İranın Azərbaycana nota verməyə nə hüquqi mexanizmləri, nə də mənəvi haqqı var- Media eksperti

post-img

İranın Xarici İşlər Nazirliyinin Azərbaycana diplomatik nota göndərməsi barədə bu ölkə mediasının birtərəfli qaydada yaydığı məlumatlar manipulyasiya xarakterlidir. O baxımdan ki, barəsində danışılan nota Azərbaycanın Xarici İşlər Nazirliyinə çatmayıb. Çatması üçün hüquqi mexanizm də yoxdur. Çünki hazırda Azərbaycan Respublikasının Tehrandakı səfirliyi işləmir, faktiki yoxdur. İran notanı necə, hansı vasitə ilə və kimə göndərib? Əgər yalanlarının üzə çıxdığını görüb, sonradan informasiyanı dəyəşəcəklərsə, yəni, notanı başqa vasitələrlə göndərdiklərini iddia edəcəklərsə, bu da yalan olacaq və yumor doğuracaq. Çünki rəsmi proseduralara görə, diplomatik notalar həftənin iş günləri göndərilir. İran mediasının məlumatından belə nəticə çıxır ki, onlar notanı şənbə günü, yəni qeyri-iş günündə təqdim ediblər. Bu və digər detalları təhlil edəndə bəlli olur ki, İran mediası və onlara nota barədə məlumat “sızdıran” İran hakimiyyət orqanları ciddiyyət hissini itiriblər. İran rəsmi protokollar üzərində qeyri-ciddi manipulyasiyalara yol verir.

Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.

O deyib: "Məsələnin digər tərəfi notanın məzmunu ilə bağlıdır. İran kütləvi informasiya vasitələrinin paylaşdıqları məlumatlarından belə nəticə çıxır ki, onlar Azərbaycan mediasında İranın rəsmi şəxslərinin tənqid edilməsindən, karikaturalarının yayılmasından narazı qalıblar. Nota verərək Azərbaycan mediasında İran siyasətinin və siyasətçilərinin tənqid olunmalarına etiraz ediblər.

Reallıq budur ki, İranın bu kontekstdə də etiraz etməyə nə hüquqi, nə də mənəvi haqqı var. Hüquqi kontekst odur ki, Azərbaycan dünyəvi, demokratik dövlətdir. İnsanların söz və ifadə azadlığına Konstitusiya ilə təminat verilib. Təkcə KİV-lərin deyil, ümumilikdə ölkə vətəndaşlarının sərbəst fikir paylaşımı hüququ təmin edilib. İrandan fərqli olaraq, Azərbaycanda media plüralizmi mövcuddur. KİV-lər informasiya toplamaqda və yaymaqda sərbəstdirlər. Senzura aradan qaldırılıb. KİV-lərin işinə müdaxilə etmək qanunla qadağan olunub. Hansısa KİV-ə “İranın siyasətini tənqid etmə” demək üçün hüquqi mexanizm yoxdur. Problem ondadır ki, İran sekulyar və demokratik dövlət deyil, söz və ifadə azadlığını, insan haqları anlayışını dərk etmir. 2022-ci ilin sentyabr ayından başlayaraq bu günə qədər İran vətəndaşlarının keçirdikləri etiraz aksiyaları və hökumətin bu aksiyalara verdiyi repressiv reaksiya da göstərir ki, bu dövlətdə insan haqları, söz, ifadə azadlığı anlayışı mövcud deyil. İran vətəndaşları məhz şəxsiyyət azadlğı istədikləri üçün İranın mövcud hakimiyyəti son 7 ay ərzində 10 minlərlə insanı cəzalandırıb. Yüzlərlə insana ölüm hökmü kəsib və icra edib. Minlərlə insanı həbsə məhkum edib. İranın molla rejimi elə başa düşür ki, İranda olduğu kimi, digər ölkələrdə də insanların danışmaq haqqını əlindən almaq olar. KİV-ə təzyiq etmək, insanların sərbəst fikir paylaşmaq hüququnu pozmaq olar. Anlamalıdırlar ki, hüquqi-demokratik-sekulyar dövlətlərdə bu cür davranışlar yolverilməzdir".

Media eksperti bildirib ki, Azərbaycan KİV-lərinə “İranın siyasətini və siyasətçilərini tənqid etmə” demək üçün mənəvi əsas da yoxdur. İranın mövcud molla hakimiyyəti Azərbaycanın müstəqillik qazanmasından bu günə qədər ölkəmizə qarşı riyakar davranır. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Azərbaycan əsgəri Gorus-Qafan yolunda qanunsuz keçid edən, Xankəndinə qaçaq mal daşıyan İran avtomobillərini saxlayır, separatizmə dəstək verməyi dayandırmalarını istəyir. İran isə bu qanuni, səmimi tələblərə sərt və əcaib formada reaksiya verir. Ölkənin Ali Dini rəhbəri Seyid Əli Xamneyinin nümayəndəsi Həsən Amuli Azərbaycana hədə qorxu gəlir. Azərbaycanın Tehrandakı səfirliyinin terrora məruz qoyulması isə İran hakimiyyətinin bütün mahiyyətini açdı.

"Bununla paralel olaraq, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir. İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün “ixtisaslaşmış” KİV-lər, sosial şəbəkə hesabları yaradılıb. “Səhər TV”-nin, “Nur-az” xəbər portalının və digərlərinin fəaliyyəti buna əyani misaldır. İlkin hesablamalara görə, Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün təkcə "Facebook" və "Telegram" şəbəkələri üzərindən 300-ə yaxın hesab açılıb. İranda durmadan, fasiləsiz şəkildə yalan, böhtan, təxribatçı məlumat paylaşırlar. Bütün bunların arxasında İran hakimiyyətinin və bu ölkənin xüsusi xidmət orqanlarının dayanması faktı öz təsdiqini tapıb. İndi hansı mənəvi haqla Azərbaycan KİV-lərinin İran hakimiyyətini tənqid etməsindən narazı qalırlar? Bunun üçün onların mənəvi haqqı yoxdur",-deyə Müşfiq Ələsgərli vurğulayıb.

Son xəbərlər