“Moody's” ölkəmizin reytinqini “sabit”dən “müsbət”ə qaldırıb

post-img

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir olunur. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər. 

Nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Moody's”un Azər­baycanla bağlı fikirləri də bu baxımdan maraq doğurur. Ölkə­mizdə iqtisadiyyatın şaxələndiril­məsi və makroiqtisadi siyasətin səmərəliliyi perspektivlərinin yax­şılaşdığı qənaətinə gələn agent­lik Azərbaycan hökumətinin emi­tent və yüksək təminatsız xarici valyutada reytinqlərini “Ba1” sə­viyyəsində təsdiqləyib və proqno­zu “sabit”dən “müsbət”ə dəyişib.

“Müsbət proqnoz iqtisadiy­yatın şaxələndirilməsi və makro­iqtisadi siyasətin effektivliyinin təkmilləşdirilməsi perspektivləri­ni əks etdirir. Bu da Azərbayca­nın kredit profilinin daha yüksək reytinq səviyyəsinə uyğun olaraq xeyli güclənməsinə səbəb ola bilər. Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycan daxilində investisi­ya qoyuluşu iqtisadi perspektivə təkan verir. Doğrudur, bunun iq­tisadiyyata təsiri yalnız zamanla hiss olunacaq. Bundan başqa, Avropanın Azərbaycan təbii qazı­na tələbatının artması, həmçinin bərpa olunan enerji sahəsində layihələrin genişlənməsi tükənən neft ehtiyatlarının ölkənin xarici hesablarına təsirini yumşalda­caq”, – deyə agentliyin hesaba­tında bildirilir. 

Qurumun analitikləri hesab edirlər ki, neft qiymətlərinin də­yişməsi və fiskal intizam daxil olmaqla, son sarsıntılar fonunda makroiqtisadi sabitliyin saxlanıl­masına dair “xidmət dəftərçəsi” bu istiqamətdə yürüdülən siyasə­tin effektivliyinin artmasını göstə­rir. Bununla yanaşı, hesabatda qeyd olunur ki, idarəetmənin təkmilləşdirilməsi üzrə davamlı səylər səmərəli olarsa, zamanla institusional effektivlik və bu is­tiqamətdə siyasətə dair etimad daha da güclənəcək.

Reytinqin təsdiqi kreditlə bağlı üstünlükləri əks etdirir. Bu isə ölkəmizin aşağı borc yükü, çox yüksək borc almaq imkanına malik olması və xarici aktivlərdə saxlanılan əhəmiyyətli fiskal ehti­yatları ilə çox güclü dövlət balan­sına əsaslanır. Bütün bunlar öz növbəsində hökumətin likvidlik və xarici həssaslıqla bağlı riskləri azaldır. Azərbaycanın yerli və xa­rici valyutada reytinq tavanlarının müvafiq olaraq “Baa2” və “Ba1” səviyyəsində dəyişməz olaraq qaldığını önə çəkən hesabat müəllifləri qeyd edirlər ki, yerli valyuta tavanı ilə suveren reytinq arasındakı iki səviyyədə fərq hö­kumətin iqtisadiyyatda böyük işti­rakını və hələ də zəif institusional idarəetməni Dövlət Neft Fondu­nun ölkənin xarici və makroiqtisa­di sabitliyini dəstəkləyən nəhəng aktivlərinə qarşı tarazlaşdırır. 

Hazırda Avropanın enerji xə­ritəsinin zənginləşdirilməsinə xid­mət edən Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti də “Moody's”un diqqətindən yayınmayıb. Belə ki, qurum son hesabatında “Cə­nub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək təminatsız xarici valyuta reytinqlərinin “Ba1” səviyyəsində təsdiq edib və proqnozu sabitdən müsbətə dəyişib. Azərbaycanın Avropa İttifaqının onun təbii qaz resurslarına olan yüksək tələba­tındən faydalandığını önə çəkən hesabatda qeyd olunur ki, bu amil təşkilatın Rusiya “mavi ya­nacağ”ından asılılığını azaltmaq üçün mənbələri və tədarük mar­şrutlarını şaxələndirmək səyləri­ni əks etdirir. “Son 1-2 il ərzində Azərbaycan Avropa Komissiyası, eləcə də ayrı-ayrı Avropa ölkələri ilə qaz tədarükü ilə bağlı bir sıra sazişlər imzalayıb. Nəticədə, 2022-ci ildən bəri qaz hasilatı və ixracı əhəmiyyətli dərəcədə artıb və SGC boru kəmərinin kəşfiyya­tı və genişləndirilməsi layihələri sayəsində əlavə artım imkanları yaranıb. Xüsusən də neft ehti­yatlarının tükənməsi səbəbindən bu enerji resursunun hasilatının azaldığını nəzərə alsaq, karbo­hidrogen sektorunda qaz təda­rükünün artırılmasının ənənəvi neftdən asılılığın şaxələndirilmə­sini təmin edəcəyini söyləyə bilə­rik”, – deyə sənəddə vurğulanır. 

Nüfuzlu reytinq agentliyi­nin hesabatından da göründü­yü kimi, Azərbaycan Avropanın “mavi yanacaq”la təminatında yaxından iştirak edir ki, bu da ölkəmizin strateji müttəfiq, enerji əməkdaşı kimi əhəmiyyətini get­dikcə artırır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycan­dan Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdisə, 2023-cü ildə bu göstərici 11,8 milyard ku­bmetr təşkil edib. Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən isə, Azərbaycan 2027-ci ilə qədər “köhnə qitə”yə təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır.

“Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suve­ren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlən­məsi ilə bağlı hesabatında Orta Dəhlizin Avropa və Asiya ara­sında mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti də yer alıb. “Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi ilə bağlı fəallığın artması nəqliyyat və logistika sektorunda dayanıqlı göstəricilərin əsasını təşkil edir. Onun Çin və Avropa İttifaqı arasında ticarət əlaqələri üçün alternativ marşrut kimi ar­tan əhəmiyyətini nəzərə alsaq, bu sektorda gələcək artımın iq­tisadiyyatın şaxələndirilməsinə dəstək verəcəyini söyləyə bilə­rik”, – deyə agentliyin analitikləri qeyd edirlər. Hesabatda o da bil­dirilir ki, böyük və şaxələndirilmiş nəqliyyat-logistika sektorunun iqtisadiyyatda daha çox müsbət xarici təsirləri olacaq və bu da Azərbaycanın dayanıqlığını və kredit profilini gücləndirə bilər. 

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dəni­zi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il bu marşrutla 2,7 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 86 faiz çoxdur. 2024-cü ildə isə Orta Dəhlizlə yükdaşımaların 4 milyon tonu keçəcəyi gözlənilir. 

“Moody's” beynəlxalq rey­tinq agentliyinin hesabatında ölkəmizin suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) uğurlu fəaliyyəti də yer alıb. Hesabatda qeyd olunur ki, ARDNF-də saxla­nılan suveren sərvətlər əhəmiy­yətli dərəcədədir və hökumətin birbaşa borcunu təxminən beş dəfə örtür. Qurum analitiklərinin fikrincə, Azərbaycanın “Ba1” rey­tinqinin təsdiqlənməsi aşağı borc yükü və xalis aktiv mövqeyi, güc­lü hökumət balansı ilə dəstəklə­nir. Hesabatda vurğulanır ki, belə fiskal xəzinə ehtiyatlarının olma­sının hökumətin likvidlik riskləri­ni məhdudlaşdırır. “Pandemiya zamanı belə fiskal buferlərdən səmərəli istifadə kontrsiklik xərc­ləri həyata keçirməyə imkan ve­rib və hökumətin fiskal və borc fəaliyyətinin pisləşməsini məh­dudlaşdırıb. Bundan başqa, bu aktivlər xarici valyutada ifadə edi­lir və əsasən sabit gəlirli qiymətli kağızlara yatırılır. Nəticədə bu­nunla Mərkəzi Bankda saxlanılan valyuta ehtiyatlarına əlavə olaraq əlavə xarici buferlər təmin edi­lir”,– deyə sənəddə qeyd olunur.

İqtisadiyyat