Milli Məclisin Sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan Sahibə xanıma məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.
Parlamentin Sədri qeyd edib ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ əlaqədar dövlət qurumlarının diqqət mərkəzindədir. S.Qafarova, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da dövlətçilik mövqeyinə sadiq qalacağını, bu terror aktının onu yolundan geri çəkindirməyəcəyini söyləyib.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”

