Bu istiqamətdə hazırlanmış tədbirlər planına əsasən keçirilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans da yaddaşlara məhz ulu öndərin adına və xidmətlərinə layiq məqamlarla yazıldı.
Tədbir iştirakçıları öncə ulu öndərin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər. Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərlərinin və nümayəndələrinin, ziyalıların, ağsaqqalların, elm xadimlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanın Dövlət Himni səsləndirildi, ulu öndərin və torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizələrdə şəhidlik zirvəsinə yüksəlmiş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ümummilli liderin ötən əsrin sonlarında dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasındakı və müstəqilliyimizin əbədiləşdirilməsindəki rolundan söz açdı.
Konfransda Qəbələ ictimaiyyətini təmsil edən elm xadimləri və ziyalılar adından Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, “Xalq qəzeti”nin şöbə müdiri, Əməkdar jurnalist İttifaq Mirzəbəyli və Alban-Udi xristian İcmasının sədri Robert Mobili bütün ruhu, qanı, canı ilə ən böyük azərbaycanlı olan ümummilli lider Heydər Əliyevin cəmiyyətin bütövləşməsi üçün azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər gördüyünü, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdiyini qeyd etdilər.
Rayon təhsil ictimaiyyətini və gəncləri təmsil edən natiqlər qeyd etdilər ki, ulu öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Natiqlər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğıdan danışdılar.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Foto Səhrab Umiyevindir, “Qəbələ” qəzeti