Hüquq fakültəsinə 75 nəfər qəbul olunur, 100 nəfər bitirir
Milli Məclisin deputatı Musa Qasımlı parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı bəzi universitetlərdəki özbaşınalığı tənqid edib: “Harada görünüb ki, bir universitetin, məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin? Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun və keyfiyyətli kadrlar hazırlansın? Dünyanın heç bir yerində belə şey yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq” .
İcazəsiz tikilmiş evlər sənədləşdirilməlidir
Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib: “Müvafiq icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi vacibdir. Belə evlərin sayı, təxminən, 500 mindən çoxdur. Neçə illərdir ki, bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarlar qəbul edir. Hətta cənab Prezidentin bu barədə tapşırığı var. Ancaq problem hələ də öz həllini tapmayıb. Bu da ciddi narazılıq yaradır”.
AMEA-nın cəmiyyətdə nüfuzu zəifləyib
“Çox təəssüf ki, son illər AMEA-nın cəmiyyətdə nüfuzu xeyli aşağı düşüb. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O deyib ki, bunun səbəbi elm sahəsində böyük uğurlar əldə etməyən insanların bu və ya digər strukturlara cəlb olunmasıdır: “Ümid edirəm ki, görüləcək işlər AMEA-nın nüfuzunun qaytarılmasına öz müsbət təsirini göstərəcək. Bir iradım da elmi-tədqiqat institutlarının tabeçiliyinin dəyişdirilməsidir. Hesab edirəm ki, bu dəyişiklik onların fəaliyyətinə, yüksək ixtisaslı kadrların işinə mənfi təsir etməməlidir”.
Yeni gələn rəhbər köhnələrlə üzülüşür
Deputat Siyavuş Novruzov parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, həm yerli, həm də mərkəzi icra hakimiyyətlərində hansısa dəyişiklik olanda, ilk növbədə, kadr islahatına başlanılır: “ Hansısa qurumda uzun müddət işləyən, kifayət qədər təcrübəli insanları vəzifəyə gələn kimi işdən çıxarırlar. Bunun səbəbi odur ki, həmin yerə yeni rəhbər gəlib. İşdən çıxarılan adam nə ölkəsinə xəyanət edib, nə rüşvətxorluqla məşğuldur. İllərini bir işə sərf edən gözləyir ki, onu işində irəli çəkəcəklər, ancaq yeni gələn rəhbər onu işdən çıxarır. Kadrların qorunması işi vacibdir”.
Küçələrə şəhidlərin adı verilsin
Deputat Qənirə Paşayeva hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, şəhidlərimizin adları əbədiləşdirilməli, onların adları yaşadıqları küçələrə verilməlidir: “Təəssüf ki, Bakıda və respublikamızın ayrı-ayrı rayonlarında doğulmuş bir sıra şəhidlərin adları hələ də əbədiləşdirilməyib. Bunun üçün imkanlar, boş küçələr çoxdur. Elə küçə adları var ki, nəyi ifadə etdiyini, ümumiyyətlə, anlamaq olmur. Məsələn, şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu nə deməkdir?! Heç kim başa düşmür. Bunun kimi bir çox adlar var – “Xutor”, “Sallaqxana”, “Vorovski” və s. saymaqla bitməz. Bu məsələyə baxılmalı, küçələrə şəhidlərimizin adları verilməli, əbədiləşdirilməlidir”.
Müəllim və həkimlər 70 yaşadək işləyə bilərlər
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, rayonlarda xeyli vakant yerlər var. Bunu nəzərə alaraq həkim və müəllimlərin işçi kimi saxlanılması üçün təqaüd yaş həddinin 70 ilə qədər artırılması məqsəduyğun olardı.
Həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılması vacibdir.
Dərmanların qiyməti aşağı salınmalıdır
Komitə sədri Musa Quliyev: “Vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində təcili tədbirlər görülməlidir”.
Hazırladı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”