Dünən Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.
40 nəfərdən ibarət olan ilk heyəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı, Anım Gününə həsr olunmuş xatirə lövhəsi və şəhərin mərkəzindəki dağıntılarla tanış ediblər.
İkigünlük tur çərçivəsində turistlər Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə sıx təmasda olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
Xatırladaq ki, layihə Böyük Qayıdış siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. 2 və 3 günlük turlar həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
“Xalq qəzeti”