Ulu öndərin tarixləşən ömür yolu

post-img

Azərbaycanda ilk Heydər Əliyev Muzeyi 24 il əvvəl fevralın 18-də Naxçıvanda açılmışdır. Ölməz rəhbəri Azərbaycana bəxş etmiş qədim diyarda Heydər Əliyev Muzeyinin yaradılması ideyası ulu öndərin siyasi irsinin qorunub, öyrənilib gələcək nəsillərə çatdırılması zərurətdən irəli gəlmişdir. 


Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qəzetimizə qısa açıqlamasında bildirdi ki, bu bənzərsiz məfkurə ocağı ümummilli liderin sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Ulu öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvana səfəri zamanı özü bu muzeyi ziyarət etmişdir. 


2005–2006-cı illərdə yenidən qurulan muzeyin 2006-cı il  dekabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir. 


Naxçıvanda Heydər Əliyev Muzeyi dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi, dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi tədqiqat müəssisəsidir.


Qeyd edək ki. Muzey 577 kvadratmetrlik ekspozisiya zalından və kitabxanadan, 83 kvadratmetrlik muzey fondundan ibarətdir. 420 ədəd eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi nümunələrin zənginliyi və orijinallığı ilə fərqlənir. Hazırda muzey fondunda ümummilli liderimizin həyat və fəaliyyətini özündə əks etdirən 5  min 413 eksponat toplanmış və bunların 3 mindən çoxu ekspozisiyada və kitabxanada nümayiş etdirilir. 


Muzey haqqına geniş materialı qəzetimizin yaxın nömrələrində oxucularımıza təqdim edəcəyik.


“Xalq qəzeti” 

Son xəbərlər