Rəqabət Forumunda azad rəqabətin tərəqqinin təkanverici mexanizmi olması müzakirələrin aparıcı istiqamətini təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Rəqabət Forumunun məqsədinin bu il və növbəti illərdə günün ən mühüm yerli və qlobal çağırışlarının və səmimi dialoq platformasının yaradılmasından ibarət olduğunu deyib. O bildirib ki, iqtisadiyyat baxımından rəqabət orqanının əsas məqsədlərindən biri qəbul olunmuş rəqabət qanunvericiliyinin tam mənimsənilməsidir. Rəqabətin əsas daşıyıcı qüvvəsi onun verəcəyi nəticədir ki, bu da dayanıqlı inkişafın təmin olunması ilə əlaqədardır. Forum ölkə daxilində geniş auditoriya ilə aktual problemləri müzakirə etmək üçün unikal imkan yaradır.
Xidmət rəisi daha sonra qeyd etdi ki, gələcəkdə bu forum ölkəmizdə rəqabət siyasətinin inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və təbii ki, davamlı iqtisadi inkişaf məsələlərinin müzakirəsi platformasına çevriləcək: “Keçən il satınalma prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi nəticəsində ölkəmiz 742 milyon manat dövlət vəsaitinə qənaət edib. Ümid edirəm ki, cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması nəticəsində bu məbləğ daha da artacaq".
İqtisadiyyat nazirinin müavini Anar Axundov diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsinin tətbiqi müxtəlif sektor və bazarlarda səmərəli tənzimləmələrin aparılması imkanlarını genişləndirəcək. Nəticədə sahibkarlar üçün həmin bazarlarda əlverişli işgüzar mühit formalaşacaq: "Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir. Yeni rəqabət siyasətinin dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləməsi azad edilmiş ərazilərimizin dirçəldilməsinə də əlavə imkanlar açacaq, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək”.
Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov isə deyib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək. Bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq: "İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Əminəm ki, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq, sənəd uğurla tətbiq ediləcək".
Çıxış edən digər natiqlər forumda səsləndirilən məsələlərlə bağlı fikirlərini bölüşüblər. Forum “Rəqabət siyasətinin iqtisadiyyata təsiri” və “Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” mövzularında panel iclaslarla davam edib.
XQ