aparmaq istəyir, amma bunun üçün lazım olan fiziki və rəqəmsal çıxış imkanları onun nəzarətinə verilmir. Xüsusilə Avropa Parlamenti daxilində bu çıxışın əldə edilməsi prosedur qaydalar və siyasi həssaslıq səbəbindən mürəkkəbləşdirilir. Qurumun yeni baş direktoru Petr Klement problemi açıq şəkildə ifadə edərək bildirib ki, OLAF Parlament daxilində ehtimal olunan qanun pozuntularını effektiv şəkildə araşdıra bilmək üçün kifayət qədər çıxışa malik deyil. Onun fikrincə, məsələ mövcud səlahiyyətlərin sərhədlərinin aydınlaşdırılmaması ilə bağlıdır.

Klementin yanaşması təəccüb doğurmamalıdır. Çünki hazırkı qaydalara əsasən, OLAF Parlament binalarına daxil olmaq üçün 48 saat öncə icazə istəməlidir. Amma adi hallarda normal sayılan prosedur istintaq prosesi zamanı maneə yaradır. Çünki əvvəlcədən xəbərdarlıq zamanı potensial sübutlar məhv edilə və ya gizlədilə bilər. Əsas ziddiyyət bu məqamda ortaya çıxır. Görünür, Avropa Parlamenti özünü müstəqil qanunverici orqan kimi qorumağa çalışır və daxili məsələlərin xarici qurumlar tərəfindən araşdırılmasına ehtiyatla yanaşır.

Ehtiyatlı yanaşma xüsusilə 2022-ci ildə baş verən “Qatargate” qalmaqalından sonra daha da güclənib. Həmin hadisə Avropa Parlamentinin tarixində ən ciddi korrupsiya qalmaqallarından biri kimi yadda qalıb. Həmin vaxt Belçika hüquq-mühafizə orqanları bəzi deputatların və onların yaxınlarının xarici dövlətlərdən rüşvət aldığı iddialarını araşdırmağa başladı. İddialara görə, əsasən Qətər və Mərakeş Avroparlamentin qərarlarına təsir etmək istəyirdi. Bu məqsədlə bəzi siyasətçilərə pul, hədiyyə və digər imtiyazlar verildiyi bildirilirdi. Əməliyyatlar zamanı yüz minlərlə avro nağd pul aşkar edildi. Qalmaqalda ən çox diqqətçəkən fiqurlardan biri vitse-prezident Eva Kaili idi. O, korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə saxlanıldı, istintaqa cəlb olundu. Hadisə Avropa Parlamentində nəzarət və şəffaflıq mexanizmlərinin zəif olduğunu göstərdi. Eyni zamanda, OLAF kimi qurumların araşdırma imkanlarının məhdud olduğu üzə çıxdı. Bu qalmaqaldan sonra Parlament etik qaydaları sərtləşdirmək, korrupsiyaya qarşı tədbirləri gücləndirmək məcburiyyətində qaldı. Elə bu çərçivədə OLAF müstəntiqlərinin deputatların ofislərinə və elektron cihazlarına çıxışının məhdudlaşdırılması ciddi tənqidlərə səbəb oldu.

Hazırkı məsələ ilə bağlı Avropa Parlamenti də öz mövqeyini əsaslandırmağa çalışır. Parlamentin yanaşmasına görə, deputatların fəaliyyətinin araşdırılması, ilk növbədə, daxili mexanizmlər vasitəsilə həyata keçirilməlidir. Bu, bir növ “özünü tənzimləmə” prinsipidir. Lakin təcrübə göstərir ki, daxili nəzarət hər zaman obyektiv və kifayət qədər sərt olmur.

OLAF-ın nəzarət şurasının 2024-cü il hesabatında bu problem açıq şəkildə qeyd olunub. Hesabatda bildirilir ki, Parlament tez-tez OLAF-ın paralel araşdırmalar aparmasına qarşı çıxır və bunu öz səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirir. Bu isə, faktiki olaraq, istintaq prosesinin ləngiməsinə səbəb olur. Vəziyyətin kökündə daha dərin səbəblər dayanır. Xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı çoxsəviyyəli idarəetmə sistemidir. Sözügedən sistemdə müxtəlif qurumlar arasında səlahiyyət bölgüsü bəzən üst-üstə düşmür və ya qeyri-müəyyən qalır. Nəticədə, hüquqi boşluqlar yaranır. Digər mühüm amil isə siyasi risk amilidir. Avropa Parlamenti ictimai legitimliyə əsaslanan bir qurumdur və onun nüfuzu seçicilərin etimadı ilə birbaşa bağlıdır. Korrupsiya iddiaları isə etimadı sarsıda bilər.

Avropa Komissiyası tərəfindən planlaşdırılan “antifırıldaqçılıq arxitekturası”nın yenilənməsi xüsusi əhəmiyyət kəsb edir. İslahatın məqsədi müxtəlif nəzarət qurumları arasında koordinasiyanı gücləndirmək və hüquqi boşluqları aradan qaldırmaqdır. Daha dəqiq desək, qaydaların yenidən yazılması vacibdir ki, kim nəyi edə bilər, hansı hallarda hansı qurumun üstünlüyü var, hansı prosedurlar tətbiq olunmalıdır.

Sonda qeyd edək ki, Petr Klementin “bizə səlahiyyət yox, şəffaflıq lazımdır” fikirləri məhz bu kontekstdə başa düşülməlidir. Çünki problem səlahiyyətlərin qeyri-müəyyənliyindən yaranıb. Avropa Parlamenti də müəyyən addımlar atıb. 2023-cü ildə qəbul edilən yeni qaydalar deputatlar üçün daha sərt şəffaflıq tələbləri müəyyənləşdirib. Şəxsi maraqların açıqlanması və lobbiçilik fəaliyyətinə məhdudiyyətlər bu istiqamətdə atılan addımlardandır. Amma bu tədbirlər problemin tam həlli üçün kifayət deyil. Çünki məsələ həm də hüquqi mexanizmlərin effektivliyindən asılıdır. Əgər balans düzgün qurulmasa, nəticələr siyasi və ictimai sahədə də hiss olunacaq.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

Xatırladaq ki, 2022-ci ildə “Qatargate” qalmaqalı zamanı Eva Kaili və bir sıra deputatların korrupsiya cinayətləri ifşa olundu, həmin şəxslər həbs edildi. Daha sonra həbs qətimkan tədbiri dəyişdirilsə də, onların barəsində istintaq davam etdirildi, hadisə Avropa Parlamentində ciddi siyasi qalmaqala səbəb oldu. Baş verənlər göstərdi ki, Avropa Parlamenti bir çox hallarda digər dövlətlər üçün nümunə kimi təqdim olunsa da, onun daxilində kifayət qədər qanunsuzluqlar və hüquq pozuntuları mövcuddur.

Əslində, bu gün Avropada müşahidə olunan fikir ayrılıqlarının əsas səbəblərindən biri məhz bu cür problemlərlə bağlıdır. Hətta ABŞ ilə Avropa arasında Ukrayna məsələsi ilə bağlı yaranan fikir ayrılıqlarına təsir edən amillərdən biri kimi bu mövzu tez-tez gündəmə gətirilir. Ukraynaya göstərilən hərbi və maliyyə yardımları ilə bağlı milyardlarla dollar vəsaitin təyinatı üzrə istifadə olunmaması barədə iddialar səsləndirilir. Bu baxımdan hesab etmək olar ki, OLAF-ın gələcək araşdırmalarında diqqət yetirəcəyi istiqamətlərdən biri məhz bu sahə olacaq. Bu məsələlərlə bağlı araşdırmalar Ukraynanın daxilində fəaliyyət göstərən və beynəlxalq nəzarət mexanizmləri ilə əlaqəli qurumlar tərəfindən aparılır. Hətta bəzi hallarda müəyyən sübutların mövcudluğu barədə açıqlamalar verilib.

OLAF-ın Avropa Parlamentində araşdırma aparmaq imkanlarının məhdudlaşdırılması təsadüfi deyil. Belə qənaət yaranır ki, müəyyən qüvvələr daha geniş araşdırmaların aparılmasında maraqlı deyil. “Qatargate” qalmaqalı zamanı ortaya çıxan faktlar göstərdi ki, korrupsiya şəbəkələri təkcə bir neçə şəxslə məhdudlaşmır. Bu isə istintaqın dərinləşməsi halında daha böyük siyasi nəticələrin ortaya çıxacağı ehtimalını gücləndirir. Məhz buna görə də müəyyən süni əngəllərin yaradılması ehtimalı istisna edilmir və bu cür maneələr ümumilikdə Avropa Komissiyası, Avropa Parlamenti və bütövlükdə Aİ-nin maraqlarına ziddir. Amma OLAF kimi qurum yaradılıbsa, onun effektiv fəaliyyəti üçün bütün zəruri şərait yaradılmalıdır.

Nəzrin ELDARQIZI
XQ



Siyasət