Aprel ayında paytaxtın yeraltı nəqliyyat sistemində sərnişindaşıma göstəricilərində artım müşahidə olunub. Bakı Metropoliteni QSC tərəfindən açıqlanan məlumata əsasən, ay ərzində metro xidmətlərindən ümumilikdə 20 milyon 510 min 29 sərnişin istifadə edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,11 faiz çoxdur.
Statistikaya görə, ay ərzində ən çox sərnişin qəbul edən stansiya Koroğlu metro stansiyası olub. Həmin stansiyadan 1 milyon 824 min 773 nəfər istifadə edib.
2026-cı ilin ilk 4 ayının göstəriciləri də sərnişin axınının yüksək dinamikasını təsdiqləyir. Belə ki, ən çox sərnişin daşınan günlərin ilk üçlüyündə iki tarix məhz aprel ayına təsadüf edir. Aprelin 3-də 819 min 536, aprelin 2-də isə 802 min 283 sərnişin metrodan istifadə edib. Siyahıda ikinci yeri fevralın 18-i tutur – həmin gün 818 min 376 nəfər sərnişin daşınıb.
Eyni zamanda, nağdsız ödənişlərdə artım tendensiyası davam edir. Hesabata əsasən, NFC texnologiyası vasitəsilə ödəniş edən sərnişinlərin sayı 8 milyon 57 min 376 nəfərə çatıb ki, bu da ümumi ödənişli sərnişinlərin 40,3 faizini təşkil edir.
Bununla yanaşı, “Əlçatan metro” xidməti çərçivəsində həyata keçirilən sifarişlərin sayında da artım qeydə alınıb. Aprel ayında bu xidmət üzrə 236 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz çoxdur.
XQ

