“Faza-3” – Xəzər yataqlarının tammiqyaslı işlənməsinin həlledici mərhələsi

post-img

“Dərinsulu Günəşli” platformasından indiyədək 87 milyon ton neft çıxarılıb

Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan neftçilərinin şücaəti sayəsində istismara verilmiş “Günəşli” yatağı öz zənginliyi ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqları xeyli üstələyirdi. Bununla belə, işlənmənin ilk mərhələsində yatağın yalnız dayaz sulu hissəsindən neft çıxarılırdı. Yaxınlıqda istismarını gözləyən “Çıraq” və “Azəri” kimi zəngin neft yataqları da yerləşirdi. 

O zaman respublikamızın məhdud ma­liyyə imkanları, eləcə də lazımi texnologi­yanın olmaması bu yataqların istismarında bir sıra çətinliklər yaradırdı. Yalnız 1994-cü il sentyabrın 20-də xarici neft şirkət­ləri ilə imzalanmış “Əsrin müqaviləsi” “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun zəngin karbohidrogen ehtiyatlarının işlən­məyə cəlb edilməsinə yol açıb. 30 il müd­dətinə imzalanmış bu tarixi saziş isə geniş bir coğrafi ərazini əhatə etdiyindən neft ya­taqlarının mərhələli şəkildə istismara daxil edilməsi qərara alınıb.

Beləliklə, “Əsrin müqaviləsi”nin “İlkin neft layihəsi” çərçivəsində “Çıraq” yatağı istismara verilib. Daha sonra isə Azər­baycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsi “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə mərhələsi ilə bağlı qərar qəbul edib. Bu mərhələnin “Faza-1” və “Faza-2” layihələ­ri çərçivəsində müvafiq olaraq “Azəri” yatağının mərkəzi, eləcə də qərb və şərq hissələri işlənməyə cəlb olunub. 

“Günəşli” yatağının dərinlikdə yer­ləşən hissəsindən neft və qaz hasilatını həyata keçirməyi nəzərdə tutan “Faza-3” layihəsi ilə bağlı qərar isə 2004-cü ilin sentyabr ayında – “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə həsr olunmuş yubiley tədbirində qəbul edilib. Layihənin reallaş­dırılması üçün 4,7 milyard dollar vəsait ay­rılıb ki, bunun da 3,2 milyard dolları tikin­ti-quraşdırma işlərinə sərf olunub. Onu da qeyd edək ki, “Azəri–Çıraq–Günəşli” ya­taqlar blokunun tammiqyaslı işlənməsinin sonuncu mərhələsi olan “Faza-3” layihəsi 1,25 milyard barel və ya 176 milyon ton neftin çıxarılmasına hesablanıb. 

Layihə dənizin 175 metr dərinliyində bir-biri ilə suüstü körpü ilə birləşdirilən iki nəhəng qurğunun – hasilat və kompressor (laylarda təzyiqi saxlamaq üçün su və qa­zın vurulması) platformalarının tikintisi ilə yanaşı, bir sıra sualtı birləşdirici kəmərlə­rin çəkilişi kimi mürəkkəb işləri də əhatə edib. Bütün bu işləri yerinə yetirmək üçün dünyanın neft sənayesi üzrə tanınmış pod­ratçı şirkətləri ilə müqavilələr imzalanıb.

Podrat müqavilələrinə əsasən, layihə­nin mühəndis-təfsilat işlərinin həyata ke­çirilməsi, eləcə də qazma, texnoloji təc­hizat və yaşayış platformasının birləşmiş göyərtəsinin yığılması, quraşdırılması və istismara verilməsi müvafiq olaraq ABŞ-nin “Halliburton International” və “McDermott” şirkətlərinə, platformaların tikintisi Fransanın “BOS Shelf” şirkəti­nin və SOCAR-ın Heydər Əliyev adına Dərin Özüllər Zavodunun yaratdıqları “BOS Shelf LLC” birgə müəssisəsinə, emal, qaz kompressoru, suvurma və tex­noloji təchizat platformasının yığılması, quraşdırılması və istismara verilməsi Bri­taniya–Türkiyə–Azərbaycan alyansı olan “Amec-Tekfen-Azfen” şirkətinə həvalə olunub. 

Bundan əlavə, “Faza-3” layihəsi çər­çivəsində bir sıra digər tikinti-quraşdır­ma işlərinin yerinə yetrilməsi üçün “BP-Azerbaijan” şirkəti ilə İtaliyanın “Saipem”, İsveçin “Pharmadule Emtunga AB”, Ni­derlandın “Mercon Steel Structures BV”, Britaniyanın “KCA Deutag” və ABŞ-nin “Vetco Grey Controls” şirkətləri, həmçi­nin Türkiyə–Azərbaycan “Tekfen-Azfen” alyansı ilə podrat müavələləri imzalanıb.

Bu işlərin qrafikə uyğun olaraq iki il müddətində başa çatdırılması nəzərdə tu­tulub. Yeri gəlmişkən, əvvəlkilərdən fərqli olaraq “Faza-3” platformaları suyun daha dərin hissəsində inşa olunub. Eyni zaman­da, bu unikal qurğular daha mürəkkəb geo­loji şəraitdə hasilatın həyata keçirilməsinə hesablanıb. “Dərinsulu Günəşli” komplek­sinin tikintisi ilə bağlı işlərin bir qismi ölkə daxilində, digər qismi isə “McDermott”un Dubaydakı müəssisələrində iki il ərzində yerinə yetirilib.

“Faza-3” layihəsinin icrası zamanı konsorsium iştirakçıları tərəfindən nəzərdə tutulmuş 30 milyon adam-iş saatı öhdəli­yinə tam təhlükəsiz şəkildə riayət edilib. Əsas tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində Azərbaycanın kadr poten­sialından maksimum istifadə olunub. Belə ki, tikinti-quraşdırma işlərinin 80 faizindən çoxu yerli işçi qüvvəsindən və mövcud infrastrukturdan istifadə olunmaqla ölkə daxilində yerinə yetirilib. Ümumilikdə, “Faza-3” layihəsi çərçivəsində bir-biri ilə körpü vasitəsilə birləşdirilən 48 quyu göv­dəsinə malik qazma, texnoloji təchizat və yaşayış, eləcə də texnoloji emal, qaz kom­pressor, suvurma və texnoloji təchizat plat­formaları inşa olunub, xam neftin və qazın Səngəçal terminalına nəqlini təmin etmək məqsədilə 30 və 28 düymlük sualtı boru kəmərləri çəkilib. 

“Dərinsulu Günəşli” platformasında hasilat 2008-ci il aprelin sonlarında başla­nıb. Bununla da, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi təmin edilib. “Dərinsulu Günəşli” plat­formasında maksimal illik neft hasilatı 2014-cü ildə qeydə alınıb. Həmin il bura­da 7,2 milyon ton neft çıxarılıb. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində gündəlik orta neft hasilat 145,9 min barel təşkil etdiyi halda, ehtiyatların azalması sə­bəbindən cari ilin birinci yarısının yekun­larına görə, bu rəqəm 57 min barel olub. Ümumilkdə, istismara verildiyi vaxtdan indiyədək “Dərinsulu Günəşli” platforma­sından 642 milyon barel və ya 87 milyon ton neft çıxarılıb.

İqtisadiyyat