İranda xalqın hakimiyyət əleyhinə etiraz aksiyaları davam edir. Son günlərdə Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində etiraz aksiyaları yenidən güclənib. Məlumatı Gunaz.TV yayıb.
Məlumata görə, artıq bir neçə aydır ki, əyalətdə cümə namazından sonra aksiya keçirmək ənənə halını alıb. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, şəhərin mərkəzi küçələrində yürüş ediblər. “Səltənət, vilayət, yüz illik cinayət” şüarını səsləndirən etnik bəluclar sabiq Pəhləvi və hazırkı molla hakimiyyətlərinin ölkədə yaşayan xalqalara qarşı eyni mövqedə olduqlarını bildiriblər.
Martın 16-dan 17-nə keçən gecə Təbrizin mərkəzi küçələrindən birində də gecə aksiyası keçirilib, yerüstü piyada keçidindən Güney Azərbaycanın müstəqilliyi ilə bağlı şüarlar yazılmış baner asılıb. Banerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb.
“Azadlıq, Ədalət, Milli Hökumət” devizi son aylarda Güney Azərbaycanda ən çox işlədilən şüara çevrilib və artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir. Qeyd edək ki, son günlərdə eyni məzmunlu banerlər Urmu və Ərdəbil şəhərlərində də asılıb.
Ölkədə müxtəlif səbəblərlə bağlı edam edilənlərin sayının artması da ciddi narahatlıqla izlənilir. Dünən İran İnsan Haqları Təşkilatı bu il ərzində ölkədə icra edilmiş edamlar haqqında hesabat yayıb. Sənəddə 2023-cü ilin iki ay yarımı ərzində 138 məhkumun edam edildiyi bildirilib. Təşkilat ölkədə edamların çoxalmasından narahatlığını ifadə edib.
Hesabda qeyd olunur: “Narkotiklərlə bağlı edamlar ötən ilə nisbətdə kəskin artıb. Bu, onu göstərir ki, narkomaniyaya qarşı mübarizə haqqında qanun edamların azalmasına təsir göstərməyib”.
Ölkədə hüquq-mühafizə təşkilatlarının, eləcə də SEPAH-ın etirazçılara qarşı qəddar rəftarı da ciddi narazılıq doğurmaqdadır. Martın 16-da İran müxalifətinin bir neçə nümayəndəsinin Haaqada Niderlandın Baş naziri Mark Rütte ilə görüşü də bununla bağlı olub. Baş nazir Hollandiyanın SEPAH-ın Avropa İttifaqının terror təşkilatları siyahısına salınması üçün qəti addımlar atacağını deyib. Rütte yaxın günlərdə İran müxalifətinin nümayəndələri ilə geniş görüş keçirəcəyini də söyləyib.
Dünən yayılmış başqa bir xəbərə görə, Tehran rejimi Fars əyalətinin Eqlid bölgəsində yaşayan Qaşqay türklərini güc yolu ilə ata-baba yurdlarından köçürməyə çalışır. Hökumətin hərbi və hüquq-mühafizə qüvvələri xəbərdarlıq etmədən hücuma keçərək qaşqayların Dehnu kəndindəki yaylaq evlərini dağıdıblar. Yerli sakinlər bildiriblər ki, ərazi Səfixanlı nəslindən olan ailələrin və Qaşqay türklərindən olan uyğur çobanların yaylaq bölgəsidir. Qaşqay türkləri iki aydan sonra qayıdarkən artıq evlərinin olmadığını görəcəklər: “Onlarla ev tamamilə dağılıb, bizə külli miqdarda ziyan vurublar, o evlərdə olan çoxlu əşyalarımızı tamamilə məhv ediblər və əlimizdə heç nə qalmayıb”.
Qeyd edək ki, son vaxtlar Qaşqay türklərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir. Son bir il ərzində İsfahanın Səmirom bölgəsində də qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.
İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin sayı təxminən 3 milyon nəfərdir. Kohgiluyə, Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində də Qaşqay türkləri yaşayırlar və bu torpaqlar “Qaşqay yurdu” adı ilə tanınır. Onlar yüksək dağlıq ərazilərdə yaşayırlar, daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”