Bəzən zaman susur, illər ötür, yollar dəyişir, amma əməlləri ilə adını tarixə yazdıranlar unudulmurlar. Onlar yaddaşın ən dərin qatlarında kök atır, xatirələrdə boy verir, nəsillərin yaddaşında yaşayırlar. Yurdsevər müəllim və tanınmış ədəbiyyatşünas alim Əliyar Məhəmməd oğlu Qarabağlı da belə simalardan biridir. O, bir məktəb, bir düşüncə, bir işıq idi.
Onun adı çəkiləndə təkcə bir alim deyil, sinif otağında səssizcə lövhəyə yazı yazan müəllim, kənd uşaqlarının gözündə ümid yandıran maarifçi, auditoriyada tələbələrə düşünməyi öyrədən bir ustad canlanır. Xəzər Universitetində alimin 125 illiyinə həsr olunmuş məruzələrdə də bu barədə danışıldı.
Hər şey bir kənddən – Lejbədin kəndindən, dağların qoynunda, küləklərin pıçıldadığı, çayların öz nəğməsini oxuduğu bir yurdda başladı 1921-ci ilin sərt, sarsıntılı günlərində, həyatın qarışıq və qeyri-müəyyən olduğu bir zamanda 20 yaşlı bir gənc bu kənddə bir çıraq yandırdı. Bu, bir məktəb, əslində, bir ümid idi.
Kəndin bir küncündə yerləşən sadə bir binada, bəzən torpaq döşəmədə, bəzən soyuq divarlar arasında uşaqlar ilk dəfə hərflərlə tanış olurdu. Əliyar müəllim onların qarşısında dayananda, sadəcə, dərs demirdi, həm də uşaqların gələcəyini qururdu.
Təhsilini Qazax seminariyasında davam etdirən Əliyar Qarabağlı məktəb mühitində yeni bir nəfəs, yeni bir canlanma yaradırdı. O, kənd uşaqlarının gözündə məktəbi təkcə oxu-yazı yeri deyil, gələcəyə açılan bir qapı kimi canlandırmağa çalışırdı. Hər dərsində bir işıq vardı, hər sözündə bir ümid. O işıq tədricən uşaqların baxışına da hopur, onların dünyasını dəyişirdi.
Daha sonra Bakıya yol alan Əliyar Qarabağlı pedaqoji təmayüllü məktəbi və texnikumu bitirir, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirir. Tozlu küçələr, dar otaqlar, yorğun gecələr, ağır gündüzlər… Şəhərin nəfəsi sərt idi, həyat isə daha sərt.
Yataqxana yox idi, pul çatmırdı, amma içində oxumaq, öyrənmək, yetişmək, yaratmaq yanğısı vardı. O, gündüzlər işləyir, gecələr isə kitabların işığında özünü axtarırdı. Bəzən bir tikə çörəyə möhtac qalırdı. Çox ağır dövr idi. Atası Məhəmməd kişi qolçomaq kimi həbs edilmiş, sonra güllələnmişdi. Amma Əliyar Qarabağlı ruhdan düşmədi. Oxudu, çətinliklərə dözdü. Bəlkə də elə buna görə sonralar deyirdi ki, müəllimlik kitabdan yox, həyatdan başlayır. Çünki o, həyatı acı ilə, çətinliklə yaşamışdı.
Nəhayət, çox çətinliklə iki aylıq məzuniyyətə getmiş bir müəllimin yerinə işə düzəlməsi onun üçün həm xilas, həm də yeni başlanğıc oldu.
O, sonralar müəllimlik fəaliyyətinin ilk günlərini təbəssümlə xatırlayırdı. Amma o təbəssümün arxasında çox şey gizlənirdi:
– Uşaqlarla xoş rəftar edirdim, gördüm alınmır… şuluqluq edirdilər… dərs pozulurdu… başladım şeşələnməyə…
Bu sadə sözlərin içində bir gəncin müəllimə çevrilmə prosesi gizlənmişdi. O, çətinlikdən qaçmamışdı, bu çətinliyin içindən keçmişdi.
Çətinliklər bir-bir gəlib keçsə də, Əliyar Qarabağlı bir yerdə dayanmadı. O, Bakı məktəblərində dərs deyə-deyə oxudu, gecələrin yorğunluğunu səhərin ümidi ilə əvəz etdi və nəhayət, Pedaqoji İnstitutu fərqlənmə ilə başa vurdu. O, sadəcə, tələbə deyildi, həm də bir müəllim idi.
Təhsilini başa vurduqdan sonra Əliyar Qarabağlı elmi və publisistik fəaliyyət yoluna qədəm qoydu. Bu dövr onun düşüncə dünyasının formalaşdığı, sözə məsuliyyətlə yanaşmağın mənasını dərk etdiyi illər idi. Gənc Əliyar üçün yazı artıq, sadəcə, fikir ifadəsi deyil, bir mövqe, bir möhkəm dayaq idi.
Elə həmin illərdə Azərbaycan mədəni mühitində ciddi bir müzakirə gedirdi. Musiqi aləmində tarın “köhnəlmiş alət” olduğu, onun sədalarının guya “ağlamaq motivləri” daşıdığı iddia edilərək bu alətin ləğvi məsələsi gündəmə gətirilmişdi. Bu fikir ətrafında cəmiyyət iki yerə bölünmüşdü. Bir tərəf tarın keçmişdən gələn yük olduğunu deyir, digər tərəf isə onu milli ruhun səsi kimi müdafiə edirdi.
Məhz belə bir gərgin və həssas zamanda Bakı qəzetlərinin birində “Tar ağlamayacaq” adlı məqalə işıq üzü görür. Bu yazı gənc Əliyar Qarabağlının qələmindən çıxmışdı. O, hələ yolun başlanğıcında olsa da, sözündə bir cəsarət, bir qətiyyət vardı. Məqalə həm üsyan idi, həm də müdafiə, həm musiqiyə, həm də milli yaddaşa ünvanlanan bir səsləniş.
Bu onun ilk ciddi publisistik işi sayılırdı. Ondan əvvəl də mətbuatda xırda yazıları, xəbər xarakterli qeydləri çap olunurdu, lakin “Tar ağlamayacaq” artıq başqa bir səviyyənin başlanğıcı idi. Bu, düşünülmüş mövqe, aydın ideya və içdən gələn bir inam idi.
Əliyar Qarabağlı bu yazısında təkcə bir musiqi alətini müdafiə etmirdi. O, əslində bir xalqın yaddaşını, onun səsini, onun ruhunu qorumağa çalışırdı. Tar onun üçün, sadəcə, simli alət deyildi, o, bir mədəniyyətin nəfəsi, bir tarix yaddaşı idi. Onu “ağlayan səs” kimi təqdim etmək isə həmin yaddaşa kölgə salmaq idi.
Bu məqalə bir gəncin qələmi ilə yazılsa da, içində böyük bir cəsarət vardı. Onun üçün söz yalnız ifadə vasitəsi deyil, həm də məsuliyyət idi. Əliyar Qarabağlı bu yazısı ilə həm də öz yolunu müəyyənləşdirirdi: o yol elmin, ədəbiyyatın və milli düşüncənin yoluydu.
1933-cü ildə F.Qasımzadə və Ə.Qarabağlının birgə tərtib etdikləri və “Azərnəşr” tərəfindən çap olunmuş “4-cü təhsil ili üçün ədəbiyyat müntəxəbatı” dərsliyi də dövründə maraqla qarşılanmışdır.
Görkəmli pedaqoq 1939-cu ilə qədər Bakının 1 saylı məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi. Şagirdləri arasında Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Mehdi Məmmədov, ilk azərbaycanlı qadın rəssam, qrafika ustası Maral Rəhmanzadə, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Bəhlul Səttarzadə də vardı.
Bu illər onun pedaqoji dünyasının formalaşdığını, müəllimlik sənətinin, sadəcə, peşə deyil, bir missiya olduğunu dərk etdirdi. Onun üçün lövhədə yazılan hər cümlə, oxunan hər bədii parça, sadəcə, məlumat yox, düşüncəyə açılan bir pəncərə idi. Yaxşı anlayırdı ki, əzbərlənmiş bilik zamanla unudulur, lakin düşüncə ilə qazanılmış bilik insanın daxilində kök atır və onu dəyişdirir. Buna görə tələbələrinə hazır cavablar deyil, sual verməyi, düşünməyi öyrədirdi. Hələ ötən əsrin 60-cı illərində söylədiyi fikirlər bu gün də aktuallığını saxlayır: “Bizə, sadəcə, əsərləri tanıyan yox, düşünən, analiz edən, öz fikrini ifadə edən insanlar lazımdır”. Bu fikir onun pedaqoji dünyagörüşünü ifadə edirdi. Onun üçün müəllimlik şagirdə informasiya ötürmək deyil, düşüncəyə istiqamət vermək idi.
Əliyar Qarabağlı sonradan Azərbaycan Dövlət Universitetində (ADU) pedaqogika kafedrasının professoru kimi fəaliyyət göstərdi. O dövrdə ədəbiyyatın tədrisi metodikası tam formalaşmamışdı və o, bu sahədə elm ilə məktəb arasında körpü yaratmışdı.
Onun pedaqoji irsində ibtidai siniflər üçün hazırladığı “Ana dili” (2-ci sinif qiraət kitabı) xüsusi yer tutur. Bu kitab uşağın dünyagörüşünü formalaşdıran mühüm tərbiyə vasitəsi idi. O hesab edirdi ki, ibtidai təhsildə məqsəd təkcə oxumağı öyrətmək deyil, uşağı düşünməyə, dərk etməyə yönəltməkdir.
Əliyar Qarabağlı həm də ədəbiyyatşünas alim kimi Azərbaycan ədəbiyyatı və folklorunun tədrisi ilə bağlı çoxsaylı məqalələr yazmış, folkloru məktəb tədrisində elmi-tədqiqat obyektinə çevirmiş ilk tədqiqatçılardan idi. Tez-tez ekspedisiyalara çıxırdı. 1949-cu ildə yazdığı “Orta məktəbin ədəbiyyat kursunda Azərbaycan folklorunun yeri və tədris üsulu” adlı dissertasiya işi bu sahədə ilk sistemli araşdırmalardan sayılır və onun elmi düşüncəsinin genişliyini göstərir. Bu gün onun adı çəkiləndə təkcə bir alim deyil, bütöv bir pedaqoji məktəb xatırlanır. O, yaddaşlarda yaşayan müəllimlərdəndir.
Görkəmli ədəbiyyatşünas Abbas Zamanov onu “öz sənətini qəlbən sevən müəllim və alim” kimi dəyərləndirir, Xalq yazıçısı Mirzə İbrahimov isə “maarif fədaisi” adlandırırdı. Onun gərəkli irsi bu gün də Azərbaycan pedaqogikası və ədəbiyyatı tarixində, nurlu xatirəsi isə tanıyanların qəlbində yaşayır.
P.ƏFƏNDİYEV
XQ


