Prezident İlham Əliyev “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” 9 iyul 2024-cü il tarixli fərman imzalayıb. Sənədin adıçəkilən sistem vasitəsilə icrası zamanı bir sıra layihələrin həyata keçiriləcəyi nəzərdə tutulub. Belə ki, fərmanda rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulu, emalı, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunması qərara alınıb. Yeri gəlmişkən, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsi, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığının gerçəkləşdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Fərmana əsasən, Elektron Rəqabət İnformasiya Sisteminin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Sözügedən sistemin yaradılması və saxlanılması ilə bağlı xərclər isə adıçəkilən nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.
Sənəddə Nazirlər Kabinetinə Elektron Rəqabət İnformasiya Sistemi haqqında əsasnamənin layihəsinin hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, İqtisadiyyat Nazirliyinə isə həmin müddət ərzində sistemin formalaşdırılmasını həyata keçirmək tapşırılıb.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Elektron Rəqabət İnformasiya Sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin edəcək.
Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sözügedən sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, bu sahədə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.
Beləliklə, Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması Rəqabət Məcəlləsinin tətbiqi istiqamətində atılan mühüm addımdır. Mütəxəssislərin fikrincə, bu məcəlləyə əsasən, rəqabət orqanı bir sıra hallarda təbii inhisar subyektinin müraciətdə göstərilən hərəkətlərinə razılıq verilməsindən imtina edə bilər. Qüvvədə olan qanundan fərqli olaraq, məcəllədə rəqabət orqanı tərəfindən təbii inhisar subyektinin müraciətində göstərilən hərəkətləri etməsinə razılıq verilməsindən imtinanın konkret əsasları müəyyənləşdirilib. Bu mənada, əgər həmin hərəkətlər mövcud qiymətlərin artmasına, müştərilərlə müqavilələrin pozulmasına səbəb olarsa, müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərərsə, digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin məhdudlaşmasına gətirib çıxara, yaxud azad sahibkarlıq mühitinə mənfi təsir göstərərsə, qiymətləri tənzimlənən məhsulun satılması üçün istifadə olunan texnoloji sistemin pozulmasına və ya qiymətləri tənzimlənən məhsulun keyfiyyətinin aşağı düşməsini şərtləndirərsə, subyektin imkan və resurslarının müştərilərin məhsul üzrə ehtiyacının tam həcmdə ödənilməsinə imkan verməzsə, bu halda rəqabət orqanı təbii inhisar subyektinin həmin hərəkətləri etməsinə razılıq verilməsindən imtina edə bilər.
Qeyd edək ki, 2030-cu ilədək müəyyənləşdirilən Milli Prioritetlərdə Azərbaycanda dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat və rəqabətli insan kapitalı, müasir innovasiyalar məsələləri xüsusi yer tutur. Həmin məsələlərin uğurla gerçəkləşdirilməsi digər şərtlərlə yanaşı, ölkədə inhisarçılıq meyillərinin aradan qaldırılmasını və azad rəqabətin təşviqini də tələb edir. Belə şəraitdə isə bazarın böyük hissəsini ələ keçirən, təklifin həcminə və qiymətlərə nəzarət edən hər hansı subyektin bu sahədəki fəaliyyətini məhdudlaşdırmaq qarşıda mühüm vəzifə kimi durur. Bu halı aradan qaldırmaqla iqtisadiyyatın səmərəliliyinə, məhsulun keyfiyyətinə müsbət təsir göstərmək mümkündür. Başqa sözlə, Rəqabət Məcəlləsinin tətbiqi ilə bazarda qiymətlər tələb-təklifə uyğun surətdə tənzimlənir, azad və sağlam rəqabət mühiti formalaşır, rəqabət qanunvericiliyinə əməl edilməsi ciddi şəkil alır.
Ümumiyyətlə, Rəqabət Məcəlləsi rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyənləşdirir, sahibkarlıq da daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Rəqabət Məcəlləsinin qüvvəyə minməsi mühüm hadisədir. Məcəllənin işlək reallaşdırma mexanizminin hazırlanıb tətbiq edilməsi, sənəddə nəzərdə tutulan tələblərə dolğun şəkildə əməl edilməsi də xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında fərman imzalaması mühüm önəm daşıyır.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
Cari ilin iyul ayının 1-dən ölkədə Rəqabət Məcəlləsi qüvvəyə minib. Bu ərəfədə ölkə Prezidentinin müvafiq fərmanı ilə Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması heç də təsadüfi sayıla bilməz. Sənədə əsasən, adıçəkilən sistem rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə vurğulanan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.
Elektron Rəqabət İnformasiya Sisteminin sahibi funksiyalarını isə İqtisadiyyat Nazirliyi, operatorluğu isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirəcək, onun yaradılması və saxlanılması ilə bağlı xərclər Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına olacaq.
Beləliklə, ölkədə sağlam bazar münasibətlərinin formalaşmasında atılan yeni addım bu sahədə mövcud olan problemlərin çozülməsini təmin edəcək.
Beləliklə, yeni qüvvəyə minən Rəqabət Məcəlləsi rəqabətpozucu davranışlarla mübarizədə adekvat alətlərin tətbiqinə və daha səmərəli qərarların qəbul edilməsinə şərait yaradacaq. Eyni zamanda, müasir çağırışlara cavab verən rəqabət qanunvericiliyi bazar paylarının təkmil alətlər vasitəsilə müəyyənləşdirilməsi və bazar münasibətlərinin tənzimlənməsi, özəl sektorun inkişafı, rəqabət intizamının gücləndirilməsi, iqtisadi artım və gəlirlərin optimal bölgüsünə töhfə verəcək. Rəqabət Məcəlləsi ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.