Əməkdaşlıq strateji yöndə inkişaf edir
İqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında etdiyi paylaşımda Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşməyin xoş olduğunu, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayıb. Nazir paylaşımda, eyni zamanda, görüşdə iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərin nəzərdən keçirildiyini, ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərinin qeyd olunduğunu bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan – Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari – iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 300-ə yaxın şirkət qeydə alınıb. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində icra olunan infrastruktur layihələrində Çin şirkətlərinin fəaliyyəti getdikcə genişlənib. Məsələn, “Huawei” şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” təşəbbüslərinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib.
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi davamlı olaraq artır. Çin şirkətləri respublikamızda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Onların ölkəmizə böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiyaya, sahibkarlıq və biliyə əsaslanan sənaye iqtisadiyyatına keçidi uğurla gerçəkləşdirib. Tətbiq edilən vergi və kredit güzəştləri, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət – özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.