Özbəkistanda Babur şah konfransı

post-img

Özbəkistanın Əndican şəhərindəki Babur adına Beynəlxalq Fondun təşəbbüsü ilə görkəmli dövlət xadimi, şair, yazıçı, tarixçi, coğrafiyaşünas, etnoqraf Zəhirəddin Məhəmməd Baburun 540 illiyi ilə bağlı “Bəşəriyyətin mədəni-mənəvi inkişafında Zəhirəddin Məhəmməd Baburun yeri” mövzusunda elmi-əməli konfrans keçirilib.


Tədbirdə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Hindistan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən gələn baburşünas alimlər, Şərq ədəbiyyatının tədqiqatçıları, şair və yazıçılar iştirak ediblər. Ölkəmizdən bu konfransa Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Babur adına Beynəlxalq mükafatın laureatı Ramiz Əskər dəvət olunub.


Tədbirdə “Babur rübailərindəki poetik vasitələr”, “Baburnamə” əsərinin açılmayan səhifələri”, “Zəhirəddin Məhəmməd Babur” ensiklopediyasının özbək dilində üçüncü nəşri və bunun rus və ingilis dillərinə tərcüməsi”, “Babur Mirzə yaradıcılığının Türk dünyasında öyrənilməsi”, “Zəhirəddin Məhəmməd Babur humanist hökmdar və mahir sərkərdə”, “Baburnamə”nin dil xüsusiyyətləri”, “Babur adına Beynəlxalq Fondun 2022-ci ildə Zəhirəddin Məhəmməd Baburun yaradıcılığı ilə bağlı həyata keçirdiyi layihələr və gələcəkdə görüləcək işlər” və digər mövzularda məruzələr dinlənilib.


Məruzələrdə bildirilib ki, Böyük Moğol İmperiyasının  qurucusu və ilk hökmdarı olan Baburun  Çağatay türkcəsində  yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi “Baburnamə” əsəri Türk ədəbiyyatı tarixində önəmli yer tutur. Xətti – Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın  Əlişir Nəvaidən  sonra ən böyük şairi hesab olunur.
Ramiz Əskər konfransda “Türk dünyasının nadir şəxsiyyəti Babur” mövzusunda məruzə edib və maraqla qarşılanıb. O, görkəmli dövlət xadimi Zəhirəddin Məhəmməd Baburu şair, yazıçı, tarixçi, coğrafiyaşünas, etnoqraf kimi təhlil edib, Baburun türk, islam, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi haqqında söhbət açıb.

 

Qulu Kəngərli,
Daşkənd



Son xəbərlər