Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahələrində fəaliyyət göstərən 130-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes sahəsində yeni çağırışlar, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Ağcabədi rayonu aqrar və sənaye sahələri üzrə böyük potensiala malikdir və bu imkanlardan düzgün istifadə etməklə sahibkarlar həm yeni müəssisələr qura, həm də mövcud bizneslərini genişləndirə bilərlər.
Görüşdə dövlət tərəfindən təqdim olunan subsidiyaların, güzəştli kreditlərin, vergi güzəştlərinin, investisiya təşviqi sənədinin, eləcə də klasterləşməyə dəstək və digər mexanizmlərin rayonda biznesin inkişafında əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, rayonda yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar Ağcabədi, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edərək informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.
Görüş çərçivəsində sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi alətləri, o cümlədən güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi, klasterləşmə və bu sahədə dəstək tədbirləri, örüş sahələrindən təyinatı üzrə istifadə edilməsi, heyvandarlığa dəstək, suvarma sistemləri istehsalı üzrə biznes fəaliyyətinin qurulması və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Səfər çərçivəsində KOBİA nümayəndələri Ağcabədi rayonunda fəaliyyət göstərən “ATENA” MMC-nin süd və süd məhsullarının istehsalı müəssisəsində və “Cahidoğlu” MMC-nin çörək və un məmulatları zavodunda olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.