Azərbaycanın yeni sınağı: informasiya müharibəsinin “iç cəbhəsi”

post-img

III məqalə

Ya göründüyün kimi ol, ya ol­duğun kimi görün.

Mövlanə Cəlaləddin Rumi

“Kripto lulliçilik” və elm

İlk baxışdan hər bir vətəndaşın tarixi savaşın iştirakçısı olması fikri abstrakt məfhum təsiri bağışlaya bilər. Lakin müa­sir cəmiyyətlər haqqında mövcud olan elmi təsəvvürlərin bir özəlliyi prizmasında mənzərə tamamilə inandırıcı və praktiki məzmunu olan reallıq kimi görünür. 

Müasir elmi yanaşmalarda (Qərbdə formalaşmış F.Q.) belə bir metodoloji xüsusiyyət vardır: Ən kiçik ən böyük ola bilər. Bu, ümumiyyətlə, sosial həyatda proseslərin qeyri-xətti (“kiçik təsir kiçik nə­ticə, böyük təsir böyük nəticə verir” prinsi­pinin özünü doğrultmadığı situasiya) ma­hiyyətdə olması ilə bağlıdır. Onun məntiqi əsası isə əsrlərdir ki, Qərb fəlsəfi və elmi təfəkküründə hakim olan “fərqləndirmə” prinsipinə dayanır. 

Orta əsrlərdə Raymond Lulli qərblilə­rin fərqləndirmə təfəkkür qaydasını xristi­an dini düşüncəsi üçün ümumiləşdirərək belə bir tezis formalaşdırdı: “Dünyanın həqiqətləri xristianlıqdadır və bütün di­gər dinlər bunu qəbul etməlidirlər. Bunun üçün xristian alimlər məntiq, fəlsəfə və konkret elmlə dünya hadisələrini xristian həqiqətlərinin təsdiqi kimi öyrənməlidirlər. Bununla buddizm, iudaizm (yaxadut), İs­lam və başqa dinlər xristian həqiqətlərini elmi həqiqət kimi qəbul etməlidirlər!”

R.Lulli bu proqramın “kriptotəlimi”ni yaratdı. Orada hansı üsulla fəlsəfi və elmi təfəkkürün xristian həqiqətlərini elmi libas­da təqdim etməli olduğu göstərilmişdir (bu barədə Frensis Yeytsin tədqiqatı vardır). Lakin sonralar bu yanaşma, ümumiyyətlə, insanın elmi yanaşması kimi universallaş­dırıldı, maskalandı və təhlükəli təbliğat, təşviqat fenomeninə çevrildi. Avropanın məşhur filosoflarının yaradıcılığında bu kriptoluq ciddi yet tutur. 

Məsələn, М.Leybnitsin, F.Bekonun və ya R.Dekartın fikirlərinə bir qədər başqa bucaq altında baxanda “lulliçiliyi” görə bilərsən. Lakin bu mövqeni indi kimsəyə sübut etmək müşkül məsələdir. Buna baxmayaraq, məsələyə konkret informa­siya müharibəsi və ümumiyyətlə, müasir mərhələdə təbliğatın söykəndiyi məntiq pizmasında baxanda, bir sıra mühüm məqamlar aydın olur. 

Fərqlənənləri fərqləndir!

Yuxarıdakı qısa təsvir etməyə çalış­dığımız qərblilərin təfəkküründə baza tezisinin “fərqləndir” çağırışının olması əsrlərdir ki, bütün dünyada həlledici tə­sirə malikdir. Bu barədə P.Feyerabend, B.Anderson, O.Şpenqler, M.Maklüyen, F.Yeyts, P.Hatton, Q.D.Peyc və başqa­ları müxtəlif kontekstlərdə yazmışlar. XX əsrin ikinci yarısında isə ingilis riyaziyyat­çısı və mühəndisi Spenser Braun “forma” adlı məntiq yaratdı ki, bu da faktiki olaraq “fərqliliklərin fərqləndirilməsi” üsulunu elmi təfəkkürün mərkəzinə gətirdi. Sosial, siyasi və informasiya aspektlərində bu­nun mənası ondan ibarətdir ki, Qərb və digər sivilizasiyalar kökdən fərqlidirlər və indi bu fərqlilikləri yenidən fərqləndirmək lazımdır. Fərqlənənlərin ideologiya, təb­liğat, informasiya sferalarında yenidən fərqləndirilməsinin fəlsəfi bazasını R.De­kartın subyekt-obyekt bölgüsü təşkil edir. Yəni analiz etmək, bütövü parçalamaq, onu hissələrə ayırmaq üsulu ilə obyekt “adekvat” dərk oluna bilər. 

Buradan dərrakəli Qərb elm adamları maraqlı nəticə çıxarmışlar: Qərb fəlsə­fi-elmi təfəkkürü, ümumiyyətlə, parçala­yıcı, fərqləndirici, hissələri bir-birinə qarşı qoyan və bütövlükdə aqressiv hadisədir. Bundan M.Maklüyen “Qərb insanının özündənrazılığı, riyakarlığı”, O.Şpenq­ler “süqut edən sivilizasiya”, B.Anderson “fərqli mədəniyyətləri məhv edən yanaş­ma”, Q.D.Peyc “Qərb təfəkkürünə “öldür” səslənişi xasdır” kimi nəticələr çıxarmış­lar. 

Bu təfəkkür tərzini birbaşa sosial mühitə, dövlətlərarası münasibətlərə, fərqli mədəniyyətlərə proyeksiya etdik­də ümumi mənzərə aşağıdakı kimi olur: fərqlilikləri fərqləndir, toplumu hissələrə ayır, kiçiklə böyüyün yeri tərs olsun və bu əsasda özünə faydalı olan faktorları qabart. Daha da konkrertləşdirsək, hətta, ən kiçikləri elə böyüt ki, sənin marağına cavab versin! 

Əlbəttə, bu üsul açıq ifadə edilməz və onu həyata keçirmək üçün müxtəlif termi­noloji baza yaradılmışdır. Bu bazada “de­mokratiya”, “liberalizm”, “böyük dövlətin böyük maraqları təbiidir”, “böyük strategi­ya”, “insan haqları önəmlidir” və s. kimi anlayışlar vardır. Qərb dünyasına aid ol­mayan güclü dövlətlər isə bir qədər fərqli informasiya sahəsində fəaliyyət göstərir­lər. Məsələn, onlar üçün “Rus dünyası” və ya “Çin marağı” və s. kimi terminlər əhə­miyyətlidir. 

Bütün bunlar çox mürəkkəb olan təfəkkür situasiyasının informasiya müha­ribəsinə aid olan lokal bir qismidir. Əsas mənası belədir: təsir obyekti seçilən cə­miyyətdə fərqlilikləri yenidən fərqləndir­məyi alovlandırmaqla toplumda mövcud birliyi laxlatmaq, ən kiçikləri başa çıxart­maq və bununla sosial tarazlığı pozmaq, iqtidarla vətəndaş arasında qarşılıqlı inamsızlıq, legitimsizlik və hörmətsizlik yaratmaq və s. 

Belə bir yanaşma avtomatik olaraq hər bir fərdin sosial mühit üçün əhəmiy­yətini dəfələrlə artırır, çünki vurğulanan pozucu məqsədlərə çatmaq üçün hər bir fərdin “beyni və qəlbi” uğrunda mübarizə aparmaq lazım gəlir. Ona görə də indi istər Qərb, istər başqa məkanın güclü dövlətləri olsun, qarşı tərəfdə sosial təş­kilatlar, qeyri-hökumət təşkilatları, sosial klublar, vətəndaş birlikləri və digər lokal təşkilatlanma modellərindən istifadə edir­lər. 

Eyi zamanda, ara vuranlar bütün mə­suliyyəti hakimyyətin üstünə ataraq, ikiqat zərər verməyə çalışırlar. Birincisi, real vəziyyəti təhrif edirlər. İkincisi, vətəndaşı və bütövlükdə, toplumu dövlətin taleyin­dəki məsuliyyətli rolundan uzaqlaşdırırlar. Birtərəfli olaraq, iqtidarı hədəf göstər­məklə həm reallığı təhrif edirlər, həm də vətəndaşın ölkə üçün daşıdığı məsuliy­yətə kölgə salırlar. Bununla cəmiyyətdə abseintist əhval-ruhuyyəsi yaratmağa cəhd göstərirlər. Yəni vətəndaş öz dövlə­tinə, cəmiyyətinə laqeyd olur, onun məsu­liyyətini daşımalı olduğunu təsəvvür edə bilmir. 

Ara vuranların yaxın perspektivdə aradan qalxacağını gözləmək sadə­lövhlükdür, çünki yuxarıda göstərməyə çalışdığımız kimi, təməldə, ümumiyyət­lə, təfəkkürün işləmə tərzi, başqalarına yanaşma fəlsəfəsinin prinsipləri durur. Onların aradan qalxması perspektivi isə görünmür. Yenə də liderlik, ağalıq, gücü başqasına tətbiq etmək və s. planlar or­tadadır. Bu barədə dünyanın müxtəlif dövlətlərinin liderləri dəfələrlə müxtəlif kontekstlərdə açıq fikirlər söyləmişlər. Hə­min fikirlər sırasında “indi böyük dövlətlər gücə arxalanırlar”, “dünya 5-dən böyük­dür”, “güclü olan haqlıdır” və buna bənzər digər tezislər də vardır. 

Azərbaycan məsələsi

Bütün bunların işığında Azərbaycan məsələsinin regional və multiregional miqyaslarda böyük güclər üçün hansı anlama gəldiyini təsəvvür etmək çətin deyildir. Çünki Azərbaycan faktiki olaraq, dünya siyasətini belə silkələyən addım atdı. Azərbaycan Respublikası son dövr­də dünyaya göstərdi ki, ərazicə kiçik olsa da, siyasi-diplomatik potensialı və döv­lət qura bilmək mədəniyyəti yüksəkdir. Bu keyfiyyətdə regionun lideri ola bilər. Hətta multiregional miqyasda ciddi geo­siyasi güc səviyyəsinə yüksələ bilər. Bu­nun üçün Azərbaycan daxili birliyi təmin etmək iqtidarındadır. Onun başlıca üsulu multikultural dəyərlərə dayanan XXI əsrin tələblərinə uyğun toplum formaşlaşdır­maqla bağlıdır. Bununla Bakı güclü dina­mik cəmiyyət nümunəsi yaradır. 

Daxili birliyə söykənən multikultural siyasəti rəsmi Bakı regional və multiregi­onal miqyasda siyasi-mədəni birliyə pro­yeksiya edə bilir. Bunun nümunələri ki­fayət qədərdir. Son iki sammit – Astanada ŞƏT və Şuşada TDT tədbiri həmin tezisin əyani sübutudur. 

Deməli, Azərbaycan, faktiki ola­raq, yeni bir güc kimi əsrlərdir dünyanı “fərqləndirənlərin” Cənubi Qafqazı yeni “fərqləndirmələrindən” qoruyan faktora çevrilmişdir. Bu statusun miqyasını, po­tensialını və gücünü hər birimiz anlamalı­yıq! Dərk edib, Azərbaycana qarşı əl uza­danların əsl niyyətlərini adekvat təsəvvür etməliyik. Qəbul etməliyik ki, Azərbay­can məsələsi onun hər bir vətəndaşının məsələsidir! 

Elə bir məsələdir ki, bizim mənəviyya­tımızdan, ruhumuzdan, əxlaqımızdan, in­tellektual imkanlarımızdan və sosial fəa­liyyətindən istifadə edib, Cənubi Qafqazı yenidən “fərqləndirmə” qapalı dairəsinə salmağa çalışırlar. Bunun üçün bizim aramıza nifaq salmaq niyyətindədirlər. Deməli. hər birimizi özümüzdən soruşma­dan bu oyunun oyunçusu kimi görürlər. Ümid edirlər ki, azərbaycanlılar təxribata uyaraq özlərini məhv etməyə imkan ya­radacaqlar. Yəni siyasi və geosiyasi an­lamda Azərbaycan məsələsi real həyatda mənim, sənin, onun, hər bir azərbaycan­lının ölüm-qalım məsələsidir. Ləyaqətli və qanun əsasında yaşayıb-yaşamamaq məsələsidir. Bu məqamda çox önəmli bir məsələni vurğulamaq lazımdır.

Liderlik qüdrəti və inklüziv legitimlik

Məsələnin bu tərəfi indiki mərhələdə informasiya müharibəsində olduqca aktu­aldır. Çünki “fərqləndirənlər” yaxşı bilirlər ki, Azərbaycan Respublikasının dövlət kimi uğurlarının memarı Prezident İlham Əliyevdir. İlham Əliyev siyasi varislik ins­titutunun Cənubi Qafqazda səmərəli ola biləcəyini hər kəsə sübut etmiş liderdir. Bu, tarixi və siyasi baxımdan çox mühüm hadisədir. Çünki İlham Əliyev nümunəsi təsir potensialına görə yalnız Azərbay­can Respublikasının dövlət sərhədləri ilə məhdudlaşmır. Əks tərəfi İlham Əliyevin lider kimi regional və multiregional miq­yasda çox sayda dövlət, ölkə və toplum­ları bir araya gətirə biləcək potensiala malik olması rahatsız edir. Baxın, İlham Əliyev işğal altında olan əraziləri azad etdi və Azərbaycan cəmiyyətini birləşdir­di. Onun azərbaycanlı gəncləri vətənpər­vərlik, multikulturalizm, milliliklə bəşəriliyi özündə birləşdirən fərdlər ruhunda yetiş­dirdiyini hər kəs görür. 

İndi də görürlər ki, İlham Əliyev Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq geosiyasi məkanlarını siyasi anlamda bir araya gətirir. Çinlə strateji əməkdaşlıq qurmanın konkret müddaları­nı müzakirə edir, Rusiya ilə strateji müt­təifliqiyi təkmilləşdirir, Türkiyə ilə əlaqələri yeni səviyyəyə yüksəldir, İranla münasi­btələrin əsl dostluq və qardaşlıq müstəvi­sinə gətirilməsi üçün möhtəşəm addımlar atır, Gürcüstanla strateji tərəfdaşlığı daha da inkişaf etdirir. 

Bundan başqa, İlham Əliyev İsraillə də münasibətləri normal vəziyyətdə sax­lamaqla Fələstin məsələsində öz mövqe­yini açıq ifadə edir, Avropa Birliyi üzvləri ilə əməkdaşlığı enerji və milli təhlükəsiz­liklərin vəhdəti kontekstində inkişaf etdirir. Uzaq ABŞ belə, Azərbaycanla əməkdaş­lığın perspektivinə çox inanır. Afrikada müstəmləkə siyasətinin qurbanları nicat yolunu Azərbaycanla bir yerdə mübarizə aparmaqda görürlər. Fransa kimi güclü bir dövlət Azərbaycana bu prosesdə mane ola bilmir!

Bütün bunlar faktdır və eyni zamanda, Azərbaycana qarşı informasiya mühari­bəsini daha da alovlandıran faktorlardır. Çünki səmimi olmayan, öz marağı müstə­visində hər yerdə “fərqlilikləri fərqləndir­məklə” məşğul olmağı təfəkkürünün əsas işlək mexanizminə çevirənlər bu reallıqla­rı asan həzm etməzlər! Onlar çox müxtəlif üsullarla hər birimizin beyninə, qəlbinə və ürəyinə nüfuz edərək özümüzə qarşı şübhə oyatmağa çalışmaqdadırlar. Onlar azərbaycanlıları öz möhtəşəm liderlə­ri haqqında yanlış fikirdə olmağa təhrik edən qeyri-səmimi rəqiblərdir. Bu üsulla İlham Əliyevin liderliyinin inklüzivliyinə zərər verməyə çalışırlar! İndi aparılan in­formasiya savaşının geosiyasi “yükü” bu dərəcədə ağırdır!

Təsəvvür edin: Azərbaycan lideri qısa tarixi müddətdə dövləti, ölkəni, cəmiyyəti, regionu, bütövlükdə, Türk dünyasını ha­radan haraya gətirdi. Və bu proses eyni templə davam etsə, regional və qlobal miqyasda geosiyasi mənzərə necə dəyişə bilər? Yəni, sadə dillə desək: Azərbaycan bu yolla özünü, regionu və dünyanı hara aparır? Bizdə bu sual çox nikbin və kons­tgruktiv-yaradıcı əhval yaradır. Başqa cür fərqlənmə məntiqi görmək istəyənlər üçün isə məhşər yuxusudur. 

Bir də bu mövqedən Azərbaycanda aparılan informasiya savaşının “iç cəbhə­si”nə nəzər salın. Nələri görürsünüz? 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət