Azərbaycan və Monqolustan arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.
XQ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin "X" sosial media hesabında edilən paylaşımda qeyd olunub.
"Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələlərini müzakirə etdik.
"Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzaladıq. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq", - paylaşımda deyilir.

