Cari ilin birinci rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilib. 2024-cü ilin hesabat dövrü ilə müqayisədə əməliyyat xərclərində 0,97 faiz və əsaslı xərclərdə 6 faiz artım qeydə alınıb.
XQ bp-nin bu ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.
2025-ci ilin birinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınıb və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.
“Xankəndi” sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” (AÇG) sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq “Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər “Xankəndi” gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.
Birinci rüb ərzində “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
“İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Rüb ərzində “İstiqlal” qazma qurğusu qərb-cənub cinahında iki quyuda - SDF02 və SDF04-də işlər həyata keçirib. “Heydər Əliyev” qazma qurğusu isə qərb cinahında SDD05 quyusunda qazma işlərini bitirib və şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərinə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.