“Qızıl ədviyyat”ın tarixi dəyəri

post-img

Bəs bu gün daha çox zəfəran yetişdirilməsinə nə mane olur?

Mətbəximizin “qızıl” ədviyyatı sayılan zəfəran hər zaman böyük zəhmətlə hasilə gəldiyi kimi, yüksək də dəyər daşıyıb. Təsadüfi deyil ki, bəzən zəfəran qızıldan da baha olub.

Zəfəran yalnız özünəməxsus dadı və rəngi ilə deyil, həm də istehsal prosesinin mürəkkəbliyi, məhsuldarlığın son dərəcə aşağı olması və məhdud təklif səbəbindən dünyanın ən bahalı ədviyyatlarından biri hesab olunur.

Beynəlxalq ərzaq nəşrlərinin məlumatına görə, 450 qram zəfəran əldə etmək üçün, təxminən, 75 min zəfəran çiçəyi tələb olunur. Hər çiçəkdən isə yalnız 3 incə sap əldə edilir. İlk baxışda cazibədar qırmızı rəng kimi görünən zəfəran, əslində, minlərlə çiçəyin zəhmətlə toplanmış nəticəsidir. Məhz bu səbəbdən zəfəranın topdansatış qiyməti dünya bazarında kiloqramla 2–5 min dollar arasında dəyişir və pərakəndə satışda bu rəqəm daha da yüksəlir.

Zəfəranın bahalığının əsas səbəblərindən biri məhsuldarlığın son dərəcə aşağı olmasıdır. Bu bitki yalnız payız mövsümündə – əsasən oktyabrın sonu və noyabrın əvvəllərində cəmi iki həftəlik qısa yığım dövründə toplanır. Əkin aparıldıqdan sonra isə ilk məhsulu əldə etmək üçün 2–3 il gözləmək tələb olunur.

Qızıl ədviyyatın istehsalında əl əməyinin payı da olduqca böyükdür. Çiçəklər səhər tezdən, hələ açılmamış halda toplanır, narıncı saplar bir-bir əl ilə ayrılır və xüsusi temperatur rejimində qurudulur. Bu prosesdə hər hansı mexaniki üsuldan istifadə mümkün deyil. Nəticədə zəfəran istehsalı yüksək diqqət, səbir və dəqiqlik tələb edən bir sahəyə çevrilir.

Onun yetişdirilməsi iqlim və torpaq baxımından da həssasdır. Bitkinin soğanları artıq nəmliyi sevmir; həddindən artıq yağış çürüməyə, su azlığı isə zəif çiçəklənməyə səbəb olur. Abşeronun iqlim şəraiti zəfəran üçün uyğun sayılsa da, son illər iqlim dəyişiklikləri bu sahəyə də təsirsiz ötüşmür. Payız yağışlarının qeyri-sabitliyi məhsuldarlığa birbaşa təsir göstərir.

Torpaq problemi də aktuallığını qoruyur. Abşeron ərazisində intensiv tikinti işləri yeraltı suların səviyyəsini dəyişir, bəzi sahələrdə torpağın su ilə yüklənməsi zəfəran soğanlarının zədələnməsinə gətirib çıxarır. Bundan əlavə, zəfəran kimyəvi gübrələrə qarşı həssas bitki olduğundan onun becərilməsi ekoloji cəhətdən daha diqqətli yanaşma tələb edir.

Azərbaycanda zəfəran qiymətləri bu məhsulun necə böyük zəhmət və məhdud istehsal hesabına əldə olunduğunu açıq şəkildə göstərir. Bu gün bazarda keyfiyyətli yerli zəfəranın 1 qramı adətən 35–50 manat aralığında təklif olunur, daha ucuz məhsullar isə çox vaxt keyfiyyət və mənşə baxımından suallar doğurur. Qiymət fərqi zəfəranın təmizliyi, yığım üsulu və qurudulma texnologiyası ilə birbaşa bağlıdır. Məhz buna görə zəfəran təkcə mətbəx ədviyyatı kimi deyil, yüksək dəyərli kənd təsərrüfatı və ixrac potensialı olan strateji məhsul kimi qiymətləndirilir.

Bu gün Azərbaycanda zəfərançılığın yenidən dirçəldilməsi istiqamətində müəyyən addımlar atılır. Zəfəran ənənəvi olaraq Abşeron yarımadasında yetişdirilsə də, hazırda dövlət bu sahəyə marağın artırılmasını prioritet hesab edir. Yaxın illərdə zəfəran istehsalının genişləndirilməsi ilə bağlı xüsusi proqramların hazırlanması nəzərdə tutulur. Dünya zəfəran bazarında dominant mövqeyə malik ölkələrlə müqayisədə Azərbaycan zəfəranı keyfiyyət göstəricilərinə görə geri qalmır. Hazırda ölkədə zəfəran əkin sahələri məhduddur.

Sovet dövründə yüzlərlə hektar ərazidə zəfəran becərildiyi halda, bu gün əsas əkin sahələri Abşeronun ayrı-ayrı qəsəbələri ilə məhdudlaşır. Bununla belə, gələcəkdə sahələrin genişləndirilməsi və fermerlərə dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Zəfəranın dərman sənayesində, qida istehsalında və kosmetika sahəsində geniş istifadə imkanları onun iqtisadi dəyərini daha da artırır.

Özəl sektor da bu prosesdən kənarda qalmır. Yerli istehsalçılar zəfəran əsasında yeni məhsullar – qida, kosmetik və sağlamlıq vasitələri hazırlayaraq xarici bazarlara çıxış əldə edirlər. Bu cür təşəbbüslər zəfəranın yalnız ədviyyat kimi deyil, yüksək dəyərli ixrac məhsulu kimi formalaşmasına şərait yaradır.

XQ

İqtisadiyyat