KOB-lar özəl bölmənin özəyidir

post-img

Sahibkarlığın ÜDM-də payı 80, məşğulluqda isə 70 faizi keçib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.

Məlumatda daha sonra deyilir ki, ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək vasitələri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. 

Xatırladaq ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları”na əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11– 50 arasında, illik gəliri 200 min – 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51– 250 arasında, illik gəliri isə 3 – 30 milyon manat arasında olan sahibkardır.

Qeyd edək ki, son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində sahibkarlığın inkişafı milli iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada biznes mühitinin təkmilləşdirilməsi, investisiya cəlb-
ediciliyinin artırılması və özəl sektorun stimullaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu proses həm iqtisadiyyatın dayanıqlığının təmin olunmasını, həm də məşğulluğun və sosial rifahın yüksəldilməsini şərtləndirib. 

Azərbaycanda sahibkarlıq subyektlərinin rolu son illərdə nəzərəçarpacaq dərəcədə yüksəlib. Xüsusilə, qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının bir hissəsi kimi KOB subyektlərinə dəstək ön plana çəkilib. Dövlətin reallaşdırdığı islahatlar nəticəsində sahibkarlıq fəaliyyəti daha da əlçatan və səmərəli olub. 

Sahibkarlığın hüquqi bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun, vergi inzibatçılığının sadələşdirilməsi, lisenziyaların sayının azaldılması və elektron icazə mexanizmlərinin tətbiqi ilə biznes mühitinin liberallaşdırılması sürətlənib. Eyni zamanda, KOBİA vasitəsilə sahibkarlara bir pəncərə prinsipi əsasında xidmətlər təqdim olunur. Bu qurum KOB-ların hüquqlarını müdafiə edir, təlim və məsləhət dəstəyi verir, yerli və beynəlxalq bazarlara çıxış imkanlarını artırır.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlər ayrılır. Fond 3 faizlə uzunmüddətli kreditlər təqdim edərək kənd təsərrüfatı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara mühüm maliyyə dəstəyi göstərir. Bundan başqa, “İnvestisiya təşviqi sənədi” almış sahibkarlar bir çox vergi və gömrük güzəştlərindən istifadə edirlər. Bu təşviq mexanizmi həm yerli, həm də xarici investorların Azərbaycanda fəaliyyət göstərməsinə marağı artırır.

Sahibkarlıq fəaliyyətinin regionlarda genişləndirilməsi sosial-iqtisadi bərabərliyin təmin olunmasına və bölgələrin potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Bu məqsədlə aqroparklar, sənaye zonaları və biznes inkubatorları yaradılmışdır. Regionlarda fəaliyyət göstərən sahibkarlara isə daha yüksək güzəştlər və texniki dəstək imkanları təqdim olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın təşviqi istiqamətində dövlət tərəfindən böyük layihələr həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində biznes qurmaq istəyənlər üçün xüsusi dəstək mexanizmləri və investisiya imkanları yaradılır.

Azərbaycanda sahibkarlığın inkişafı yalnız iqtisadi artımın deyil, həm də sosial rifahın, dayanıqlı məşğulluğun və regional inkişafın təminatçısıdır. Dövlətin bu sahəyə verdiyi strateji önəm və göstərdiyi davamlı dəstək nəticəsində ölkədə sağlam və rəqabətqabiliyyətli biznes mühiti formalaşır. Gələcəkdə sahibkarların təşəbbüslərinin daha da stimullaşdırılması, innovasiyaların təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində Azərbaycan iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına əhəmiyyətli töhfələr veriləcək.

Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafını şərtləndirən vergi qanunvericiliyi müasirləşdirilib. Özəl sektorun fəaliyyətini daha da gücləndirilmək məqsədilə şəffaflıq və hesabatlılığın artırılması, rəqəmsallaşmanın geniş vüsət alması, rəqabət mühitinin inkişafının təmin olunması, əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatları kimi məsələlər də hər zaman diqqətdə saxlanılıb.

Beləliklə, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizi, məşğulluqda payı isə 70 faizi keçib. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.

Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.

İqtisadiyyat