Hörmətli oxucular! Son günlər redaksiyamıza ünvanladığınız məktub və şifahi müraciətlər əsasında “XQ-yə yazırlar” rubrikasını bərpa etmək qərarına gəlmişik. Sizin irad, təklif və şikayətlərinizi dərc etməkdə məqsədimiz problemləri ictimailəşdirməklə onların müsbət həllinə nail olmaqdır.
Ötən əsrin sonlarına qədər oxuculardan redaksiyanın poçtuna qalaq-qalaq məktublar daxil olardı. Etiraf edirik ki, indi onların sayı kəskin azalıb. Amma ara-sıra oxucular onları narahat edən bir çox məsələlərlə bağlı irad və təkliflərini yazılı surətdə bildirirlər.
Yeri gəlmişkən, bəzi vətəndaşlar üzləşdikləri problemlərlə bağlı gileylərini redaksiyamıza “Votsap”, eləcə də digər sosial şəbəkələr vasitəsilə ünvanlayırlar. Bütün hallarda mahiyyət dəyişmir. Siz istər məktublar, istərsə də onlayn yolla bizə müraciət edə bilərsiniz. Bu gün isə bu müraciətlərdən 3-nü dərc edirik.
Şəhər ümumi evimizdir...
Bu günlərdə yolum Dənizkənarı bulvara düşmüşdü. Xəzərin qucağına sığınan bu əsrarəngiz məkanı gəzdikcə-gəzir, gah dənizə, gah da İçərişəhərə tərəf boylanıb buradakı gözəlliklərdən zövq alırdım.
Həqiqətən, bizim bulvar çox gözəldir. Son illər burada tər çiçəklərlə dolu çoxlu güllüklər salınıb, bəzi yerlərdə rəngarəng dibçək gülləri düzülüb. Al, bəyaz, sarı, çəhrayı güllər bulvara xüsusi təravət bəxş edir.
İnsafən, kommunal xidmətin əməkdaşları ərazini təmiz saxlamağa çalışırlar. Amma di gəl ki, bəzi sakinlər, elə bil, buradakı səliqə-sahmana qənim kəsiliblər. Əvvəlcə 2-3 nəfər cavan oğlanın bulvar boyu gəzərək əllərindəki kiçik paketlərdəki tumu çırtlayıb qabığını yerə tullamasını görəndə təəccüb etdim. Sonra gördüm ki, tum çırtlayıb yerə atanlar çoxdur. Ən pisi isə odur ki, tum çırtlayanlar təkcə uşaq, yeniyetmə və gənclər deyillər. Onların arasında, hətta orta və ahıl yaşda olan adamlara da təsadüf olunur.
Bu, ən azı insafsızlıqdır! Cənablar, tumu bir qaba yığıb zibil qutusuna atın! Bulvarın hər yerində kifayət qədər zibil qabları var. Biz şəhərimizi təmiz saxlamasaq, əcnəbi qonaqlar barəmizdə nə düşünərlər? Təmizik axı həm də sağlamlıq deməkdir.
Amaliya ZALIQIZI,
şəhər sakini
Siz ey diqqətli cavanlar...
Mən pensiyaçıyam. 70-dən artıq yaşım var. Avtobusdan həftədə 2-3 dəfə istifadə etməli oluram. Qeyd etmək lazımdır ki, avtobuslar üçün xüsusi hərəkət zolaqlarının yaradılması nəqliyyatın işini xeyli yaxşılaşdırıb.
Amma bir çox yeniyetmə və cavanların avtobusda ayaq üstə qalan yaşlı adamlara yer verməmələri məni narahat edir. Bəzilərinin başı guya telefondakı oyunlara qarışır, bir başqaları isə özlərini görməzliyə vururlar. Hətta az-az hallarda olsa da, başlarının üstündə dayanan qocaları hirsli baxışları ilə qəzəblə süzənlər də tapılır.
Belə hallarda yadıma 20-25 il əvvəlki dönəmlər düşür. O vaxtlar cavanlar avtobus salonlarında qocaları görəndə dərhal yerlərindən sıçrayıb onlara lütfkarcasına yer verərdilər. İndi belələrinin sayı, təəssüf ki, durmadan azalır.
Bu məsələni televizya verilişlərində də tez-tez müzakirə etmək lazımdır. Hətta ara-sıra reydlər keçirib tənqidi süjetlər də göstərmək olar. Unutmaq olmaz ki, bizim xalq hər zaman böyük-kiçiyə diqqət göstərib. Bu gözəl ənənəni davam etdirmək çox vacibdir.
Məmmədəli HÜSEYNOV,
təqaüdçü
Sumqayıtın şəfqətli həkimləri
Hörmətli redaksiya! Mən İkinci Qarabağ müharibəsinin 3-cü qrup qazisi Emin Səfərovun həyat yoldaşıyam. Özüm də bir neçə il əvvəl beyin infarktı keçirdiyim üçün II qrup əliləm. İki övladımız var. Qızım Aygül artıq 2-ci ildir ki, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Qaz Kollecində istilik mühəndisliyi ixtisası üzrə təhsil alır. Oğlum Adəmin isə 9 yaşı var.
Bu məktubu yazmaqda məqsədim var. Mən özümün və ailə üzvlərimin səhhətində yaranan problemlərlə bağlı Sumqayıt şəhərindəki Şəfəq qəsəbəsində yerləşən 3 saylı tibb məntəqəsinə tez-tez müraciət etməli oluram. Hər dəfə də məntəqənin baş həkimi Leyla Məmmədovanın özündən və burada çalışan həkimlər – Yasin Quluzadə, Ülvi Umudlu, Rasimə Baxışova, Dürdanə Mürsəliyevadan, eləcə də tibb bacıları Şuşa İmayılova, Əfsanə Cəfərova, Lalə Həsənova və feldşer Ramin Abdullayevdən böyük diqqət və qayğı görürəm. Bu insanların bizə şəfqətli münasibəti səhhətimizə acı həblərdən heç də az kömək etmir. Sağ olsunlar!
Qeyd edim ki, təkcə bizim ailə deyil, qəsəbədə yaşayan, demək olar ki, bütün sakinlər 3 saylı məntəqənin fədakar tibb heyətindən yerdən-göyə qədər razıdırlar. Allah şahiddir ki, onlar bütün pasiyentlərə, xüsusilə də həssas təbəqədən olan insanlara – qazilərə və şəhid ailələrinə öz doğma bacı-qardaşları kimi sayğı göstərirlər.
Pərvanə SƏFƏROVA,
Sumqayıt sakini
Çapa hazırladı:
Məsaim ABDULLAYEV
XQ

