Ortaq texnoloji hədəflər axtarışı
Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Məclis Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.
TÜİB, TOBB, TÜRKSOY, TİKA, Türk Mühəndislər Dərnəyi və digər nüfuzlu qurumların tərəfdaşlığı ilə həyata keçirilən məclisdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət qurumlarının, akademik dairələrin və iş dünyasının nümayəndələri iştirak ediblər. Zirvədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də Türkiyədən yüksək səviyyəli dövlət və iş dünyası nümayəndələri iştirak ediblər.
Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı nitqində tədbirin qısa tarixçəsinə toxunub: “İlk tədbir Ankarada baş tutub, ikincisi Türküstanda, üçüncüsü isə Kiprdə keçirilib. Dördüncü tədbirimizi bu gün Bakıda təşkil edirik. Məqsədimiz Türk dünyasına mühəndislik və texnologiya baxımından yeniliklər qazandırmaqdır. Bizim güclü bir keçmişimiz var və məhz bu gücdən ilham alaraq gələcəyə daha böyük inamla baxırıq. Türk dünyasını türk mühəndislərinin əli ilə qururuq.
Türk dünyasında mühəndislik təhsilinin vahid bir nöqtəyə gətirilməsini istəyirik. Yeni ixtisaslar üzrə əməkdaşlıq şəraitində tədrisin həyata keçirilməsini arzulayırıq. Mühəndislik sahəsi süni intellektlə birlikdə hazırda ən yüksək inkişaf mərhələlərindən birini yaşayır. Yeni istiqamətlər də məhz süni intellektin inkişafı ilə meydana çıxır. Türk dünyası olaraq bir-birimizlə əməkdaşlığa daha çox can atmalıyıq. Türk dünyasında ən vacib məsələlərdən biri elmi araşdırmaların aparılmasıdır. Genişmiqyaslı tədqiqatların həyata keçirilməsi inkişafı daha da sürətləndirir”.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məclis iştirakçılarına KOBİA-nın fəaliyyət istiqamətləri, investorlar üçün imkan və perspektivlər haqqında məlumat veriblər, Türk dünyasında inteqrasiyanın dərinləşməsindən söz açıb: “Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi fonunda mühəndislik modelinin formalaşması və yeni texnologiyaların inkişafı üçün vaxt və münbit zəmin yaranmışdır. Məhz bu gün burada güclü iqtisadi platforma çərçivəsində bir araya gəlmişik. Ölkəmizdə yaradılan sənaye mərkəzləri və məhəllələri beynəlxalq investorların sayının artmasına təkan vermişdir. Bu müəssisələr çevik yanaşma və operativ həll mexanizmləri ilə iqtisadi sahədə mühüm rol oynayır.
Türkiyə ilə iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. Logistika və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin yeni mərhələyə yüksəlməsini təmin etmişdir. KOBİA-nın təşəbbüsü ilə Qars və Naxçıvanda Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə biznes forumlar keçirilmişdir. KOBİA-nın Türkiyənin tərəfdaş qurumları ilə 15 müqaviləsi və 2 niyyət protokolu mövcuddur”.
Toplantı çərçivəsində mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, kibertəhlükəsizlik və süni intellekt mövzularında panel müzakirələri keçirildi, eyni zamanda B2B görüşlər təşkil olunub. Zirvə çərçivəsində natiqlər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
N.ABDALOV
XQ

