Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

post-img

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə –Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin 6-cı yığıncağındakı çıxışında Asiya və Avropanı birləşdirən Orta Dəhlizin regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır. Bu kommunikasiya respublikanın regional tərəfdaşları, o cümlədən Türkiyə və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir.

E.Əliyev qeyd edib ki, Azərbaycanın Türkiyə ilə nəqliyyat-logistika sahəsində əlaqələri strateji xarakter daşıyır. Bu sahədə tərəfdaşlığın inkişaf etməsi məmnunluq doğurur. Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan, Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır.

Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı infrastruktur layihələrinə investisiya yatırıb. Eyni zamanda, Qars-Naxçıvan dəmir yolu layihəsini isə Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirib.

Yeri gəlmişkən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu günlərdə ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə ölkəmizdən keçən nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhlizin inkişafı və əhəmiyyəti barədə fikir mübadiləsi apardığını qeyd edib. Rəşad Nəbiyev Mixael Harms ilə söhbətində alman logistika şirkətlərinin Orta Dəhlizin potensialından yararlanması imkanlarını müzakirə etdiyini də bildirib.

Yuxarıda vurğulanan fikirlərə əlavə olaraq qeyd edək ki, Azərbaycan son illərdə geostrateji mövqeyindən səmərəli istifadə edərək özünü regional və qlobal nəqliyyat – tranzit mərkəzinə çevirmək istiqamətində mühüm addımlar atır. Ölkənin Avropa ilə Asiya arasında yerləşməsi, həmçinin Xəzər dənizinə çıxışı bu sahədə təbii üstünlüklər yaradır. Bu kontekstdə Orta Dəhliz, yəni Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın strateji baxışında mühüm yer tutur.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanan mühüm nəqliyyat arteriyasıdır. Bu marşrut, xüsusilə Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış etməklə yükdaşıma müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Ənənəvi Şimal marşrutundan fərqli olaraq, Orta Dəhliz daha sabit və təhlükəsiz alternativ kimi aktuallıq qazanır.

Azərbaycan bu dəhlizin əsas halqalarından biri kimi infrastrukturun modernləşdirilməsinə və beynəlxalq əməkdaşlığa ciddi yatırım edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı –Tbilisi – Qars dəmir yolu, eləcə də yeni avtomobil magistralları ölkənin tranzit imkanlarını genişləndirir. Bu layihələr Orta Dəhlizin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə də töhfə verir.

Xəzər dənizində daşımaların təşkili də Azərbaycanın nəqliyyat siyasətində prioritet istiqamətlərdəndir. Bakı limanı artıq təkcə ölkədaxili deyil, regional yük dövriyyəsinin də əsas mərkəzinə çevrilib. Dənizdə konteyner daşımalarının genişlənməsi, logistik xidmətlərin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması regional tranzitdə Azərbaycanın mövqeyini daha da gücləndirir.

Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, o cümlədən Türkiyə, Qazaxıstan, Gürcüstan və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi də Orta Dəhlizin uğurla inkişaf etdirilməsində mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə keçirilən Bakı Prosesi və digər regional forumlar dəhlizin inkişafında koordinasiyanı gerçəkləşdirir.

Beləliklə, Orta Dəhlizin inkişafı təkcə Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi inteqrasiya, ticarətin artması və nəqliyyat təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət respublikamızı Avrasiya məkanında etibarlı tranzit ölkəsi kimi möhkəmləndirir və milli maraqlara xidmət edən strateji mövqe qazandırır.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağına ümid edir. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yükün respublika büdcəsinə böyük həcmdə gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu, həm də məşğulluq, əlavə vəsait və Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Bu məqamda Orta Dəhlizin də respublikamız üçün mühüm önəm daşıdığını qeyd etmək istərdik. Xatırladaq ki, Rusiya – Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində səmərəliliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Avropa İttifaqı və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir.

Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir.

Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bak – Tbilisi – Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.

Azərbaycan ilə Çin arasında iqtisadi – ticari sahədə də əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi dəyərləndirir. İki ölkənin iqtisadi-ticari münasibətlərində davamlı inkişaf nəzərə çarpır. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və “yaşıl” keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür. Çinin ölkəmizdə günəş elektrik stansiyası üçün panellər hazırlaması da bu fikrin parlaq nümunəsidir. Məsələn, Qaradağ Günəş Elektrik Stansiyasında 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu panellər Çinin “Longi” şirkəti tərəfindən hazırlanıb. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərinin 80 faiz azaldılması və bu enerji növünün milyonlarla insan üçün əlçatanlığının gerçəkləşməsi ilə nəticələnib.

 

İqtisadiyyat