Qarabağ amili və Cənubi Qafqazda sülhə əngəl təmayüllər
Ermənistanın maraqlarına xidmət baxımından özünü göstərən Frankofoniya təşkilatı yenə köhnə ampluasındadır. Qurumun parlament assambleyası “Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamə qəbul edib. Bu barədə Ermənistan parlamentinin “Mənim addımım” partiyasından olan deputatı Arman Yeqoyan özünün “Facebook” səhifəsində yazıb. Qətnamədə nədən söz açıldığını diqqətə çatdıracağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.
A.Yeqoyanın təmsil olunduğu “Mənim addımım” partiyasının yaradıcısı Ermənistanın baş naziri Nikol Paşinyandır. Məsələ burasındadır ki, Nikol və onu hakimiyyətə gətirən qüvvələr 2018-ci ildə müxtəlif, belə demək mümkünsə, partnyor siyasi qurumlar formalaşdırmışdılar. Bunların içərisində hazırda baş nazirin özünün rəhbərlik etdiyi “Vətəndaş sazişi” də var idi, “Missiya” adlı təşkilat da, “Mənim addımım” partiyası da. Bu planı quranlar gələcək üçün marionet müxalifətin olmasını hesablamışdılar. Məqsədləri demokratik ab-hava görüntüsü yaratmaq, əslində isə parlamentdə üstünlük qazanmaq idi. Sözümüz ondadır ki, “Mənim addımım” elə hakim “Vətəndaş sazişi” kimi bir şeydir və bu partiya Frankofoniya təşkilatında anti-Azərbaycan motivli qətnamənin təşəbbüskarı qismində çıxış edir. Deməli, rəsmi İrəvanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair ara-sıra verdiyi bəyanatlar mənasız söz yığınıdır, səmimiyyətdən uzaqdır.
Bəli, bir halda ki, A.Yeqoyanın təmsil olunduğu “Mənim addımım” Frankofoniya Təşkilatında “Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamənin qəbuluna nail olur, deməli, Ermənistan hakimiyyətinin ölkəmizlə sülh müstəvisində dilə gətirdiyi fikirlər də əhəmiyyətini itirir, saxta mahiyyət daşıyır. Sözügedən qətnamədə həmin mahiyyəti təsdiqləyən məqamlar kifayət qədərdir. Elə isə mövzuya keçək.
Frankofoniya Təşkilatının məlum qətnaməsində bildirilir ki, sənəd “Azərbaycanın 2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağa hücumu, 100 mindən çox erməninin məcburi köçkünlüyü və Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaqda davamlılığı” nəzərə alınaraq qəbul edilib. “Qarabağa hücum” məntiqinə diqqət yetirək. Sanki Azərbaycan özünün konstitusiya quruluşunu bərpa etməməli, Qarabağdakı separatçı rejimi sıradan çıxarmamalı idi. Görəsən, başqa istəkləri qaldımı?
Əlqərəz, Frankofoniya parlament assambleyası beynəlxalq aləmi Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Sanki, kimlərsə ölkənin işğalına çalışırlar, onun müdafiəsinə ehtiyac duyulur. Göründüyü kimi, təşkilat məzlum erməni obrazı yaratmaq kimi ənənəvi “yola” girişib. Bu obrazda ən böyük “rol” Qarabağ ermənilərinə verilir. Qətnamədə “Azərbaycanın işğalı” nəticəsində onların, guya, etnik təmizləməyə məruz qaldıqları, həmçinin erməni mədəni və dini irsininin məhvə düçar olduğu vurğulanıb. Yəni sənəd rəsmi İrəvanın zaman-zaman baş vurduğu xarici siyasət ritorikasının ruhundadır. O ruh ki, onun bütün ifadə formalarında anti-Azərbaycan təbliğatının motivləri var.
Bəs Frankofoniya təşkilatının “Ermənistanın müstəqilliyinə və suverenliyinə sarsılmaz dəstəyi” nədir? Bunun üçün də çox düşünməyə ehtiyac yoxdur. Belə ki, qurumun qətnaməsində 1991-ci ilin Alma-Atı Bəyannaməsi üzərində dayanılıb. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər həmin bəyannamənin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması müddəasına uyğun tənzimlənməlidir. Yəni bu, dolayısı ilə o deməkdir ki, Ermənistan hökuməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyəcək, Naxçıvana maneəsiz yol öhdəliyindən boyun qaçıracaq. Ancaq buna görə ölkə hansısa çətin duruma düşsə, ona dəstək göstərilməlidir.
Bəli, Frankofoniya təşkilatının parlament məclisi, loru dildə desək, vay-şivən salmaqla, qabaqdangəlmişliklə məşğuldur. Bu sərsəm ritorika da rəsmi İrəvanın xarici siyasət kursunda başlıca halqanı təşkil etməkdədir. Məsələ burasındadır ki, Azərbaycanın Naxçıvana yol məsələsində irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqini, yəni orada gömrük və sərhəd nəzarətinin olmaması tələbini heçə sayan Ermənistan hakimiyyəti sözügedən yolun fəaliyyət göstərməsində də maraqlıdır. Ona görə maraqlıdır ki, həm iqtisadi, həm də siyasi dividend götürməyi planlaşdırır. İqtisadi dividend budur ki, Ermənistan rəhbərliyi ölkəni qlobal nəqliyyat xabının əsas aktoruna çevirməyi və bu yolla böyük qazanca sahiblənməyi planlaşdırır. Siyasi dividend isə odur ki, mühüm yolların kəsişməsində yerləşəcək Ermənistan həm də həmin yolların işləməsinə maraq göstərən ölkələr qarşısında da müəyyən üstünlüyə yiyələnəcək. Yəni, baş nazir Nikol Paşinyan heç də əbəs yerə “Dünyanın kəsişməsi” ideyasını irəli sürmür.
Azərbaycanın mövqeyinə gəldikdə, ölkəmiz Naxçıvana maneəsiz yol olmayacağı təqdirdə, həmin yolun Ermənistan deyil, İran ərazisindən keçməsi üzərində dayanır. Nəticədə Ermənistan otuz il ərzində olduğu kimi, yenə təcrid durumunda qalır. Ən əsası, bu təcrid Qərbin Cənubi Qafqaz planlarını alt-üst edir. Qərb yaxşı anlayır ki, Ermənistanda 2018-ci il inqilabı ilə əldə edilmiş üstünlüyün qorunub saxlanılması vacibdir. Deməli, quyuya su tökməklə onun sulu olmayacağı barədə yetkin təsəvvür var. Buna görə də Ermənistanın özünü dolandıra bilən statusuna ehtiyac duyulur. Həmin ehtiyacın qarşılanmasında başlıca məsələ Naxçıvana yolun ölkədən keçməsidir. Qərb, o cümlədən ABŞ Azərbaycan – Ermənistan sülh sazişini məhz bu səbəbdən prioritet sayır. Daha doğrusu, Naxçıvana İrandan deyil, Ermənistan ərazisi kimi qeyd olunan dəhlizdən yolun keçməsi Qərbin mühüm sülh komponenti kimi çıxış edir. Məsələnin belə qoyuluşu isə Ermənistanın ərazi bütövlüyü və suverenliyi amilini ön plana çıxarır. Frankofoniya təşkilatının parlament assambleyası Alma-Atı Bəyannaməsi məntiqini məhz bu səbəbdən qabardır və rəsmi İrəvanın maraqlarının müdafiəsinə qalxır.
***
Sonda belə nəticəyə gələ bilərik ki, Frankofoniya təşkilatının parlament assambleyasının qətnaməsi Ermənistan tərəfindən irəli sürülmüş sülh gündəminin açıq və qapalı tərəflərinin qorunmasını rəhbər tutur. Yəni həm erməni xislətinin Qarabağ avantürasının davamını, həm də Ermənistan hakimiyyətinin sülhün öhdəliklərdən yayınma əzminin müdafiəsini. Frankofoniya təşkilatı müstəvisində “Mənim addımım” partiyasının, həmçinin qurumdan olan deputat Arman Yeqoyanın iştirakı isə gözdən pərdə asmaqdır. Əvvəldə də bildirdiyimiz kimi, səmimiyyətdən uzaqlıqdır. Necə deyərlər, dəvə başını samanlığa salıb, elə zənn edir ki, onu görən yoxdur. Hazırda Ermənistan hakimiyyəti bu vəziyyətdədir.
Ə.CAHANGİROĞLU
XQ