“Hamı hədiyyədən də razı qalmışdı, Nizami Gəncəvini də tanımışdı”
“1977-ci ildə Tunisdə keçirilən yeniyetmələr arasında birinci Dünya çempionatında mənə SSRİ hakimlərini təmsil etmək kimi yüksək etimad göstərilmişdi. Çempionatda ilk görüşüm Mərakeş–Suriya qarşılaşması oldu. Oyunu yaxşı keçirdim.
Argentina–Avstriya görüşünü də idarə etdikdən sonra məni çempionatın mərkəzi matçlarından olan Tunis–İspaniya görüşünə hakim təyin etdilər. Bu, zalda elan olunanda alqış sədaları qopdu. Çox təəccübləndim, görəsən, alqışlar nəyə görədir. Demə, məni alqışlayanlar tunisli həmkarlarım imiş. Onlar istəyirmişlər ki, Tunis–İspaniya görüşünü məhz mən idarə edim. Nəyə görə? Bilmirəm. Yəqin, məni özlərininki hesab edirlərmiş.
Bu oyun ərəfəsində bir unudulmaz hadisə baş verdi. Tunisli hakimlərdən birinin toyu idi. Toya məni də dəvət etdilər. Dəvəti minnətdarlıq hissi ilə qəbul edib, axşam həmkarlarımla birlikdə toya getdim. Özümlə yaxşı bir hədiyyə də apardım. Hələ bir neçə il əvvəl Gəncədə yerli “Dinamo”nun oyununu idarə edərkən orada mənə üstündə Nizami Gəncəvinin şəkli olan gözəl xalça bağışlamışdılar. İndi həmin xalçanı Tunisə aparmışdım. Bu lap yerinə düşmüşdü. Axşam toyda xalçanı açıb, hədiyyəni təqdim edəndə hər yanı alqış sədaları bürüdü. Hamı hədiyyədən də razı qalmışdı, Nizami Gəncəvini də tanımışdı.
Bu toyun bir qəribə cəhəti də var idi. Tunis toylarında qonaqlar oturmurlar. Hamı 10-15 nəfər qrup halında dayanır və şənlənir. Bizim hakimlər qrupunda tamada olmağı gözlənilmədən mənə təklif etdilər. Deyəsən, bu işin öhdəsindən pis gəlmədim. Hiss edirdim ki, həmkarlarım öz doğma dilimdə dediyim sağlıqları başa düşməsələr də, səmimi qarşılayırlar.
Toyun bir əlamətdar cəhəti də bu idi ki, bəylə gəlin əslində gül-çiçək içində itib-batmışdılar. Ancaq qonaqlardan fərqli olaraq, onlar oturmuşdular. Sağlarında və sollarında isə iki-üç dəstə çalğıçı və xanəndə dayanmışdı. Bax, beləcə, toy çox maraqlı keçdi...”.
“95 min tamaşaçı, üstəlik də Şelest və onun “komandası”
"1968-ci il mövsümündə ilk oyunlarım Moskvada oldu: “Lokomotiv”–“Torpedo” Kutaisi, OMİK–"Zarya". Sonra isə gözlənilmədən təkcə turun yox, bütün çempionatın əsas görüşlərindən biri sayılan “Dinamo” Kiyev–“Torpedo” Moskva matçına dəvət aldım. Mən bunu eşidəndə qulaqlarıma inanmadım, çünki çox prinsipial oyun idi.
Köməkçilərim R.Adıgözəlov və Ə.Nağıbəyovla birlikdə Ukrayna paytaxtına gəldim. O zaman hər iki komandanın heyətində E.Streltsov, V.Bannikov, V.Turyançik, A.Bışovets, A.Puzaç, A.Kavazaşvıli, M.Gerşkoviç, D.Pais, İ.Sabo kimi məşhur futbolçular çıxış edirdilər. Oyunun inspektoru N.Latışev idi.Stadiona 95 min nəfəfə qədər tamaşaçı toplaşmışdı. Onlar buraya əsl bayram əhvali-ruhiyyəsi ilə gəlmişdilər. Biz meydançaya çıxdıqda tribunalarda elə bir uğultu qopdu ki... Əvvəlcədən mənə dedikləri kimi Sov.İKP MK Siyasi Bürosunun üzvü, Ukrayna KP MK-nın birinci katibi Şelest və respublikanın digər rəhbərləri mərkəzi tribunada idilər. 95 min tamaşaçı, üstəlik də, Şelest və onun “komandası”. Bundan sonra dizlərin necə əsməsin?! Meydançaya çıxanda yenə də rəhmətlik anam ın mənə bağışladığı Quranı öpüb, cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi.
Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov gözəl zərbə ilə hesabı açdı və birinci hissə torpedoçuların xeyrinə başa çatdı. Fasilədən sonra dinamoçular bu qolun nəinki əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə daha bir dəqiq zərbə ilə hesabda irəli çıxdılar. Hər iki qolun müəllifi Bışovets oldu.
Lakin görüşdən sonra məni məyusluq gözləyirdi. Nə üçün? Bu suala “Sovetski sport”un futbol icmalçısı Oleq Kuçerenkonun matçdan sonra dərc etdirdiyi qeydlərdə aydın cavab almaq olardı: "İkinci hissənin əvvəlində dinamoçuların qapısı ağzında kəskin vəziyyət yaranan zaman bir neçə oyunçu yıxıldı. Hakim haqlı olaraq bildirdi ki, qaydaları torpedoçular pozmuşlar. Sabo isə bundan sonra topu əlinə götürüb, onu var gücü ilə yerə yıxılmış, buna görə də müdafiəsiz qalmış moskvalı oyunçulara vurdu. E.Əzimzadə Sabonu yalnız yüngülcə məzəmmət etdi. Sabo, görünür, hakimin əhvali-ruhiyyəsindən istifadə edərək oyunun axırına yaxın özünü daha intizamsız apardı. Şalimov sağ cinahla hücum zamanı iki dinamoçu ilə toqquşduqdan və hakim moskvalının günahkar olduğunu bildirdikdən sonra Sabo topu əlinə götürüb, Şalimova yanaşdı və var gücü ilə ona vurdu. Torpedoçu ona qarşı kobudluq edən futbolçuya tərəf getdi. Bəs hakim? O, Şalimova öyüd-nəsihət verməyə başladı. Dərhal meydançadan qovulmalı olan Sabo isə cəzasız qaldı...”.
Bu sətirlərlə razılaşmaya bilmərəm. Həqiqətən, Sabo kobud oynamışdı və buna görə onu meydançadan çıxarmalı idim. Mənə baha başa gələn həmin səhvi indiyə qədər unutmamışam, öz günahımı yumşaltmaq fikrində də deyiləm. Bu oyundan sonra məni altı ay müddətinə güclülər dəstəsi komandalarının görüşlərinə hakimlikdən uzaqlaşdırdılar.
Nəhayət, cəza müddəti başa çatdı və yenidən Moskvada OMİK-lə “Zarya”nın oyununu idarə etmək mənə həvalə olundu. Köməkçilərim isə Avropada tanınan leninqradlı beynəlxalq dərəcəli hakim Ənvər Zverev və suxumili Anatoli Milçenko idilər. Allahın köməyilə bu görüşü dəqiq idarə edib əla qiymət aldım”.
...Azərbaycan futbolunun 115 illik yubileyi ilində oxuculara təqdim etdiyimiz hər iki yazı mərhum hakimimiz, Tofiq Bəhramovdan sonra FİFA hakimlərinin Azərbaycanda ikinci səlahiyyətli nümayəndəsi, 3 dəfə – 1979, 1980 və 1982-ci illərdə SSRİ-nin ən yaxşı hakimi, – istər milli komandalar, istərsə də klublar səviyyəsində neçə-neçə rəsmi beynəlxalq görüşün, o cümlədən Moskva Olimpiadası 80-də Çexoslovakiya–ADR final oyununun (1:0) baş hakimi Eldar Əzimzadənin 1998-ci ildə nəşr etdirdiyi “Məhəbbətim mənim–futbol” kitabından götürülmüşdür.
Dünya şöhrətli hakimin bu qeydləri maraqla qarşılanan unudulmaz xatirələrdir. Mayın 25-də anadan olmasının 92-ci ili tamam olacaq E.Əzimzadə futbola böyük məhəbbəti ilə belə səhifələrdən çox yazıb.
Təqdim etdi:
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

