“Şahdəniz”in qazancı 7,7 milyard dollara çatıb

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağından hasilatın başlandığı 2006-cı ildən indiyədək, təxminən, 237 milyard standart kubmetr qaz hasil edilib. Bu barədə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkələrdəki hesabında bildirib.

Otən müddətdə “Şahdəniz” yatağından 49 milyon ton (təxminən 394 milyon barel) kondensat hasil olunduğunu bildirən vitse-prezident qeyd edib: “BP və onun tərəfdaşları indiyədək “Şahdəniz” layihəsi ilə bağlı fəaliyyətlərə, təxminən, 30 milyard ABŞ dolları kapital qoyublar və bunun da böyük hissəsi “Şahdəniz-2” layihəsi ilə bağlı olub”.

B.Aslanbəyli paylaşımında daha sonra bildirib ki, Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin sonuna qədər “Şahdəniz” layihəsindən 7,7 milyard ABŞ dollarından çox gəlir əldə edib.

Xatırladaq ki, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən “Şahdəniz” ­perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ­saziş 1996-cı il iyunun 4-də imzalanıb. ­Həmin il oktyabrın 17-də “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişi ­ratifikasiya olunub. 1999-cu il iyulun 12-də də ­yataqda qazılmış ilk quyudan əldə olunmuş nəticələrin təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə əsasən “Şahdəniz” yatağının işlənməsi ilə bağlı hasilatın pay bölgüsü sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” layihəsinin iştirakçıları isə BP (operator – 29,99 faiz), “Lukoil” (19,99 faiz), TPAO (19 faiz), NİKO (10 faiz), “Cənub Qaz Dəhlizi” (16,02 faiz) və MVM (5 faiz) şirkətləridir.

 

İqtisadiyyat