“Cənubu kəşf edək” etnoqrafik tədqiqatlar çərçivəsində Cəlilabad, Masallı və Yardımlı rayonlarına səfər təşkil olunub

post-img

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyi və “Artefakt Ovçuları” vətəndaş təşəbbüsü qrupu birgə əməkdaşlıq çərçivəsində etnoqrafik tədqiqatlar layihəsinin növbəti mərhələsini həyata keçirib. Layihə çərçivəsində Cəlilabad, Masallı və Yardımlı rayonlarının tarix-diyarşünaslıq muzeylərinə səfərlər təşkil olunub.

XQ xəbər verir ki, səfərlərin əsas məqsədi Azərbaycanın cənub bölgəsinin zəngin maddi-mədəni irsinin öyrənilməsi, sənədləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi, həmçinin gənc tədqiqatçılarda sahə araşdırmaları bacarıqlarının formalaşdırılması olub.

Rayon tarix-diyarşünaslıq muzeylərində nümayiş olunan eksponatlar bölgənin qədim tarixini, məişət mədəniyyətini və etnoqrafik xüsusiyyətlərini əks etdirir. Ekspozisiyalarda arxeoloji tapıntılar, qədim məişət əşyaları, sənətkarlıq nümunələri və daş plastika örnəkləri xüsusi yer tutur.

Xüsusilə, zoomorf qəbirüstü daşlar – qoç fiqurlu abidələr (qoçdaşlar) bölgənin qədim inanc sistemi, dünyagörüşü və estetik düşüncə tərzini əks etdirən mühüm etnoqrafik nümunələr kimi diqqət çəkib. Eyni zamanda türk tayfa damğaları ilə bəzədilmiş saxsı məmulatlar və digər arxeoloji materiallar da böyük maraq doğurub.

Yardımlı rayonunda sərgilənən daşlaşmış fosil və ammonit nümunələri isə ərazinin təkcə tarixi deyil, həm də zəngin geoloji və paleontoloji potensiala malik olduğunu göstərir.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində təqdim olunan etnoqrafik guşələr bölgənin təsərrüfat ənənələri – çəltikçilik, çayçılıq, arıçılıq irsi, həsirçilik və xalçaçılıq kimi sənət sahələri barədə geniş məlumat verir. Burada həmçinin ənənəvi ev mədəniyyəti, ailə münasibətlərini əks etdirən məişət əşyaları və xalq geyimləri xüsusi maraqla qarşılanıb.

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən XIX əsrə aid müqəddəs Olqa kilsəsi və Günəşli kəndindəki pravoslav kilsələri də səfər çərçivəsində ziyarət edilib. Bu abidələr bölgənin multikultural tarixi mühitini əks etdirən mühüm nümunələr kimi təqdim olunub.

Səfər zamanı tədqiqat iştirakçıları yolboyu kəndlərin məskunlaşma strukturu, ənənəvi ev tikililəri, təsərrüfat fəaliyyəti – qoyunçuluq, əkinçilik və çoban mədəniyyəti ilə bağlı müşahidələr aparıblar. Müşahidələr tədqiqat dəftərlərində qeydə alınıb.

Bununla yanaşı, yerli icma nümayəndələri və ağsaqqallarla görüşlər keçirilib, bölgənin adət-ənənələri, inancları və toponimləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Etnoqrafik turun sonunda t.ü.f.d., etnoqraf Günay Çapay və diyarşünas Sabit Coculu tərəfindən gənc iştirakçılarla birlikdə aparılan müşahidələr və ilkin tədqiqat nəticələri müzakirə edilib, onlara metodoloji istiqamətlər verilib.

Səfərlər bir daha göstərib ki, Azərbaycanın cənub bölgəsi olduqca zəngin və çoxqatlı mədəni irsə malikdir. Bu irsin sistemli şəkildə araşdırılması həm elmi baxımdan, həm də milli-mədəni yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.











Elm