İyulun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində təşkilatın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Görüşdə Azərbaycan–NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən Ceyhun Bayramov COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.
Nazir Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktlarına diqqət çəkib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə də görüşüb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Bu il ölkəmizin COP29-a evsahibliyi etməsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini aktuallaşdırdığı vurğulanıb.
Söhbət zamanı, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən ətraflı bəhs olunub.
XQ