Məhsul istehsalının 40 faizi aqrar sahənin payına düşür
Ölkəmizin şimal-qərb bölgəsində Gürcüstan və Rusiya Federasiyası ilə sərhəd ərazisində yerləşən Balakən füsunkar təbiəti, əlverişli iqlim şəraiti, geniş meşə örtüyü, bol suyu olan dağ çayları və məhsuldar torpaqları ilə seçilir. Rayonun əlverişli coğrafi mövqedə yerləşməsi və iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etməsi aqrar sahənin inkişafına geniş imkanlar yaradır.
Balakənin əməksevər əhalisi uzun illər kənd təsərrüfatı sahəsində zəngin təcrübə qazanıb və bu sahədə böyük uğurlar əldə edib. Təsadüfi deyildir ki, balakənlilərin 66 faizi kənd təsərrüfatında çalışır. İstehsal olunan məhsulun 40 faizi aqrar sahənin payına düsur. Əhalinin məsğuliyyətində taxılçılıq, o cümlədən, tərəvəzçilik, bostançılıq, tütünçülük, meyvəçilik, baramaçılıq və heyvandarlıq əsas rol oynayır.
Rayonun fermerləri mövcud torpaq sahələrindən səmərəli yararlanır və hər il daha yüksək nailiyyətlər əldə etməklə təsərrüfatlarının inkişafını diqqətdə saxlayırlar. Bu məqsədlə də cari təsərrüfat ilində 6 min 943 hektar sahədə qarğıdalı, 1676 hektar sahədə tərəvəz, 640 hektar sahədə kartof, 346 hektar sahədə bostan, 82 hektar sahədə tütün, 800 hektar sahədə yonca və digər bitkilər əkilməsi təmin olunub, eləcə də, məhsuldarlığın artırılması üçün əlavə tədbirlər həyata keçirilib. Fermerlər dövlətin bu sahədə göstərdiyi dəstəkdən yararlanıb, əkin subsidiyalarından faydalanıb, mineral gübrələrə, pestisidlərə, məhsuldar toxumlara olan tələbatını ödəyərək təsərrüfatlarını qurublar.
Təsərrufatlarda 5 min 192 ton taxıl, 20 min 775 ton tərəvəz, 6 min 655 ton kartof, 4 min 210 ton bostan məhsulları istehsal olunub, qarğıdalı və fındıq yığımına başlanılıb. Hazırda rayonda kənd təsərrüfatı məhsullarının toplanılması davam etdirilir.
Son illərdə əhalinin məşğuliyyətinin təmin edilməsi üçün baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan baramaçılığın əvvəlki şöhrətinin bərpası məqsədilə cari ildə 700 qutu ipəkqurdu 204 kümçüyə paylanılıb. Kümçülər tərəfindən 30-40 gün ərzində ipəkqurdu bəslənilərək 1875 ton barama istehsal edilib və “Azəripək” MMC-yə təhvil verilib. Kümçülərə, eyni zamanda, istehsal etdikləri baramanın dəyəri ilə yanaşı, 109 min 608 manat həcmində məhsul subsidiyasının da ödənilməsi təmin olunub.
Cari ildə tütünçülüyün inkişafı məqsədilə müəyyən tədbirlər görülüb, 82 hektar sahədə məhsul yetişdirilib və 694 ton yaş tütün istehsal edilərək tədarükçü təşkilatlara təhvil verilib.
Balakən respublikanın ən çox qarğıdalı istehsal olunan rayonudur. İnsanların bu sahədə qazandığı uğurlar kənd təsərrüfatından əldə olunan gəlirlərin formalaşmasnda mühüm rol oynayır. Artıq sahələrdə qarğıdalı və fındıq yığımına başlanılıb və 9 min 100 ton qarğıdalı və 3 min 550 ton fındıq yığılıb. Cari təsərrüfat ilində 46 min 500 ton qarğıdalı və 6 min 900 ton fındıq istehsal edilməsi nəzərdə tutulub.
Rayonda qeyd edilən sahələrlə yanaşı, meyvəçiliyin də inkişafına xüsusi önəm verilir. “Balxurma” və “Balacans” şirkətlərinin, fındıq emalı müəssisələrinin fəaliyyət göstərməsi meyvəçiliyin tərəqqisinə geniş imkanlar açıb. Balakəndə istehsal olunan quru və yaş xurma məhsulları, müxtəlif növ şirələr, findıq ləpəsi, qurudulmuş tütün dünyanın inkişaf etmiş bir çox ölkələrinə ixrac olunur. Bu da xaricdən daxil olan valyutanin artmasını şərtləndirir.
Rayonun meyvəçilik sahəsində elmin və texnologiyanın yeni nailiyyətlərinin təsərrüfatlara tətbiqinə xüsusi əhəmiyyət verilir. İntensiv və superintensiv bağların salınmasına diqqət göstərilir. Son illərdə 216 hektara yaxın intensiv və superintensiv yeni meyvə bağları salınıb və müxtəlif növ meyvələr istehsal olunub.
Balakəndə bitkiçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. “Azəryem sənayesi” MMC-nin fəaliyyət göstərməsi və heyvandarlıqda istifadə olunan yüksək kalorili yem məhsullarının istehsal edilməsi, eyni zamanda, heyvandarlıqla yanaşı, qarğıdalıçılığın daha da inkişafına əlavə imkanlar yaradır.
Rayonda 27 min 259 baş qaramal, 36 min 801 baş davar, 30 min 884 arı ailəsi saxlanılır. Bununla yanaşı, camışçılığın inkişafına da diqqət göstərilir və camışların sayı 2 min 320 başa çatıb. İl ərzində Balakəndə orta hesabla 22 min 312 ton süd, 4 min 305 ton ət, 41 ton yun istehsal olunub.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Balakən rayonu