“Hüquq və iqlim” konfransı

post-img

Sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqının və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev konfransı açaraq bildirib ki, iqlim dəyişikliyi dünya üçün ciddi bir sınaqdır. Həmin dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi ri­fahına böyük təsir edir. Qeyd edilib ki, Azərbaycan da iqlim dəyişikliyinin qarşı­sının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Diqqətə çat­dırılıb ki, bugünkü beynəlxalq konfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin iqlim dəyişik­liyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında qeyd edib ki, hazırda Azərbaycanda yeni iqlim strate­giyasının hazırlanması istiqamətində işlər aparılır. Ölkənin iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdi­rir. Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağıkarbonlu inkişafı hədəf­ləyəcək. 

Ali Məhkəmənin sədri İnam Kərimov isə bildirib ki, iqlim dəyişikliyi təkcə eko­loji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Bugünkü konfransın da iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın bu sahədə təşəbbüslərinə və dünyada gedən proseslərə hüquq ictimaiyyətinin diqqəti­ni çəkməklə effektiv hüquqi müzakirələrə yol açacağı və bu sahədə görülən işlərə öz töhfəsini verəcəyi xüsusi vurğulanıb.

Sonra çıxış edən Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa Bakıda təşkil olunan konfransı yüksək qiymətlən­dirərək bildirib ki, bu cür tədbirlərin təşkili ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində konkret addımların atılmasına imkan yaradır. 

Türkiyənin Konstitusiya Məhkəmə­sinin sədr müavini Basri Bağcı çıxışında qeyd edib ki, Türkiyə Konstitusiya Məh­kəməsi iqlim və ətraf mühit mövzularında qərarlar qəbul edib. O bildirib ki, noyabr ayında Bakıda COP29-un keçiriləcəyi ərəfədə belə bir konfransın təşkili təqdirə­layiq haldır. 

Konfransın davamında mövzu ilə bağlı çıxışlar dinlənilib.



Son xəbərlər