Bakı Metropoliteninin stansiyalarında sərnişinlərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə mühəndis-texniki qurğular müntəzəm şəkildə yenilənir. Artıq stansiyalardakı eskalatoların 90 faizə yaxını tamamilə yeni nəsil analoqları ilə əvəz edilib. Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, çoxfunksiyalı diaqnostika kompleksi isə ən mühüm yeniliklərdən biri kimi metropolitendə təhlükəsizliyin daha da artırılması və infrastrukturun fəaliyyəti baxımından yeni standartları müəyyən edib. Metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub.
“Enerji təhlükəsizliyi baxımından hər 3 xətti əhatə edən 21 dizel-generator quraşdırılmaqla, enerji verilişində fasilələr olduqda, hətta minimal tələblər çərçivəsində qatarların da hərəkətini təmin edən alternativ mənbə yaradılıb. Son 20 ildə Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Metropoliten üçün xətlərin fəaliyyətini təmin edən nəhəng infrastruktur kimi, “Xocəsən” elektrik deposu isə nəinki müstəqillik dövründə, ümumilikdə, Bakı metrosunun 58 illik tarixində yetişdirilmiş yerli mütəxəssislərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib”, – deyə məlumatda bildirilib.
XQ