COP29 “yaşıl” gələcəyə qlobal meydan açdı

post-img

Azərbaycanın özü isə bu keçidin önündə gedir

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə COP29 haqqında danışarkən bu beynəlxalq iqlim konfransını Azərbaycanda 2024-cü ilin ən yüksək səviyyəli tədbiri kimi yüksək dəyərləndirdi. Ötən il 197 ölkənin iştirakı ilə reallaşan mühüm iqlim dəyişmələri sessiyasında 77 min iştirakçının qeydə alındığını vurğulayan dövlətimizin başçısı, eyni zamanda, belə bir göstəricinin COP29-un nə qədər əhəmiyyətli toplantı olduğundan xəbər verdiyini xatırlatdı.

Azərbaycan lideri COP29-un qlobal iqlim gündəliyinə ölkəmizin töhfəsindən danışarkən isə dedi: “Respublikamız ekoloji problemlərin həllinə daim diqqətlə yanaşır. Azərbaycanda elektrik enerjisinin istehsalında kömürdən və yanacaqdan istifadə edilmir. Yalnız su və təbii qaz ehtiyatları işlədilir və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlanılıb. Yeri gəlmişkən, “yaşıl” gündəliyimiz də çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 giqavatlıq “yaşıl” enerji, o cümlədən Günəş, külək və su elektrik enerjisi istehsal ediləcək. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyası artıq istismara verilib. Beləliklə, “yaşıl” gündəlik, həqiqətən, çox genişdir”.

Dövlətimizin başçısının sözlərinə görə, iqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Azərbaycan bunu daim planlaşdırıb və gerçəkləşdirməyə çalışıb. Respublikamızda inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiya keçirilib. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırıb. Lakin faydalı qazıntılar da diqqətdən kənarda saxlanıla bilməz. Çünki yaxın gələcəkdə dünyanın onlarsız yaşaması qeyri-mümkündür. Bunsuz iqtisadiyyat inişaf edə, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər təkcə ölkəmizin ekoloji siyasətini deyil, həm də dünyada mövcud olan qlobal çağırışlara konstruktiv və məsuliyyətli münasibətini nümayiş etdirdi. Dövlətimizin başçısının çıxışında vurğulanan “yaşıl” gündəlik və iqlim diplomatiyası Azərbaycanın müasir dövrün ən vacib məsələlərinə verdiyi cavabların bariz nümunəsi kimi diqqət çəkdi.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir ki, energetika sektorunu ekoloji baxımdan zərərsiz əsaslar üzərində qurmağa çalışır. Azərbaycanda elektrik enerjisinin istehsalında nə kömürdən, nə də mazutdan istifadə olunur. Bunun əvəzinə, əsas enerji mənbələri kimi təbii qaz və su ehtiyatlarından istifadə edilir. Bu model həm ətraf mühitin qorunması, həm də uzunmüddətli davamlılıq baxımından beynəlxalq ekspertlər tərəfindən nümunəvi yanaşma kimi qiymətləndirilir.

Son illərdə bərpa olunan enerji sahəsində mühüm irəliləyişlər əldə edilib. Günəş və külək enerjisi layihələrinin icrasına start verilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla imzalanmış müqavilələr və investisiyalar Azərbaycanı Cənubi Qafqazda “yaşıl” enerjinin əsas təchizatçısına çevirməkdədir. 2030-cu ilə qədər artıq imzalanan müqavilələr çərçivəsində 6 giqavat gücündə bərpaolunan enerji istehsalı planlaşdırılır. Bu, həm Azərbaycanın daxili enerji təhlükəsizliyini gücləndirəcək, həm də ixrac potensialını artıracaq.

Azərbaycanın işğaldan azad olunmuş əraziləri – Qarabağ və Şərqi Zəngəzur yeni enerji strategiyasının əsas dayaqlarından birinə çevrilməkdədir. Bu bölgələrdə indiyədək 30-dan artıq kiçik su elektrik stansiyası istifadəyə verilib. Onların ümumi gücü 280 meqavat təşkil edir. Bu stansiyalar enerji istehsalı ilə yanaşı, regionun ekoloji tarazlığının qorunması, su ehtiyatlarından səmərəli istifadə olunması və yerli iqtisadi fəallığın artırılması baxımından mühüm rol oynayır.

Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə aparıcı dünya dövlətləri üçün də nümunə ola biləcək unikal bir modeli – “yaşıl” bərpa konsepsiyasını irəli sürdüyünü təsdiqləyir. Beləliklə, Azərbaycan yalnız əraziləri deyil, həm də iqlim baxımından sağlam gələcəyi bərpa edir. Prezident İlham Əliyev Şuşa Forumunda iqlim dəyişikliyini “ekzistensional məsələ” kimi təqdim etdi. Bu, Azərbaycanın sözügedən sahədə nə qədər ciddi mövqe sərgilədiyini və ekoloji fəlakətlərin qarşısını almaqda beynəlxalq həmrəyliyə çağırış etdiyini göstərir.

Onu da qeyd edək, inkişaf etməkdə olan kiçik dövlətlər üçün iqlim dəyişikliyinin doğurduğu risklər böyükdür. Bu reallığı nəzərə alaraq, Azərbaycan həmin ölkələrə dəstək vermək məqsədilə xüsusi iqlim fonduna 10 milyon ABŞ dolları ayırıb. Bu addım ölkəmizin beynəlxalq ədalət prinsipinə sadiqliyini, həmrəylik və qlobal məsuliyyət hissini nümayiş etdirir.

Prezident İlham Əliyev forumda digər reallıqları da diqqət mərkəzində saxlayaraq bildirdi ki, dünya iqtisadiyyatının yaxın perspektivdə neft və qazdan imtina etməsi real deyil. Təyyarələrin uçuşu, sənayenin işləməsi və bir çox iqtisadi proseslərin davamı üçün hələ də bu resurslara ehtiyac var. Azərbaycan bu reallığı qəbul edərək, bir tərəfdən “Yaşıl keçid proqramı”nı həyata keçirir, digər tərəfdən isə neft və qaz gəlirlərini sosial rifah, infrastruktur quruculuğu və innovativ texnologiyaların inkişafı üçün sərmayə kimi diqqətdə saxlayır. Bu yanaşma balanslaşdırılmış və real enerji strategiyasının göstəricisidir. Azərbaycan mövcud strategiyanı həyata keçirməklə həm “Qlobal Cənub”, həm də “Qlobal Şimal” ölkələri arasında körpü rolu oynamağa səy göstərir və buna uğurla nail olur.

Təsadüfi deyil ki, sözügedən konfrans keçirildiyi günlərdə COP29-u haqlı olaraq iqlim maliyyəsi adlandırırdılar. Çünki iqlim maliyyələşməsi ilə bağlı çox ciddi qərarlar məhz Bakıda verilməli idi. Nəticə etibarilə uzun çəkən danışıqlar, Azərbaycanın vasitəçiliyi ilə keçirilən görüşlər, tərəflərin tamamilə ziddiyyətli mövqeyi – qlobal Cənub və qlobal Şimala aid edilən dövlətlərin bəzi hallarda maliyyə hədəfləri ilə bağlı məsələlərə fərqli yanaşması, xüsusən də inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımı edilməsindən yayınmağa cəhdlər göstərməsi kimi məsələlər bu və ya digər şəkildə özünü büruzə verirdi.

Dünyanın inkişaf etmiş ölkələrində məsələyə skeptik yanaşanlar da var idi. Onlar hesab edirdilər ki, COP29 da COP28 kimi heç bir nəticə əldə olunmadan bitəcək, əsas qərarlar isə COP30-da qəbul ediləcək. Amma bütün bunlara baxmayaraq, Azərbaycan bu prosesə çox inamlı şəkildə start verdi. Ölkəmizdə təşkilatçılıq nöqteyi-nəzərindən uğurlu işlər görüldü. COP29 günlərində isə qərarların qəbul olunması sahəsində konseptual addımlar atıldı.

COP29-da qəbul edilən bir sıra mühüm qərarlar isə onu göstərdi ki, Azərbaycanın məsələyə yanaşması, baxış bucağı, ölkəmizin bununla bağlı perspektivləri, üzərinə götürdüyü öhdəlikləri, regional müstəvidə bir çox uğurlu fəaliyyətlərin həyata keçirilməsi, xüsusən də “yaşıl” iqtisadiyyata keçid, “yaşıl” energetikasının inkişaf etdirilməsi sahəsində əldə etdiyi uğurlu nəticələri COP30-da və bundan sonra keçiriləcək digər iqlim tədbirlərində nümunə olaraq göstəriləcək. Eyni zamanda, planetar mahiyyət kəsb edən bu kimi formatlarda və dünyada gedən proseslərin fövqündə, xüsusilə də iqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycanın ön mövqelərdə qərarlaşması olduqca qürurvericidir.

29-cu iqlim konfransında əsas prioritet olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi adlı sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq.

Yeri gəlmişkən, sammitin bağlanış plenar iclasında Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək.

Sonda qeyd edək ki, beynəlxalq səviyyəli konfransa ev sahibliyinin Azərbaycanda keçirilməsi ölkəmizin tarixi nailiyyəti idi. Bu, hər şeydən əvvəl, Azərbaycanın “yaşil” iqtisadiyyata keçid sahəsindəki islahatlarının beynəlxalq iqtisadi münasibıtlər sistemində dəstəklənməsi və bu sahədəki tənzimləmə tədbirlərinin sosial, iqtisadi və məntiqi davamı kimi dəyərləndirildi.

Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərinin də potensialından yararlanmaqla daha mütərəqqi nəticələrə nail olmaq mümkündür. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl” enerji zonası elan edilib. Düşməndən təmizlənən torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı” şəhər, “ağıllı” kənd kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Yaşıl” enerji növlərinin yaradılması və təmiz enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Təsadüfi deyil ki, ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

 

 

İqtisadiyyat