Buxarada Azərbaycan – Özbəkistanın Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda ölkəmizi təmsil edib.
Səfər çərçivəsində Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşündə bildirilib ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev ölkələr arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi məsələlərinə xüsusi əhəmiyyət verir ki, bu da hər iki ölkənin və regionun iqtisadi tərəfdən inkişafına şərait yaradır. Danışıqlar zamanı ölkələr arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, birgə təşəbbüslərin mühüm rol oynadığı vurğulanıb. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Sonra Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib. Həmsədrlər Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov qeyd ediblər ki, komissiya birgə layihələrin həyata keçirilməsi və işgüzar əlaqələrin inkişafında səmərəli platformadır.
Bildirilib ki, ölkələr arasında ikitərəfli ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətini təşkil edir. Ötən il mal dövriyyəsi 180 milyon dollara yaxın olub. Bu ilin 5 ayı ərzində isə bu rəqəm 70 milyon dollara yaxındır. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində 90 özbək şirkəti qeydiyyatdan keçib. Birgə əməkdaşlıq çərçivəsində Hacıqabul sənaye parkında minik avtomobilləri istehsal edilir. Bu il iyulun 1-dək 5 min 300-dən artıq “Chevrolet" markalı avtomobil istehsal olunub. Bu layihə çərçivəsində pikap, yük maşınları və avtobusların istehsalı da həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycan və Özbəkistan nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq edir. SOCAR və “Özbəkneftqaz” hər iki ölkədə neft yataqlarının istismarı ilə bağlı yeni llayihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərir.
Görüşdə Mərkəzi Asiya dövlətlərindən Avropaya elektrik enerjisinin Azərbaycan ərazisindən ixrac olunması imkanları da müzakirə olunub. Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlıq haqqında 2024-cü ilin may ayında imzalanan memorandum bu sahədə səmərəli və qarşılıqlı əməkdaşlığın təməlini qoyub. Səhiyyə, turizm, təhsil, mədəniyyət və başqa sahələrdə uğurlu fəaliyyət davam edir.
Sonda imzalanan yekun sənəddə ticarət-iqtisadi, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiya, və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi öz əksini tapıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Buxara