Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Qax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən aksiya zamanı Qax–Şəki magistral avtomobil yolunun kənarında 170 ədəd ipək akasiyası və sərv ağacı əkilib. Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, könüllülər iştirak ediblər.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada da yüzlərlə ağac əkilib.
Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi də məhz ulu öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
***
Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
***
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.
Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri və yaxınlarının iştirak etdiyi aksiyada əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək, habelə şəhidlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib.
“Xalq qəzeti”