Energetika Nazirliyinin məlumatına görə, cari ilin I yarısında Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Məhsulun 8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarından, 1,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağından, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağından çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkəti üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton olub.
Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca yönəldilib. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu Dövlət Neft Şirkətinin, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. 6 ay ərzində xam neft hasilatı orta hesabla gündəlik 61,9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub. Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
“Azəri-Çıraq-Günəşli”dən bu il iyulun 1-dək 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz çıxarılıb, 658,1 milyon ton neft ixraca yönəldilib.
Bu dövrdə ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarının, 13,8 milyard kubmetri “Şahdəniz” yatağının, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb. Bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.